Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 iyun — Sputnik. Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, tədbir nəticəsində rayonun Qazma kənd sakini, 1965-ci il təvəllüdlü Adil Şamil oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixanalardan və həyətin müxtəlif hissələrindən kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik tərkibli bitki aşkarlanıb.
Həmin çətənə bitkisinin kolları, həmçinin həyətyanı sahədə qurudulmaq üçün sərilmiş 17 kq 260 qram marixuana aşkarlanaraq götürülüb.
Adil Şindiyevin yaşadığı evdən də 36 qram qurudulmuş marixuana götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.
Balakən rayon məhkəməsinin qərarı ilə Adil Şindiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Məlumatda bildirilir ki, Adil Şindiyev əvvəllər ölümə qəsdə və narkotik tərkibli bitkilərin becərməsinə görə, ümumilikdə 8 il 6 ay olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.