19:54 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Həbsxana qapısı, arxiv şəkli

Azərbaycanda məhkum qadınların sayı kəskin artıb — Səbəb

© Sputnik / Aleksey Filippov
CƏMİYYƏT
Qısa URL
41410

Eldar Zeynalov: "Deputatların parlamentdəki və ya mətbuatdakı hər bir çıxışı ölkədə məhbusların sayının artmasına gətirib çıxarır"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanda məhkum qadınların sayı kəskin artıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov məlumat verib.

Onun sözlərinə görə, qadın koloniyasında sıxlıq müşahidə olunur. Əvvəllər məhkum qadınların sayı 350 nəfərlik limiti keçmirdi. Hazırda onların sayı 480 nəfərdir ki, onların da çoxunun kiçikmüddətli cəzaları var.

Hüquq müdafiəçisi qeyd edib ki, respublika qadınları dəmir barmaqlıqlar arasına əsasən dələduzluq maddəsi ilə düşürlər. Sonrakı yerlərdə traffikinq (qadın alveri), narkotik ticarəti və digər cinayətlər gəlir. 

"Təcrübə göstərir ki, deputatların parlamentdəki və ya mətbuatdakı hər bir çıxışı ölkədə məhbusların sayının artmasına gətirib çıxarır. Deputat çıxış edib deyəndə ki, narkomanların sayı çoxalıb, mübarizəni gücləndirmək lazımdır, dərhal AR Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunan qadınların sayı artır.

Sonra çıxış edirlər: "Rəzalətdir, mənəviyyatımız məhv olur, əxlaqsızlıq baş alıb gedir, ətraf fahişələrlə doludur!". Və dərhal "əxlaqsızlıq yuvaları saxlama" ittihamı ilə qadınları içəri atırlar. O da istisna deyil ki, hakimlərin iştahası koloniyalardakı fiziki limitlə məhdudlaşır. Əks təqdirdə onlar daha çox adamı həbs edərdilər" — deyə Zeynalov əlavə edib.

O qeyd edib ki, yeni qadın koloniyası indiyə qədər istifadəyə verilməli idi. Lakin maliyyə böhranı səbəbində inşaat prosesi yubanır.

"Onlar manat iki dəfə ucuzlaşandan sonra büdcəni iki dəfə artırmaq istəmirlər və bu səbəbdən də tikintidə qənaət edirlər. Eyni problem ömürlük həbs cəzasına məhkum edilənlər üçün olan həbsxanalarda da mövcuddur. Hələ indiyə qədər 5 regional həbsxananı istifadəyə verməyiblər. Yəqin pul yoxdur. Odur ki, mən bu sahədə vəziyyətin yaxşılaşdırılması ilə bağlı arzunu görmürəm. Əksinə hakimiyyət cəzaların humanistləşdirilməsində maraqlıdır. Bu isə təkcə Qərb qarşısında müsbət imic formalaşdırmaqla bağlı deyil, həm də iqtisadi məsələdir. Onlar başa düşürlər ki, böyük həcmdə məhkumların olması artıq xərcdir. Ayılma baş verdi, dövlət yanaşması ortaya çıxdı" — deyə hüquq müdafiəçisi bildirib.

O, həmçinin qeyd edib ki, həbsxanaların həddindən artıq yüklənməsi cəza siyasətini təhrif edir. Hazırda penitensiar müəssisələrdə həddindən artıq ağır cəzalara məhkum edilmiş şəxslər var. 

"Nəticədə belə çıxır ki, kiçik oğrular azadlıqda dolaşır və insanlar qəzəblənirlər ki, onlar niyə azadlıqdadır. Əgər yer yoxdursa, onu harada tutub saxlayacaqlar? Burada yeganə arqument ictmai rəylə bağlı deyil, qanunun müddəaları və beynəlxalq standartlara riayət edilməsidir" — deyə o bildirib.

Zeynalov əmindir ki, kiçik cinayətlərə görə adamları həbsxanaya basmaq heç onların islah edilməsi nöqteyi-nəzərindən də düzgün deyil.

"Adam 60 manatlıq mobil telefon oğurlayıbsa, buna görə 1 il həbsdə yatacaq və dövlət də onun üçün 6 min manat vəsait xərcləməli olacaq. Nəticədə də o, həbsxanadan potensial cinayətkar kimi çıxacaq. Artıq o, həbsxana həyatının nə olduğunu bilir. Başa düşür ki, orada yaşamaq olar. Və işləmədən oğurluq edərək pul qazanmaq yolunu tutur. Bir sözlə, həbsxana adamları pozur, məhv edir" — deyə hüquq müdafiəçisi əlavə edib.

Əlaqədar

Narkotik becərən keçmiş məhkum həbs edilib
Dörd qız məhkum edilib
Azərbaycanda 140 məhkum vəfat edib
Daha bir həbsxanada üsyan: 33 məhkum öldürüldü
132 məhkum həbsxanadan qaçdı
Teqlər:
Azərbaycan Hüquq Müdafiə Mərkəzi, Eldar Zeynalov

Əsas mövzular