06:53 17 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Velosiped sürən qız, arxiv şəkli

Cəngəllikdə ov davam edir: Bizi hər döngədə təhlükə gözləyir

CC0 / Pexels / girl
CƏMİYYƏT
Qısa URL
858240

Velosipedsevərlər Bakıda velosipedlər üçün zolaqların və velodayanacaqların nəzərdə tutulmasının tələb edirlər

Kamilla Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Cəmi üç ay maşın sürmək mənim üçün kifayət elədi. Sinir hüceyrələrim hələ də bərpa olunmur. Mən yekun qərarımı verdim və maşını satdım. Düzdür, piyada gəzmək daha çox xoşuma gəlir. Son zamanlar başa düşürəm ki, bu, nəinki təkcə faydalıdır, həm də müəyyən qədər vaxta qənaətdir.

Прогулка по Берлину
Sputnik. Севда Бабаева

Dostlarım isə mənə məsləhət görürlər ki, velosiped alım, baxmayaraq ki, Bakı velosipedçilər üçün heç də əlverişli yer deyil. Daha bir stress: mənə elə gəlir ki, şəhərə istənilən səyahət cəngəllikdə ovu xatırladır - hər bir döngədə təhlükə gözləyir və bir an belə sayıqlığı itirmək olmaz.

Bir dəfə velosiped sürməkdə peşəkar olan bir velosipedsevərlərlə görüşərkən, fürsəti fövtə vermədim. "İkitəkərli at" sürücülərinə yaxşı xəbərim var idi - yaxın illərdə ölkədə velosipedlərin hərəkəti üçün zolaqlar probleminin həlli planlaşdırılır. Bakı Nəqliyyat Agentliyinə avtomobil yollarında və küçə-yol sistemində velosipedçilər üçün zolaqların və velodayanacaqların ayrılması həvalə edilib. Və bu yenilik hətta məni də ilhamlandırdı.

Bakı velosipedsevərlərinin yollarını kim bağlayır?

Ümumiyyətlə, velosiped əla nəqliyyat vasitəsidir. Düzdür, mən bu nəqliyyat növündən daha çox Avropanın şəhərlərində olanda istifadə edirəm. Onu kirayə götürür və sakitcə şəhəri dolaşıram. Bakıda isə bu işin peşəkarı olmağa və yollarda velosiped sürməyi öyrənməyə imkan yoxdur.

"Bizə təklif edirlər ki, avtomobil yolları ilə hərəkət edək. Amma bu, praktiki olaraq mümkün deyil. Belə olan halda hansısa avtomobilin təkərləri altına düşmək təhlükəsi böyükdür" - deyə velosipedsevər Pərviz İlyasov bildirir.

Piyada və sürücü mədəniyyətinin olmaması da bir başqa problemdir. Sürücülər bəzən öz avtomobillərini səkilərdə saxlayırlar və piyadalar haradan gedəcəklərini bilmirlər. Təsəvvür edin ki, burada həm də velosipedçilər peyda olur...

"Şəhərdə təkcə velosiped zolaqları deyil, velosiped mədəniyyəti də olmalıdır. Biz başqalarına söz deməkdən qorxmamalıyıq. Yəni nəzakətlə demək hüququmuz olmalıdır ki, ay qardaş, ay bacı, belə etmək yaxşı deyil, sən maşını belə sürməklə ancaq özünü deyil, məni də təhlükəyə atırsan, biz toqquşsa bilərik və sənin ucbatından mən xəsarət ala bilərəm" - deyə peşəkar velosipedçi Renato Rakoviç bildirir.

Eyni zamanda velosipedçilər dəfələrlə piyadalardan eşidirlər: "Cavan oğlan, velosipedçilər öz yolları ilə getməlidirlər!" Eyni zamanda velosipedçilər avtomobil sürücülərinin narazı nəzərləri ilə qarşılaşırlar. Sürücülər velosipedi görməməzliyə vuraraq onlara yol verməməyə çalışırlar. Gəlin düzünü deyək: bizim cəmiyyət, yol hərəkəti qaydaları və mövcud şərtlər velosipedçiləri özlərini müdafiə olunmuş və yol hərəkətinin tamhüquqlu iştirakçısı kimi hiss etməyə imkan vermirlər.

Velosiped, avtobus, metro, yoxsa...

Peşəkar velosipedçi, velosipedçilərin bir neçə klubunun və hərəkatının iştirakçısı, İT üzrə mütəxəssis və aparıcı banklardan birinin işçisi olan Renato Rakoviç bu gün velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edir. O, öz ömrünün hər bir dəqiqəsinə dəyər verir və ictimai nəqliyyatla işə gedib-gəlməyi vaxt itkisi sayır.

"Velosiped mənim həyatıma 6-7 yaşımda gəlib. Velosipeddən nəqliyyat kimi istifadə edənə qədər mən hər gün ictimai nəqliyyatda 30 dəqiqə vaxt itirirdim və heç də həmişə işə vaxtında çatmırdım. Bulvar ərazisində sürməyi öyrəndim. Bunun üçün səhər tezdən yuxudan durmaq lazım gəlirdi ki, sahildəki adamlara mane olmayım və avtomobil sahibləri ilə toqquşmayım. Və tədricən təcrübə topladım. İndi isə özümü istənilən magistralda əmin hiss edirəm. Amma bu o demək deyil ki, özümü tamamilə təhlükəsiz hiss edirəm. Bəli, mənim yaxşı mühərrikli velosipedim var. Onun sayəsində mən saatda 30 km məsafəni qət edə bilirəm. Bu, saatlarla tıxacda qalmaqdan yaxşıdır. Çünki velosipedlə hərəkət edərkən avtomobil və ictimai nəqliyyatda olduğu kimi tıxacda qalmaq problemin olmur. Mən dəbilqəsiz yola çıxmıram və yollarda istənilən problemin öhdəsindən gəlirəm. Amma sual yaranır ki, mən niyə bu problemlərlə üzləşməliyəm? Nəzərə alın ki, mən peşəkaram, bəs həvəskarlar nə etsin? Şəhərdə açıq-aşkar velosiped zolaqları çatışmır" - deyə Rakoviç bildirir.

Velosiped ustası və şəhərə velosipedlə çıxmaq həvəskarı olan Pərviz İlyasov isə iki təkər üzərində hərəkət etməkdən vaz keçib, baxmayaraq ki, özü bir dəfə də olsun təhlükə ilə üzləşməyib. Amma o, velosiped həvəskarı olan dostunu yol-nəqliyyat qəzası nəticəsində itirib. Onun yaxın adamı avtomobilin təkəri altında qalıb.

"Əlbəttə, məni və bütün velosipedsevərləri velosipedlərin hərəkəti üçün zolaqların təşkili barədə xəbər sevindirib. Onlar ilk növbədə şəhərin mərkəzindən - Səməd Vurğun küçəsi, Azneft meydanı və Neftçilər prospektindən başlasaydılar, yaxşı olardı. Sonra şəhərin digər ərazilərinə də çəkərlər. Tez-tez olur ki, avtomobil sürücüləri velosipedçilərin sürətini düzgün qiymətləndirə bilmir və düz onun qabağına çıxır. Biz velosipedi səkilərdə sürəndə, həm piyadaları narahat edirik, həm maşını səkinin qırağında park eləmiş sürücü qəflətən qapını açır, yaxud əlindəki zibili səkiyə tərəf tullayır. Bunlar velosipedçiyə dəyə bilər. Avtomobil qəzası nəticəsində ölümlə nəticələnən hallar olub. Ümid edirəm ki, tezliklə bu problem həllini tapar, velosipedçilərlə piyadalar arasındakı "döyüş" də başa çatar. Ümid edirəm ki, bundan sonra heç bir velosipedçi yoldaşımı avtoqəzada itirmərəm. Bu gün mən nadir hallarda şəhərə velosipedlə çıxıram və tez-tez velosiped sürmək üçün Bulvara gedirəm. Çünki orada bizim üçün zolaqlar var" - deyə İlyasov bildirib.

Sən demə, bizdə belə bir qayda da var imiş

Beləliklə, aydın olur ki, bizdə velosiped sürücüləri yol hərəkətinin tamhüquqlu iştirakçısı kimi qəbul olunmurlar. Yollarla səkilər arasında qalan velosipedlər isə piyadaların qəzəbinə tuş gəlir. Yeri gəlmişkən, mənə belə bir qaydanın olduğu da məlumdur: velosiped sürərkən metr yarımdan az olmayaraq yan interval saxlamaq lazımdır. Belə bir qaydanın olmasına baxmayaraq, velosiped sürənlərin əksəriyyəti ona əhəmiyyət vermirlər.

Bir sözlə, bizdə belə bir hal yaranıb: yollar maşınların, səkilər piyadaların, velosipedçilərə isə heç nə. Mənim üçünsə hələlik zolağın olmadığı yolla velosipedlə getməkdənsə, piyada səki ilə getmək daha təhlükəsizdir.

P.S. Velosipedçilərin hüquqları genişləndiriləcək, lakin onların təhlükəsizliyinin qayğısına qalmaq və müvafiq infrastrukturu qurmaq lazımdır. Bakının hansı hissəsində velosiped zolaqları lazımdır, bunu nəqliyyat məsələləri üzrə ekspert, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyib.

Əsas mövzular