11:07 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Sığorta, arxiv şəkli

Əhaliyə zəmanət verənlərin özlərinin başı dərddə

© pixabay / stevepb
CƏMİYYƏT
Qısa URL
172 0 0

"Sığorta şirkətlərinin müxtəlif bəhanələrlə ödənişlərdən boyun qaçırmağa çalışması insanların inamsızlığına gətirib çıxarır"

BAKI, 2 iyun — Sputnik. Azərbaycanda baş verən iki devalvasiya bank sektoruna ciddi təsir göstərdiyi kimi, sığorta şirkətlərindən də yan keçməyib. Belə ki, qısa müddət ərzində ölkədə bir neçə sığorta şirkəti və sığorta agentliyinin lisenziyaları ləğv edilib.

Bu proses hazırda da davam edir. Müştərisi az, kapitalı olmayan sığorta şirkətləri bazarı tərk etmək məcburiyyətində qalır. Əhalinin isə bu sektora inamı günü-gündən azalır. Sputnik Azərbaycan baş verənlərlə bağlı sığorta sahəsi üzrə mütəxəssislərin münasibətini öyrənib.

Sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki, sığorta şirkətlərinin bağlanmasını, haradasa başa düşmək olar: "Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadiyyatı formalaşan zaman kifayət qədər sığorta şirkətləri vardı. Hətta 2000-ci ildə bu şirkətlərin sayı 68-i keçirdi. Əksəriyyətinin də nə peşəkar komandası var idi, nə də kapitalı. Sadəcə, sanki sığorta şirkəti açmaq dəb olmuşdu".

Onun sözlərinə görə, 2001-ci ildə sığortalar Maliyyə Nazirliyinin nəzarəti altına keçdikdən sonra ciddi islahatlar başladı: "Ciddi tələblər nəticəsində bir çox şirkətlər bazarı tərk etməyə başladı. İkinci dalğada – bank sektorunun sürətli inkişafı zamanı sığorta şirkətləri işlərini sırf bank sektoru və kredit üzərində qurdu".

"Daha sonra bankların yaşadığı böhran nəticəsində bir neçə sığorta şirkəti bazarı tərk etdi. Eyni zamanda, bir neçə şirkət birləşərək fəaliyyət göstərməkdənsə, bağlanmağı üstün tutdu. Bu da bir neçə şirkətin də bazardan getməsinə səbəb oldu. Ümumilikdə, sığorta şirkətlərinin bağlanması neqativ haldır" — Məmmədxanlı bildirib.

Ekspert bu günlərdə daha iki sığorta agentliyinin ləğv edildiyini diqqətə çatdırıb: "Böyük ehtimalla, sığorta qanunlarını ciddi şəkildə pozduqlarına görə lisenziyaları geri alınıb. Hələlik bazarda 20-25 sığorta şirkəti fəaliyyət göstərir. Bu da indiki zaman üçün normaldır".

Müsahibimizin dediyinə görə, sığorta etibar və inam deməkdir: "Yəni sığorta etməli olan şirkətin özünün bağlanması isə insanlarda inamı itirir. Fəsadlara gəlincə, müştərilərin heç bir problemi olmayacaq. Çünki bir sığorta şirkəti bağlanırsa, onun müştəriləri daha da güclü və peşəkar kollektivə ötürülür. Deməli, müştərilər heç nə itirməyəcək".

Sığorta eksperti Mustafa Abbasbəylinin sözlərinə görə isə, son illər dünyada və Azərbaycanda başlayan bu proses makroiqtisadi göstəricilərin zəifləməsi ilə bağlıdır: "Əhalinin sığortaya marağının azalmasını düşünmürəm. Dövlət maliyyə sabitliyi olmayan sığorta şirkətlərinin lisenziyalarını əlindən alır. Bu da müştərilər üçün yaxşı haldır. Çünki müştəri riskli şirkətə üz tutmayacaq".

"Sığorta şirkətlərinin bağlanması isə bir anda baş vermir. Şirkət bütün öhdəlikləri yerinə yetirdikdən sonra bağlanır. Deməli, müştəri heç nə itirmir" — o bildirib.

İqtisadçı-ekspert Samir Əliyev məsələyə başqa yöndən yanaşıb: "Azərbaycanda sığorta şirkətləri faktiki olaraq banklara tabedir. Bankların bugünkü vəziyyəti onu göstərir ki, sığorta şirkətləri yalnız icbari sığorta, avtomobil, ev hesabına, istehsalat sahəsində işləyənlər və az hissədə isə könüllü sığorta hesabına yaşayır".

"Azərbaycanda insanların sığorta şirkətləri haqqında bilikləri aşağıdır və bunun nə üçün olduğunu bilmirlər. Eyni zamanda, əhalinin maddi imkanının aşağı olması da rolunu oynayır. Sığorta şirkətlərinin müxtəlif bəhanələrlə ödənişlərdən boyun qaçırmağa çalışması insanların inamsızlığına gətirib çıxarır" — Əliyev deyib.

Onun sözlərinə görə, bu şirkətlər banklardan uzaqlaşmalı, ortaya keyfiyyətli iş qoymalıdır ki, insanların inamı artsın və onların yaşaması üçün daha çox insan sığorta eləsin: "Yəqin ki, sığorta şirkətlərinin azalması davam edəcək. Müştəri artarsa və şirkətin kapitalı çoxalarsa, sığorta şirkəti ayaqda qala biləcək. Əks halda bu proses davam edəcək".

Əlaqədar

Diqqət: Sığortaedənlərin nəzərinə!
Bakı sakinləri bədbəxt hadisələrdən sığortalandı
“Azərbaycan anormal dindarlığın təzahürlərindən sığortalanmayıb”
Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının sığorta hissəsi artırıldı
Sosial sığorta üzrə müavinətlərin məbləği artırılır
İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı
Teqlər:
Xəyal Məmmədxanlı, bank sektoru, müştəri, sığorta, Mustafa Abbasbəyli, Sputnik Azərbaycan, devalvasiya, ekspert, Samir Əliyev, Azərbaycan

Əsas mövzular