02:00 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Sarı tor

Ölkə gündəmini zəbt edən sarı tor nədir və nəyə xidmət edir - İZAH

© Foto : BNA-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
379 0 0

Bir məqsəd var: Hər şeyi sürücü və ya başqa hərəkət iştirakçısı üçün daha aydın, daha əyani etmək, az qala ovcunun içimə qoymaq, gözünün qabağında asmaq

BAKI, 10 oktyabr — Sputnik. Paytaxtın S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilən yeni nişanlanma xətti – sarı tor barədə müzakirələr davam edir. Sputnik Azərbaycan xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində məsələyə aydınlıq gətirib.

O, qeyd edib ki, bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir: "Bu sarı tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Axı məlumdur ki, bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinliklər çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək".

Hüquqşünasın sözlərinə görə, sarı tor özlüyündə tıxacın qarşısını almayacaq: "Çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücüsünə desin ki, "gəlmə, dur, gözlə". Təkrar da olsa, qeyd edirəm ki, bu tor sürücüyə qaydaların tələbini əyani, aydın göstərmək üçündür. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın".

Ekspert qeyd edib ki, sarı tor olan və ya olmayan yerdə YHQ-nin 75-ci maddəsinin 2-ci hissəsinin tələbinə riayət etmək də elə çətin bir şey deyil və xüsusi mühəndislik istedadı tələb etmir.

"5-ci sinif səviyyəsində dünyagörüşü olan, intizamlı sürücü bu qaydaya çox asan riayət edə bilər. Özü də həm svetoforlu, həm də svetoforsuz yolayrıcı və ya kəsişmə yerində. Bunun üçün sadəcə getdiyin istiqamətdə nəqliyyat axınının stabilliyinə diqqət etmək lazımdır. Əgər normal sürətlə stabil hərəkət varsa, icazə verilən vaxtda yolayrıcına daxil olursan, çıxanadək hətta sarı işıq yansa da, problem ola bilməz".

Hüseynovun dediyinə görə, əgər hərəkət fasiləlidirsə, yəni gah gedib, gah dayanırsa, onda yolayrıcını tam tərk edənə qədər qalan məsafəni, fasiləliyin xarakterini nəzərə almaq lazımdır: "Bu halda svetoforlu yolayrıcında avtomobiliniz sizin getdiyiniz istiqamətdə svetoforla hərəkət qadağan edilənədək, yolayrıcını tam tərk edə bilməyəcəksə, yolayrıcına daxil olmadan dayanıb növbəti icazəni gözləməlisiniz. Svetofor olmayan yerdə. isə elə etməlisiniz ki yolayrıcında dayanmayasınız, oranı fasiləsiz keçib gedəsiniz" — deyə ekspert qeyd edib.

"Cərimələr barədə də danışılır. Amma sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axınının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox, YHQ-nin 75-ci maddəsinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmağa görə İXM-in 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilər. Sarı tor hələ ki, YHQ-də təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişik layihəsi müzakirəyə təqdim edilib, yəqin ki, yaxın gələcəkdə qəbul olunar" — deyə Ə.Hüseynov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, müasir yol hərəkəti təşkilində qırmızı xətlə cızılan belə bir yanaşma var: Hər şeyi sürücü və ya başqa hərəkət iştirakçısı üçün daha aydın, daha əyani etmək, az qala ovcunun içimə qoymaq, gözünün qabağında asmaq.

"Bax, sarı tor da bu yanaşmadan irəli gəlir. Məqsəd odur ki, hətta ən zəif hazırlıqlı sürücünün də səhv etməsinə imkan verilməsin. Amma məlumdur ki, bütün qaydaların real həyatda icra edilməsi və qarşıya qoyulan məqsədə çatması həmin qaydaların şamil edildiyi insanların yanaşmasından asılıdır. Bizim yanaşmalar isə heç birimizi qane etmir. Ona görə də hər kəs — başda hərəkəti təşkil edənlər və təhlükəsizliyə nəzarət edənlər olmaqla hamı (sürücü, piyada və s.) özündən başlamaqla yanaşmaları dəyişməlidir" — deyə hüquqşünas vurğulayıb.

Əlaqədar

Sürücülərə xəbərdarlıq: Bu gündən yeni cərimə tətbiq ediləcək
Sürücülərə xəbərdarlıq edildi, külək var, ehtiyatlı olun
Milli Məclisdə sürücülərlə bağlı cəzaların sərtləşdirilməsi təklif olunub
Sürücülərə istirahət günləri ilə bağlı xəbərdarlıq edildi
Sürücüləri gərginlikdə saxlayan problemlə əlaqədar Prezidentə müraciət olundu
Teqlər:
Ərşad Hüseynov, hüquqşünas, avtomobil, tıxac, sürücü, polis, DYP, cərimə, sarı tor

Əsas mövzular