CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O, bir neçə yerdə işləyib ailəsini dolandırır - Məhdudiyyətlə barışmayan iki uşaq atası

© Sputnik / Nigar IskanderovaRizvan Mehdiyev
Rizvan Mehdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Əslində ona fiziki məhdudiyyətli demək də düzgün deyil, çünki alın təri ilə işləyib ailəsini dolandırır, kiməsə möhtac olmur

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Bəzən sağlam birisi “əlacsızam, şikəstəm, çarəsizəm” deyib əl açaraq dilənir. Belələri çoxumuzda haqlı ikrah hissi yaradır. Axı sağlam ola-ola əl açanlara, işləmək əvəzinə dilənməyi üstün tutanlara, asan qazanc naminə qarşısındakını aldatmağa çalışanlara necə normal münasibət bəsləmək olar?

Nə yaxşı ki, dünya tək belələrindən ibarət deyil. "Mən əngəlliyəm", "baxanım yoxdur" deyənlərdən fərqli olaraq, qəhrəmanımız Rizvan Mehdiyev “daşdan da pul çıxardır” desək, yanılmarıq. O, Qafqaz Müsəlmanları İdarəsində və bir neçə başqa yerdə işləməklə, hətta taxta yonub quş yuvası düzəltməklə də ailəsini dolandırır. Sputnik Azərbaycan-ın əməkdaşı iki övlad sahibi olan Rizvan Mehdiyevin hekayəsini nəql edir.

© Sputnik / Nigar IskanderovaRizvan Mehdiyev
O, bir neçə yerdə işləyib ailəsini dolandırır - Məhdudiyyətlə barışmayan iki uşaq atası - Sputnik Azərbaycan
Rizvan Mehdiyev

- Oxucularımıza həyat hekayəniz, ailəniz, işiniz və bu məhdudiyyətin yaranma səbəbi barədə məlumat verərdiniz.

- 1986-cı ildə anadan olmuşam. Doğulanda əzildiyim üçün ölümlə üz-üzə qalmışam. Anam deyir ki, bu zaman həkimlər boynumdakı damara iynə vurmaqla məni yenidən həyata qaytarmağa nail olublar. Doğulanda əzilərək boynumdan zədə aldığım üçün həkimlər mənə serebral iflic diaqnozu qoyublar. O zaman bir çoxları, elə qohumlar da anama məni atmağı məsləhət görüblərmiş. Amma anam elə 7 günlüyümdən məni qoynuna alaraq xəstəxanaları gəzib, Bakıda və Moskvada müxtəlif həkimlərə aparıb.

- Həkimlər nə deyiblər?

- O zaman Bakıda belə xəstələri müalicə etmək üçün yaxşı şərait olmayıb. Moskvada isə müxtəlif aparatlarla beynimi yoxladıqdan sonra həkimlər valideynlərimə çox sağlam beyinə sahib olduğumu deyiblər.

- Təhsilinizi harada almışınız?

- 8 yaşında ikən gəzməyə başlamışam. Onadək məhdudiyyətimi başa düşmürdüm. Artıq azca da olsa, özümü dərk edəndən təhsil almağa başladım. Amma yaşıdlarımdan fərqli olaraq məktəbdə gedə bilmədim, 11 il evdə təhsil aldım. Valideynlərim uşaqlar məktəbdə qaçışarkən məni vurub yıxa biləcəklərindən ehtiyat edirdilər. Amma bu o demək deyildi ki, onlar məni cəmiyyətdən təcrid edirdilər. Əsla! Hətta uşaq ikən çölə çıxmaq istəməyəndə belə anam məni qoluna alıb çölə aparardı ki, cəmiyyətdən təcrid olunmayım. Amma uşaqlar küçədə “əyriayaq” deyib məni lağa qoyur, xəstə adlandırar, anaları isə qulaqlarını çəkib "kış-kış" edərdilər. Belə olanda bəzən özümə qapanırdım. Amma anam hər dəfə deyirdi ki, sən xəstə deyilsən, insanın beyni, ürəyi sağlamdırsa, o xəstə ola bilməz.

- Ali təhsiliniz necə, varmı?

- Ali məktəbə qəbul olunmaq üçün bir müddət hazırlaşdım. Hətta imtahana da getdim. Amma imtahanın nəticələrini öyrənmədim. Çünki imtahan verərkən uşaqların mənə qəribə baxışlarla baxması artıq məndə yenidən komplekslər yaratmışdı.

© Sputnik / Nigar IskanderovaRizvan Mehdiyev
O, bir neçə yerdə işləyib ailəsini dolandırır - Məhdudiyyətlə barışmayan iki uşaq atası - Sputnik Azərbaycan
Rizvan Mehdiyev

- Necə oldu ki, taxta ilə belə gözəl əl işləri yaratmağa bu peşəyə maraq göstərdiniz?

- Ümumiyyətlə, uşaq vaxtından nəsə düzüb-qoşmağa, texnikaya, konstruksiyaya böyük marağım vardı. Hər zaman beynimdə nələrsə düşünərək onu reallaşdırmağa çalışmışam. Quşlara böyük sevgim var. Övladlarım dünyaya gələnədək evdə müxtəlif quşlardan saxlamışam. Uşaqlarda allergiya yaranacağından qorxduğum üçün onları dostlarıma bağışladım. Qazanc üçün quş yuvaları hazırlayıb satıram. Bəzən 30-50 ədədlik sifarişlərim də olub. Əvvəllər bu cür sifarişlər daha çox qəbul edirdim. Lakin artıq müxtəlif saytların admini kimi çalışdığım üçün bir o qədər də sifariş qəbul etmirəm.

- Ailəniz dolanışığınız haqda da məlumat verərdiniz.

- Artıq 4 ildir ki, ailə həyatı qurmuşam. İki övladım var. Ümumilikdə isə aylıq gəlirlərim 400-500 manat civarında olur. Hər zaman çalışmışam ki, ailəmə yük olmayım. Çünki onsuz da valideynlərim məni zülmlə böyüdüblər. Bundan sonra onlara yük olmaq istəmərəm. Ona görə də bacara biləcəyim müxtəlif işlərin qulpunda yapışaraq evimə çörəkpulu gətirmişəm. İkinci qrup əlil olduğum üçün aylıq 130 manat təqaüd alıram.

© Sputnik / Nigar IskanderovaRizvan Mehdiyev
O, bir neçə yerdə işləyib ailəsini dolandırır - Məhdudiyyətlə barışmayan iki uşaq atası - Sputnik Azərbaycan
Rizvan Mehdiyev

- Yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşım anamın dayısının nəvəsidir. Onun heç bir fiziki məhdudiyyəti yoxdur. Ailə həyatı qurmaq üçün qohumlarımız bizi bir araya gətirdi. Ailəvi olaraq ilk tanışlıq elə bizim evdə baş tutdu. Həmin günü bilərəkdən evə gec gəldim ki, qapıdan içəri girməyimi, yerişimi görsünlər. Yəni sabah deməsinlər ki, biz səni başqa cür görmüşdük. Yoldaşım həmin görüşdə məni çox bəyənmişdi.

- Aranızda neçə yaş fərq var?

- Aramızda 5 yaşlıq fərq var. Bir-birimizi çox yaxşı başa düşürük, elə bir sıxıntımız olmur. Hər gün işdən evə gəlib bir az dincəlib sonra da uşaqlarımı, yoldaşımı götürüb mağazadan alış-veriş edir, parkda gəzirik.

Qeyd edək ki, həmsöhbətimiz Məşhəd ziyarətinə gedib, "Ərbəyin" mərasiminə isə arabasız, ayaqla qatılıb.

Xəbər lenti
0