23:35 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
155 0 0

Milli Məclisin komitələrinin birgə iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirə olunub

BAKI, 24 yanvar — Sputnik. Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirə olunub.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, öncə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib: "Bu sənəd "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" prezident Sərəncamına əsasən hazırlanıb. "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini "Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında" 31 may 2017-ci il tarixli prezident Sərəncamına əsasən təşkil edilmiş İşçi qrup hazırlayıb".

İşçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər: "Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb".

Təcili yardım
© Sputnik / Murad Orujov

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib. Hazırki şəraitdə belə bir qanunun qəbulu vacibliyini vurğulayıb.

Deputatlar dünya praktikasına istinadən azad iqtisadi zonaların fəaliyyətindən söz açıblar, onların uğurlarını və gəlirlərini şərtləndirən amilləri önə çəkiblər. Belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunması vacibliyini qeyd ediblər. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı,

 həmin zonalarda səlahiyyətli qurumların hüquq və vəzifələri, xarici investorların hüquqları ilə yanaşı Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunması və digər mühüm məsələlər barədə danışıblar.

Deputatlar qeyd ediblər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək. Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Əlaqədar

Azad iqtisadi zonaların bizə xeyri nədir?
Süveyş kanalı bölgəsi özəl iqtisadi zona elan edildi
Teqlər:
Ələt azad iqtisadi zonası, gündəm, qanun layihəsi, plenar iclas, Milli Məclis

Əsas mövzular