CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərəb turistlərin dələduz "pərvanələri"

CC0 / Meditations / jobOfisiant, arxiv şəkli
Ofisiant, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müştərilər arasında ayrıseçkilik etmək hər nə qədər müəssisənin daxili problemi, peşə əxlaqsızlığı, insani mədəniyyətsizliyi olsa da, turistlərə qarşı dələduzluq etmək dövlət səviyyəli problemdir

BAKI, 7 sentyabr — Sputnik. Biz, ümumiyyətlə, ayrıseçkiliyi sevən millətik. Hər fürsətdə bütün növ ayrıseçkiliklərdən istifadə etməyi bacarırıq. Ümumbəşəri irqi, milli, dini, cinsi ayrıseçkiliklərlə yanaşı, təkcə öz ölkəmizə xas olan başqa ayrıseçkilikləri də həyatımıza tətbiq etmişik. Məsələn, bizdə hansı bölgədən vəzifədə daha çox adam varsa, cəmiyyətdə o bölgənin adamları daha çox hörmət-sayğı görür, onun ətrafına daha çox insan toplaşır.

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev turizm bölgəsi ilə bağlı qərar verdi

Digər bir misal, eyni restorana bahalı maşını ilə gələn, varlı geyimli bir müştəriyə daha keyfiyyətli xidmət göstərilir, nəinki nisbətən ucuz maşını ilə gələn, kasıb geyimli müştəriyə. Məişət həyatımızdakı ayrıseçkiliklər hər nə qədər acınacaqlı olsa da, bunu gördüyümüz işə, çalışdığımız müəssisənin fəaliyyətinə tətbiq edəndə ortaya ikiqat ağır nəticələr çıxır.

Bu yay turistlərimiz bir az da artdı. Əksəriyyəti ərəblərdən ibarət olan bu turistlərə ölkənin bütün ticarət obyektlərində daha çox üstünlük verildi. Bu il Nizami küçəsinin (Tarqovının) bir neçə restoranında müştəri olduğum zaman müşahidə etdim ki, ofisiantlar ərəblərin əyləşdiyi masaların ətrafından tərpənmir, onların hər istədiyini anında çatdırırlar. Yerli müştərilərlə isə, demək olar ki, maraqlanmırlar. Hətta eyni anda yerli müştəri də, ərəb turist də hesabı istədikdə, əvvəlcə ərəb turistin hesabını gətirir və hesab ödənənə qədər onun yanında dayanır, hesabı aldıqdan sonra işıq sürəti ilə qalığı qaytarır, daha sonra yerli müştərinin hesabını gətirirlər.

Çox sevdiyim bir anlayış var — peşə əxlaqı. Məncə, bu, insanın mənəvi keyfiyyətlərinin zənginləşməsi üçün formalaşdırılmış ən böyük əxlaq növüdür. Yerli ticarət sektorunda digər əksər yerli sektorlarda olduğu kimi peşə əxlaqı anlayışı, tamamilə yoxdur. Ən kiçik bazarlarda belə, satıcıların bölgələrdən gələn adamlarla davranışı ilə şəhər əhalisi ilə davranışı arasında nəhəng fərq var.

Bir adamın geyimindən, davranışından şəhərlilik yağırsa, onunla ədəblə danışır, ona seçimlərində kömək edir, mehribanlıqla yola salırlar. Kəndli görünüşü görən kimi, kobud, əhəmiyyətsiz, önəmsiz, ötəri davranışlar sərgiləyir, hətta o müştərinin bir də həmin obyektə gəlməməsi üçün əllərindən gələni edirlər. Hər nə qədər insanlar libasa görə qarşılanıb, ağıla və mədəniyyətə görə yola salınsalar da, bunu gördüyümüz işə, peşəmizə, fəaliyyət sahəmizə tətbiq etmək peşə əxlaqına, tamamilə ziddir!

Və dələduzluq… Bu, əxlaqsızlığın ən böyüyüdür! Taksi sürücülərindən restoran sahiblərinə qədər, mağaza satıcılarından hotel administratorlarına qədər, hamısı turist görən kimi qiymətdə kələk gəlməyə çalışır. Müştərilər arasında ayrıseçkilik etmək hər nə qədər müəssisənin daxili problemi, peşə əxlaqsızlığı, insani mədəniyyətsizliyi olsa da, turistlərə qarşı dələduzluq etmək dövlət səviyyəli problemdir. Bu məsələyə dövlətin güclü nəzarəti olmalıdır.

Moskvada turistlər - Sputnik Azərbaycan
Azərbaycandan Rusiyaya gedən turistlərin sayı dəyişib

Hər bir ölkə turizmin inkişafı üçün əlindən gələni edir ki, ölkə gəlir əldə etsin. Lakin bir turist getdiyi ölkədə kələyə, fırıldağa tuş gəldiyini, aldadıldığını görərsə, o ölkəyə bir daha gəlməkdən imtina edər, hələ öz ölkəsində də bütün ətrafına gördüklərini, yaşadıqlarını danışıb neçə-neçə insanı həmin ölkəyə getmək fikrindən daşındırar.

Bir də düşünsək ki, gələn turistlərin içində öz ölkələrinin nüfuzlu şəxsləri – elm adamları, aktyorlar, aktrisalar, rejissorlar, müğənnilər, jurnalistlər, idmançılar və digər şöhrətli adamlar var, onlar öz gördükləri dələduzluğu media vasitəsi ilə kütləvi şəkildə yayımladıqda, bu, həmin ölkəyə minlərlə, milyonlarla insanın səyahət etməsinin qarşısını alar. Yəni, turistlərə qarşı dələduzluq etmək Azərbaycanı təkcə xalq olaraq deyil, həm də dövlət olaraq gözdən salır, turizmin inkişafına mane olur.

Azərbaycandakı iaşə, ticarət obyektlərində və başqa yerlərdə turistlərin — ərəblərin başına pərvanə kimi dolanan ofisiantların, satıcıların, xidmətçilərin, sürücülərin və digərlərinin əsas məqsədi də onlara qarşı dələduzluq etmək, kələk gəlmək və daha çox pul qazanmaqdır.

Əgər bu məsələyə dövlətin güclü nəzarəti olarsa, yerlilərlə turistlər arasında maddi gəlir fərqi yaranmaz, həm bu çirkin ayrıseçkilik aradan qalxar, həm də ölkənin və xalqın nüfuzu xələl görməz.

İlk olaraq özünüzə, sonra xalqınıza, daha sonra isə işinizə hörmət edin! Bəlkə bu hörmətlər sizə daha çox pul qazandırmaz, amma sizin coğrafi və milli mənsubiyyətinizi bütün dünyanın gözündə dələduz, tamahkar olmaqdan xilas edər.

Xəbər lenti
0