13:38 23 Oktyabr 2017
Canlı yayım
Ağac kəsimi

Paytaxtda çoxillik ağacların köçürülməsinə icazə verilib — Hadisə yerindən...

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
23301

"Bir kolu belə, qanunsuz kəsmək olmaz" deyib, məhv edirlər...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. "İnşaatçılar" metrostansiyasının yaxınlığında, Şərifzadə 162 ünvanında yaşıllıq massivi məhv edilir. Ərazidə olan onlarla şam, vələs, qovaq, qaraağac, çinar ağacı traktorlar vasitəsi ilə kökündən çıxardılır. Təbiətin növbəti qətliam faktı ilə bağlı Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Xatırladaq ki, 2 ay öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ərazidə araşdırma aparılmışdı və bu barədə mətbuata da açıqlama verilmişdi. Bildirilirdi ki, araşdırma zamanı Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı ünvanlarda yerləşən istismar müddəti başa çatmış beşmərtəbəli yaşayış binalarının sökülməsinə və sökülmüş binaların yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün müvafiq olaraq "Sky Recidence" və "Qismət-M Construction" MMC-lərə torpaq sahələrinin ayrılmasına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verildiyi müəyyən olunub.

Şərifzadə 162 ünvanında yaşıllıq massivi məhv edilir
© Sputnik / Irade CELIL
Şərifzadə 162 ünvanında yaşıllıq massivi məhv edilir

Nazirliyin əməkdaşlarının keçirdikləri baxış zamanı, 162 saylı binanın ətrafındakı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 171 ağacın və 43 kol bitkisinin, 174 saylı binanın ətrafındakı yaşıllıq sahəsində isə yaş köküstə müxtəlif cinsli və diametrli 162 ağacın və 22 kol bitkisinin olduğu məlum olub, ərazidə ağac və kol bitkilərinin kəsilməsi faktına rast gəlinməyib. Məlumatda bildirilirdi ki, söküntü və tikinti işləri aparılacağı təqdirdə ərazidə mövcud olan ağacların əksər hissəsinin məhv ediləcəyi istisna olunmur. Ərazidəki yaşıllıqların mühafizəsinin təmin edilməsi ilə bağlı ETSN tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə, "Sky Recidence" və "Qismət-M Construction" MMC-lərə məktub göndərilmiş və ərazi nazirlik tərəfindən nəzarətə götürülmüşdü.

Sakinlərin sözlərinə görə, həmin ərazidə ağacları məhv edib, yerində yeni bina tikəcək şirkət "Sky Recidence" MMC-dir. Ərazi sakini İman Abbasovun sözlərinə görə, bununla bağlı aidiyyatı qurumlara da məlumat verilib. Aldıqları cavab isə belə olub: "Xəbərimiz var, ağaclar qanunsuz kəsilmir…"

Ağacların kəsildiyi ərazi artıq hasara da alınıb
© Sputnik / Irade CELIL
Ağacların kəsildiyi ərazi artıq hasara da alınıb

Məsələ ilə bağlı "SKY Recidence" MMC nümayəndələri ilə əlaqə saxladıq. Özünü "MMC-nin sahibi" kimi təqdim edən Rafiq Məmmədovun sözlərinə görə, ərazidəki sökülmüş binaların sakinləri kirayə evlərə köçürülüb.

"İndi həmin binaların yerində yeni binalar inşa edilməlidir və bunun üçün də şirkətin 20 ay vaxtı var. Bu, dövlət layihəsidir. Bununla bağlı ağacların bəziləri – qurumuş-çürük olanları kəsilib, bəziləri Bakı Yaşıllaşdırma İdarəsinə köçürülüb. Ağacların köçürülməsinə özümüz nəzarət etmişik. Bünövrə qazılmalıdır, biz binanı tikib, təhvil verməliyik. Biz qanunsuz heç nə etməmişik" — deyən R. Məmmədov əlavə edib ki, bir kolu belə, qanunsuz kəsmək mümkün deyil.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyev dedi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər zaman qanunsuz ağac kəsilməsinə qarşı tədbirlər görür, inzibati sanksiyalar tətbiq edir: "Problemlə bağlı mövcud qanunvericilikdə təkmilləşdirmələr aparılır, yeni qaydalar tətbiq edilir ki, bu da sırf yaşıllıqların mühafizə edilməsinə nəzarətin gücləndirilməsi və onlara qarşı tədbirlər görülməsi ilə bağlıdır".

R. Mirzəyevin sözlərinə görə istisna hallar da baş verir: "Strateji və dövlət əhəmiyyətli pilot layihələr həyata keçiriləndə, həmin layihələrin icrası zamanı mütəxəssislər, ekspertlər cəlb edilməklə o məsələyə baxılır, təhlil edilir. Bundan sonra quru ağacların kəsilməsinə və çoxillik ağacların budanmasına rəy verilir".

"Şərifzadə 162-ünvanında da pilot layihə həyata keçirilir. Bununla bağlı cənab Prezidentin sərəncamı və Nazirlər Kabinetinin qərarı var. Buna görə də, ekspertlər həmin ərazidə çoxillik ağacların budanmasına və quru ağacların kəsilməsinə, bəzi ağacların isə köçürülməsinə rəy verib. Həmin ərazidə qanunsuz ağac kəsilməsindən söhbət gedə bilməz" — ETSN rəsmisi vurğuladı.

Əlaqədar

Qoz ağacı iki ailəyə bədbəxtlik gətirdi
Paytaxtda güclü külək ağacları aşırıb
Dəhşətli qasırğa insanları və ağacları pərən-pərən saldı - Görüntülər
Ağstafa sakini kəsdiyi ağacın altında qalaraq öldü
Şirkət rəhbəri qanunsuz ağac kəsdiyinə görə həbs edildi
Teqlər:
"Sky Recidence", ETSN, "İnşaatçılar" metrostansiyası, yaşıllıq, ağac, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular