11:59 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Zorakılıq, arxiv şəkli

"Azərbaycanda qətlə yetirilən qadınların 55 faizi ailə üzvləri tərəfindən öldürülüb"

CC BY 2.0 / Tanjila Ahmed / Take me
CƏMİYYƏT
Qısa URL
48 0 0

Qanna Qerasimenko: "Qadınlara qarşı zorakılığa qarşı adekvat cavab tədbirlərinin görülməsinə, o cümlədən cinayətlərin araşdırılması, mühafizə ordenlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsait sərf olunduğunu ehtimal etmək olar"

BAKI, 23 may — Sputnik. "2017-ci ildə zorakılığa məruz qalma ehtimalı olan qadınların sayı 211 min 800 nəfər təşkil edə bilərdi. Qadınlara qarşı zorakılıöın latentlik səviyyəsini nəzərə almaqla qeyd edə bilərik ki, həmin ildə Azərbaycanda qadınlara qarşı zorakılığın məcmu iqtisadi xərcləri 764 milyon ABŞ dollarına, yəni ölkənin Ümum Daxili Məhsulunun 1.8 faizinə bərabərdir. Bu xərclər isə, təqribi olaraq rəsmi şəkildə qeydə alınmış qadınlara qarşı zorakılıq hallarının iqtisadi ekvivalentindən, yəni 2.8 milyon ABŞ dollarından 200 dəfə daha çoxdur".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko bu gün "Azərbaycanda  qadına qarşı zorakılığın iqtisadi nəticələri" mövzusunda keçirilən mətbuat konfransında danışıb. O, 7-70 yaşlı 200 qadın arasında aparılan sorğunun nəticələrinə əsasən belə qənaətə gəldiyini bildirib.

"Nəticələrə əsasən, 2017-ci ildə qadınlara qarşı zorakılığa cavab olaraq göstərilən xidmətlərin ümumi dəyəri 11.8 milyon ABŞ dollarına qədər ola bilərdi. Qadınlara qarşı zorakılıqdan zərərçəkənlərə göstərilmiş tibbi xidmətlərin dəyəri 9.8 milyon ABŞ dollarına çata bilərdi. Hüquq-mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılığa qarşı adekvat cavab tədbirlərinin görülməsinə, o cümlədən cinayətlərin araşdırılması, mühafizə ordenlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsait sərf olunduğunu ehtimal etmək olar", - deyə iqtisadçı əlavə edib.

Azərbaycanda  qadına qarşı zorakılığın iqtisadi nəticələri mövzusunda keçirilən mətbuat konfransı
© Sputnik / Nigar Maharram.
"Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" mövzusunda keçirilən mətbuat konfransı

Qerasimenko sorğuda iştirak edən qadınların təəssüratlarından da söz açıb: "Sorğuda iştirak edən qadınlardan biri dedi ki, çəkdiyim əzab-əziyyət pulla ölçülməz. Onlar həyatlarının alt-üst olduğunu bildiriblər. Sorğuda iştirak edən qadınların 61 faizi qeyd edib ki, dəymiş zərəri özləri qarşılayıb. Belə qadınların yalnız 6 faizi bildirib ki, dəymiş zərər ailəsi, birgə yaşadığı şəxs tərəfindən qarşılanıb".

"Onların 5 faizi ömürlük əlil olduqlarını söyləyib. 76 faizinin isə məruz qaldığı zorakılıqla əlaqədar olaraq ev işlərinin görülməsi üçün köməyə, qulluqçuya ehtiyacı yaranıb. Bu da həmin şəxsin büdcəsinə zərər, əlavə iqtisadi xərcdir" - mütəxəssis vurğulayıb.

"Sorğunun nəticələrinə əsasən demək olar ki, 2017-ci ildə cinayət əməlinin qurbanı olan qadınların sayı 130 min, cinsi zorakılığa məruz qalanların sayı 80 min, müxtəlif dərəcəli bədən xəsarəti alan qadınların sayı isə, təxminən 60 min nəfər ola bilərdi. Statistikalar göstərir ki, Azərbaycanda qətlə yetirilən qadınlarınn 55 faizi, məhz ailə üzvləri tərəfindən öldürülüb" - deyə Q.Qerasimenko əlavə edib.

Tədbirdə çıxış edən millət vəkili Aqiyə Naxçıvanlı isə, qadın zorakılığının vaxtında aşkarlanması üçün "qaynar xətt"in yaradılması ilə bağlı Milli Məclisdə məsələ qaldırdığını deyib: "Bu gün Norveç, İsveç kimi ölkələrlə yanaşı, Azərbaycanda da belə bir komitənin yaradılmasına ehtiyac var. Bu "qaynar xətt" vasitəsilə qadınlar, həmçinin hüquqları haqda da məlumat almış olarlar".

O, sığınacaqlarla bağlı da danışıb: "Zorakılığa məruz qalmış qadınlar üçün sığınacaqların da yaradılması prioritet məsələlərdən biridir. Bu hesabatda, həmçinin sığınacaqların yaradılması və fəaliyyəti üçün nə qədər vəsaitin tələb olunması göstərilməli idi".

Əsas mövzular