Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakının narkobaron və baroniçalarının 30 illik sirri çözüldü – Unikal ailə

© Sputnik / Oleg Zoloto / Mediabanka keçidNarkotik vasitə, arxiv şəkli
Narkotik vasitə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Maraqlıdır, 30 il ərzində hüquq-mühafizə sistemini necə aldatmaq olar?

BAKI, 6 avqust — Sputnik. Bir neçə il qabaq Biləcəri qəsəbəsi ərazisində DYP əməkdaşı avtomobilimi saxlatdı. Sükan arxasından düşmədiyimi görüb özü yaxınlaşdı. Başını pəncərədən içəri salaraq salonun (həm də salonun) qoxusunu aldıqdan sonra sənədlərimi istədi.

Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polislərinə şiddətli çağırış-xəbərdarlıq: Qorunun!

Sənədlərimi təqdim etmədən məni hansı səbəbdən saxlatdığını soruşdum və fövqəladə bir cavab aldım: "Bayaqdan arxanızca gəlirəm. Olduqca diqqətli, qayda-qanunlara əməl edərək avtomobil idarə edirsiniz. Üstəlik, qəsəbə daxili yollarda nadir rast gəlinən qaydaya da əməl etmisiniz – təhlükəsizlik kəmərini taxmısınız. Hətta, hər döngədə dönmə işığından istifadə edirsiniz. Bir günahınız yoxdursa, niyə bu qədər ehtiyatlı olasınız ki?".

Təbii ki, bu cavabdan sonra mənim ona, sadəcə sənədləri yoxlamaq məqsədilə stasionar postda avtomobillərin saxlanmasına icazə olduğunu izah etməyim heç nəyi dəyişməyəcəkdi. Buna ehtiyac da yox idi, adam "Yol hərəkəti haqqında" Qanuna və DYP barədə təlimata ciddi mənbə kimi yanaşmırsa, mənim şifahi izahatım bir qulağından girib o birindən çıxacaqdı.

Nəysə, sözümün canı bunda deyil. Bu günlərdə oxudum ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə 30 ildən artıqdır yaşayan və narkotik ticarəti ilə məşğul olan ailənin narkotik kartelinə əl qoyublar. Və məlum olub ki, bu ailədə babadan-nəvəyə, nənədən-gəlinə, atadan-oğula, qızdan-kürəkənə qədər hər kəs narkotacir imiş. Baba, nənə və ata ("Damdayatan Nizam") öldükdən sonra ailədə bu "missiyanın" əsas ağırlığı "Damdayatan"ın iki qızının (Şəms Səmədova, Lamiyə Quliyeva) çiyninə düşübmüş.

"Bu ailə az adamı məhv eləməyib. Hüquq-mühafizə orqanlarına bacıların daimi müştərilərinin artıq dozadan öldüyü barədə hallar məlumdur. Asayiş keşikçiləri ara-sıra ailə üzvlərini tutsalar da, onlar məhkəmə orqanlarını aldada və azadlığa çıxa biliblər" — deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

… Bəli, 30 il. Yəni, ərazidə məmə deyəndən pəpə yeyənədək hamının tanıdığı bir ailə 30 il ərzində insanları zəhərləməklə məşğul olub. Tam 30 il həm yerli qanunvericiliyimiz, həm də beynəlxalq konvensiyalarda ən ağır cinayətlərdən biri kimi təsbit olunan əməllə məşğul olublar. Həm də hüquq-mühafizə orqanlarının gözünün önündə.

Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakı sakinlərini 30 ildir zəhərləyən ailəyə basqın: "Damdayatan"ın məşhur qızları tutuldu

Əvvəl içimdə sual yarandı və bu abzasa əlavə etmək istədim ki, 30 il ərzində hüquq-mühafizə sistemini necə aldatmaq olar? Qonşunun bağından oğurladığın 1 kilo almanı aparıb bazarda alverçiyə satmaq deyil e, bu! Heç qaçaqmal siqaret alveri də deyil. İsmael Zambada Qarsianın Meksikada, Manuel Noryeqanın Panamada, Gilberto Rodrigez Orejuelanın Kolumbiyada, Klass Bruinsmanın Hollandiyada gördüyü işin balaca miqyasda eynisidir — narkotik biznesidir.

Amma sonra bu sualı açıq-aşkar səsləndirmək fikrindən daşındım. Çünki cavabı təxmin etmişdim. Görünür, həmin ailənin nümayəndələri 30 il ərzində bir dəfə də olsun öz fəaliyyətlərini gizlətməyiblər, özlərini qanunlara əməl, qaydalara riayət edən vətəndaşlar kimi aparmayıblar, cəzadan qorxu, cəmiyyətə ehtiram hərləməyiblər.

Lap elə hüquq-mühafizə orqanlarının gözünün içinə baxa-baxa: Ağdan alıb qaradan satıblar, yaşıldan qurudub "kakos"dan paylayıblar.

Bax, buna görə də heç vaxt diqqət çəkməyiblər. Yoxsa, mən ağılsız kimi qayda-qanuna əməl etsəydilər, durnanı gözündən vuran sahə müvəkkili iki günə o ailənin tifaqını dağıdardı…

Xəbər lenti
0