BAKI, 6 sen — Sputnik. Artıq bir neçə gündür, Bakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində güclü tıxac yaşanır. Avtomobil sıxlığı, xüsusilə səhər saatlarında (08.00-11.00 aralığında) müşahidə olunur. Sputnik əməkdaşının müşahidələrinə əsasən, tıxac, əhali arasında "Ekologiya postu" kimi tanınan, DYP postundan başlayaraq, "20 Yanvar dairəsi"nədək uzanır.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik-ə açıqlamasında deyib ki, aparılan yenidənqurma işləri çərçivəsində, Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra "20 Yanvar dairəsi" istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. O, bu həftə ərzində sözügedən ərazidə təmir-bərpa işlərinin yekunlaşdırılacağını bildirib.
Burada aparılan yenidənqurma işlərinin tıxaca səbəb olub-olmadığına gəlincə, ASC sözçüsü bu barədə dəqiq bir məlumata məlik olmadığını qeyd edib.
Məsələ ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab verən olmadı. Onu da vurğulayaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytı hazırda işləmir.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik-ə açıqlamasında, tıxacların yaranmasını müxtəlif səbəblərlə əlaqələndirib: "Ola bilər, yolda təmir-tikinti işləri aparılsın, pik saatlarda nəqliyyat vasitələrinin çoxluğu yolda ləngimələrə, hətta tıxaclara səbəb ola bilər".
Ekspert deyib ki, Sumqayıt ilə Bakı arasında nəqliyyat vasitələrinin çox intensiv mübadiləsi baş verir və çoxsaylı sumqayıtlılar Bakıda əmək fəaliyyəti ilə məşğul olurlar: "Əgər söhbət pik saatlarından gedirsə, son dərəcə çalışmaq lazımdır ki, o saatlarda şəhərə daxil olunmasın. Vaxtını elə planlaşdırsınlar ki, pik saatlara düşməsinlər".
"İstənilən halda, planlaşdırma elə düzgün aparılmalıdır ki, tıxaca düşməsinlər. Tıxaca düşmək istəmirlərsə, alternativ yollardan istifadə edilə bilərlər. Ya da qeyri-pik saatlarda şəhərə daxil olmağa çalışsınlar", — mütəxəssis vurğulayıb.
A.Allahverənov özünün də həmin yolda tıxaca düşdüyünü əlavə edib: "Bu yaxınlarda elə özüm bölgədən Bakı şəhər istiqamətinə gələrkən pik saatlarda avtomobil sıxlığı yaşanırdı. Bu zaman operativ marşrutdan istifadə etdim. Xırdalanın içərisindən şəhərin başqa istiqamətinə çıxdım. Yolda 5-7 kilometr fərq olsa da, vaxtda uddum, tıxacda qalmadım".