03:01 21 May 2018
Canlı yayım
Depressiyada olan adam

Bunların olacağı yuxumuza da girməzdi, amma oldu - ƏCƏL ZƏNGİ

CC BY-SA 2.0 / HAMZA BUTT / Depression
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
1811 0 0

Biz hələ də heç nəyin fərqində deyilik

BAKI, 12 fevral — Sputnik. Qabaqlar bu cür olayları əcnəbi filmlərdə, seriallarda seyr edərdik. Dərhal da yumruqlarımızı sıxaraq "səni nə əzişdirərdim" deyə onu törədən şəxsin ünvanına ürək sözlərimizi yağdırardıq. Hirsimizi soyutmaq üçün isə, "yaxşı ki, bizdə belə iyrəncliklər baş vermir" şükranlığı ilə qəlbimizi ovundurardıq.

O zaman hansısa Amerika filmində orta məktəb şagirdlərinin partanın üstünə çıxıb cinsi əlaqəyə girdiklərini görmək bizim üçün fantastik dərəcədə inanılmaz və ağlımızın ucuna belə, gətirilməyəcək qədər qorxunc idi. Yaxud, Braziliya serialında məktəblilərin tualetdə marixuana sümürməsi səhnələrini izləyib, əsəbdən gözlərimiz yaşarardı. "Kurtlar Vadisi"ndə "okulların önündə uyuşturucu sattırmayacaz" deyən Çakır-Polat tandemi gözümüzdə həm də bu səbəbdən qəhrəman idi.

Və beləcə o dalğanın bizə, bizim də o dalğaya yaxınlaşdığımızı hiss etmirdik. Hiss etmirdik ki, bizim parçalamaq istədiyimiz sinif otağında sekslə məşğul olan həmin cütlük, yan otaqda o səhnəni izləyən övladımız üçün cəlbedici gəlməyə başlayır. Eləcə də ekranlarda dumanlanan tüstünün qoxusunun, "ağ ölümün" dadının gənc nəslimizi get-gedə məst etdiyinin fərqində deyildik.

Narkotikə savaş açan "Vadi" qəhrəmanlarının o zəhrimarın adını dönə-dönə çəkməklə, onun biznesinin böyük sərvət qazandırdığını ifadə etməklə, həm də bu bəlanı reklam etmiş olurdular. Biz bu məqamı da gözdən qaçırırdıq.

Ötən həftə iki orta məktəbimizdə, ayrı-ayrı müstəvilərdə, lakin eyni dərəcədə ağrılı, təhlükəli, həyəcan siqnalı hesab olunacaq hadisələr baş verdi. 138 saylı orta məktəbdə yaşanan birinci hadisənin üstünü məktəbin direktor müavini açaraq dərhal polisə məlumat verib. Nəticədə məktəbin 10-cu sinif şagirdinin öz məktəb yoldaşlarına güclü təsir edən psixotrop maddə satdığı faktı ortaya çıxıb.

Bu hadisənin nə qədər qorxunc olması ilə yanaşı, ona yönəlik davranış biçimi kifayət qədər adekvat və problemin həllinə hesablanmış idi. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi polisə məlumat verdi, haqlı olaraq adı ictimaiyyətə açıqlanmayan təqsirli şagird saxlanıldı və bəlanın köklərinin hara gedib çıxdığı araşdırılmağa başlandı.

Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində qeydə alınan ikinci olay, cəmiyyət üçün təhlükəlilik dərəcəsi və doğuracağı acı nəticələr baxımından heç də birinci faktdan geri qalmır. Film-seriallarda qəzəblə izlədiyimiz daha bir arzuolunmaz səhnəyə — iki məktəblinin intim əlaqəyə girməsinə tam həyatımızın içində şahid olduq.

Və təkcə şahid olmadıq, həmin görüntünü tirajlamağa, kimliklərini qurdalamağa, cəmiyyəti daha dərindən yaralamağa başladıq. "Ay haray" çəkib, o iki məktəblini və onların ailələrini el-aləmlə bir etdik.

Bunun meydana çıxaracağı daha ağrılı prosesləri: məktəblilərin və onların ailələrinin aqibətini, digər məktəblilərin baş verənlərdən necə nəticə çıxaracaqlarını və bundan sonra onların ailələrinin aqibətini, öz övladlarımızın bu əməlin "dadına" baxmaq fikrinə düşüb-düşməyəcəklərini və bundan sonra öz aqibətimizi… düşünmədik!

138-də sərgilənən ən doğru yanaşma tərzini, 132-134-lə bağlı nümayiş etdirdiyimiz vəhşiliklə alt-üst etdik. O hadisəni bütün çılpaqlığı ilə yayımlamaqla hər cür əxlaq və hüquq normalarını aşdıq. Demək ki, biz hələ də heç nəyin fərqində deyilik.

P.S.

132-134 saylı Təhsil Kompleksində zorakılığa məruz qalan 7-ci sinif şagirdi ictimaiyyətin qınağından sonra intihara cəhd edib. Fevralın 10-da "Instagram" sosial şəbəkəsində canlı yayıma çıxan qız damarlarını kəsməyə başlayıb…

Əlaqədar

Bakı məktəbindəki zorlama hadisəsi ilə bağlı açıqlama verildi
Qalmaqal: Şagird məktəbə striptizçi qız çağırıb
Valideynlər məktəbdəki uşaqlarına telefonla baxacaqlar
Rusiyalı oğlan məktəbdə qanı su yerinə axıdıb
Teqlər:
yanaşma, sinif, seks, səhnə, məktəbli, şagird, serial, məktəb, film, həyat, narkotik, təhlükə

Əsas mövzular