11:51 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Dönər, arxiv şəkli

Bir manata satılan zəhər: Həm qiymət şübhəlidir, həm keyfiyyət

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1113 0 0

Ucuz ətin şorbası olmaz, yaxud da sahibkarların növbəti kələyi

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə paytaxtda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib. Belə ki, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bu cür arzuolunmaz halların baş verməsinə səbəb isə ucuz rəqabətdir. Bazarda özünə daha çox alıcı cəlb etmək istəyən sahibkarlar məhsullarını satmaq, bəzən isə alıcıya sırımaq üçün müxtəlif kampaniyalardan, təqdimat vasitələrindən istifadə edirlər. 

Təcili tibbi yardım avtomobili
© Sputnik / Murad Orujov
Qiymətin aşağı olmasına baxmayaraq, satıcıların əlavə bonus kimi ayran, içki verməsi də alıcılıq qabiliyyətini daha da artırır. Bu da sual yaradır: Necə olur ki, ucuz dönərin yanında əlavə bonus da olur? Bəs o sahibkar nə qazanır, necə qazanır?

Ümumiyyətlə, dönərxanalardakı qiymətləri öyrənmək üçün metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında fəaliyyət göstərən bir neçə dönərxanaya baş çəkdik. Kiçik araşdırma zamanı həmin ərazidə lavaş və çörəkarası dönərin qiymətinin 1-1.50 manat arasında dəyişildiyi bəlli oldu.

Bazarda satılan ətin kilosunun 11-12 manat arasında dəyişdiyi halda (sümüksüz ət 14-15 manatdır), 1 manata satılan dönər ətinin hansı keyfiyyətə cavab verməsi isə əsl tapmacaya çevrilib. Təklif olunan məhsulun hansı ətdən hazırlanması ilə bağlı verdiyimiz suala cavab olaraq isə satıcılardan biri bildirib ki, onlar yalnız toyuq ətindən dönər hazırlayırlar. Satıcı qanuni fəaliyyətlə məşğul olduqlarını və bunun üçün onlara lisenziya verildiyini deyərək bizə kağız da təqdim etdi.

Dönərin qiymətini 1 manata təklif etməklə daha çox alıcı cəlb edə bilən satıcı deyir ki, bu vaxtadək satdıqları məhsullardan zəhərlənmə ilə bağlı hansısa şikayət olmayıb: “Bu vaxtadək bizdən dönər alan alıcılar arasında zəhərlənmə hadisəsi baş verməyib. Belə bir hal baş versəydi, o zaman biz burada işləməzdik. Satdığımız məhsul da keyfiyyətlərə cavab verir”.

Amma faktlar başqa şeyi deyir. Bazarda toyuq əti ilə yanaşı, ucuz qırmızı ət dönəri də satılır. Ucuz dönər satan dönərxanaların çoxunda antisanitariya hökm sürür. Gətirilən ətlərin mənşəyi bilinmir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili Sputnik Azərbaycan-a açıqlamasında bu məsələyə toxunaraq qida təhlükəsizliyi ilə bağlı hazırlanan müvafiq qanun layihəsindən söz açıb: “Qiymətlərin süni olaraq aşağı salınması, yaxud da qaldırılması ilə bağlı olan məsələlər müvafiq dövlət orqanlarının nəzarətindədir. Bundan başqa artıq qida təhlükəsizliyi ilə bağlı qanun da hazırlanmaq üzrədir. Qeyd etdiyim qanun layihəsində əsas diqqət satılan qidaların təhlükəsizliyinə, yaxud da sanitar gigiyena qaydalarına əməl edilməsinə və idarəetmədə çevik və müasir texnologiyaların tətbiqinə yönəlib”.

“Bu gün qidanın təhlükəsizliyi hamımız üçün önəmli məsələlərdən biridir. Bu səbəbdən də qida təhlükəsizliyi sosial məsələ hesab edilir. Düşünürəm ki, həmin qanun layihəsinin qəbul edilməsi bu istiqamətdə yarana biləcək bir sıra problemlərin qarşısını ala biləcək” - deyə həmsöhbətimiz əlavə edib.

Qiymətlərlə bağlı danışan T.Mirkişili bildirib ki, bazar iqtisadiyyatında yaşadığımız üçün hər bir sahibkar azad olaraq istədiyi qiyməti təyin edə bilir. Millət vəkili təhlükəsizlik üçün bəzi nüanslara diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “İstehlakçı məhsulun istehsal tarixi və son istismar müddəti, bundan başqa, istehsalçısı haqda da məlumatlı olmalıdırlar. Çünki bu gün qida məsələləri ilə bağlı dünyada böyük narahatlıqlar var. Bu narahatlıqların da böyük hissəsi məhsulun tərkibi, istehsalçısı, sağlamlığa vura biləcək zərər və GMO ilə bağlıdır”.

“Keyfiyyətsiz qidadan qaçmaq lazımdır. Çünki keyfiyyətsiz qidanın yarada biləcəyi zərər həqiqətən də böyük vahimə yaradır” - deyə millət vəkili əlavə edib.

Dönərxanalar və onların təqdim etdiyi məhsulların keyfiyyəti ilə bağlı buna birbaşa cavabdeh olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu yollasaq da, agentliyin əməkdaşları “danışmaq gümüşdürsə, danışmamaq qızıldır” məsəlini əldə rəhbər tutaraq, müdrikcəsinə susmağa üstünlük verdilər...

Bakıda isə hələdə 1 manata “Dönər+ayran” satmaqda davam edirlər.

Əsas mövzular