03:18 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Rahil Süleymanov

"Əgər ayağa qalxsam, dağı dağ üstünə qoyacağam"

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
497 0 0

"Daha heç nəyə inana bilmirəm, heç nə arzu edə bilmirəm, onsuz da nə arzulayıramsa, reallaşmır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Deyirlər, insanın həyatı öz əlindədir. Yəni, nəyi seçsən, onu da yaşayırsan. Amma həyatın səni nə ilə qarşılayacağını bilmədiyin üçün bu sürprizlərə daim hazır olmalı, yıxılsan belə, yenidən ayağa durmağa bacarmalısan.

Rahil Süleymanov "yol terroru"nun qurbanı olub. Danışır ki, bütün sıxıntıları, çarəsizliyi həmin gündən başlayıb – 2006-cı ilin sentyabr ayının 13-dən. O gün Rahilin həyatı alt-üst olur və o, ömürlük əlil arabasının məhkumuna çevrilir.

Rahil Süleymanov 1983-cü il avqustun 12-də İsmayıllı rayonunun Təzəkənd kəndində dünyaya gəlib: "2006-cı il sentyabrın 13-ü idi. Qardaşımın toyuna az qalmışdı. Toy üçün musiqiçi danışmağa gedirdim. Qəzaya düşdük, arxadan bizim olduğumuz avtomobili vurub yoldan çıxartdılar. Onurğa beynindən th.6.7 fəqərəsindən zədə almışdım".

"Yadıma gəlir ki, qəzadan sonra özümü beldən aşağı hiss etmirdim. Məni avtomobilə oturdanda atamdan soruşdum ki, "Ata, ayaqlarım üstümdədir? Axı hiss etmirəm". 3 gün İsmayıllı Rayon xəstəxanasında koma vəziyyətində qalmışam. Gözümü azan səsi ilə açdım. Səhər idi. Hamı ətrafımda idi. Sonra Bakıdan Ələsgər Həsrətovu çağırışla İsmayıllı xəstəxanasına gətirdilər. O məni komadan ayıltdı. Amma İsmayıllı xəstəxanasında vəziyyət yaxşı olmadığı üçün məni əməliyyat edə bilmədi" — deyir müsahibimiz.

Sonra onu Bakıya gətirirlər: "2006-cı il sentyabrın 16-da əməliyyat edildim. Vəziyyətim çox pis olduğu üçün o vaxtlar belimə plastinka fəqərə qoymaq mümkün deyildi. Sonralar fizioterapiya müalicələr götürdüm. Bir az xeyri oldu, amma sonra heç bir faydasını görmədim".

2012-ci ildə "Modern Hospital"a müraciət edən Rahil, burada böyük məbləğ müqabilində Türkiyədən gələn həkim tərəfindən əməliyyat edilir. Rahilin belinə 3 plastik fəqərə qoyulur. Amma bu əməliyyat da faydasız olur. Yüksək məbləğdə pulu ilə yanaşı Rahil 10 saat narkoz altında yatır.

"Müalicəm Almaniyadadır. Mənə deyiblər ki, almanların Rusiyada xəstəxanaları var. Deyiblər ki, "pul düzəlt gəl, səni əməliyyat edək". Söz veriblər ki, mən əməliyyat edilsəm, iki aya gəzə biləcəyəm. Amma məndə o məbləğ yoxdur. 11 ildir ki, mən bu əziyyəti çəkirəm" — R. Süleymanov danışır.

Hazırda Rahil Sulutəpə qəsəbəsində yaşayır. 34 yaşı olmasına baxmayaraq, ailə həyatı qurmaq barədə düşünmür: "Sevdiyim olub əvvəllər, sonra ayrıldıq. Həyatdır da, bəzən belə də olur. Əvvəllər kirayə qalırdım. Sonra qohum-əqrəbanın köməkliyi ilə pul toplayıb torpaq aldım. İndi başımın üstündə bir daxmam var. Yaxınlarımın yardımı ilə dolanıram. Əvvəllər işləyirdim, ofisiant işləmişəm, kafe-restoran işlətmişəm. İndi isə işləyə bilmirəm".

O, artıq heç nə arzulamır: "Arzu, ümid, xəyal — bunlar artıq mənim içimdə yoxdur. O qədər yalan görmüşəm ki, o qədər aldanmışam ki… Daha heç nəyə inana bilmirəm. Daha heç nə arzu edə bilmirəm. Onsuz da nə arzulayıramsa, reallaşmır. Hər şeyi zamana buraxmışam. Zaman nə göstərəcək, onu da bir Allah bilir".

Rahil gənc yaşlarından əlil arabasına məhkum olduğu üçün gələcəyi barədə düşünməyə vaxtı olmayıb. Tək istəyi, arzusu ayağa qalxmaq, gəzə bilmək, müstəqil hərəkət etmək olub. Amma aradan 11 il keçməsinə baxmayaraq, bu arzusuna qovuşa bilməyib.

Almaniyada müalicəsi olsa da, çox vəsait tələb olunduğundan Rahilin sağalacağına da ümidi yoxdur. Amma deyir ki, ayağa qalxıb gəzə bilsə, dağı-dağ üzərinə qoyacaq: "Mənim üçün pul qazanmaq heç bir zaman çətin olmayıb. Ayağa qalxıb gəzə bilsəm, nə dərdim var ki? İşləyib qazanaram, bəlkə ailəm də olar…"

Hazırda Rahilin müalicəsi üçün böyük bir məbləğə ehtiyacı var. 11 il əvvəl bir gəncin həyatı puç olub. Bəlkə o gün o qəza baş verməsəydi, bu gün hər şey başqa cür olardı..?

Rahilə kömək etmək istəyənlər redaksiyamızla əlaqə saxlaya bilərlər.

Əlaqədar

Bir də bu hekayə var, amma hər kəs sonadək oxuya bilməz...
"Eyni gündə öləcəyik" — 75 illik əhd
Onların bəxti nə rayonda gətirdi, nə paytaxtda...
Ruhi xəstə ilə evləndirilən qadın yaşadığı müsibətləri anladır
Məşum qəzanın qurbanı: "Dedilər, get, nə bilirsənsə, elə"
Üç oğul itirən ana: "Qorxuram ki, ölərəm..."
Teqlər:
İsmayıllı rayonu, 2006, Rahil Süleymanov, sentyabr, müalicə, əməliyyat, həyat, insan, qəza

Əsas mövzular