CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlərin sığortalanması: yaxşıdır, ya pis?

© Sputnik / Murad Orujov"BakuBus" MMC-nin avtobusları
BakuBus MMC-nin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Mais Ağayev: "Əfsuslar olsun ki, digər daşıyıcıların çoxu yalnız biznes maraqlarını üstün tutub, üzərlərinə düşən sosial məsuliyyəti unudurlar"

BAKI, 23 aprel — Sputnik. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığortalayıb. Belə ki, şirkət Bakı şəhərində müntəzəm şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyəti həyata keçirərkən baş verə biləcək bədbəxt hadisələrin qaçılmaz olduğunu nəzərə alaraq, "İcbari sığorta haqqında" Qanuna və müvafiq qaydada təsdiq olunmuş "Avtonəqliyyat Vasitələrinin Tam Sığorta Qaydaları"na uyğun olaraq daşınmaz əmlakını və üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari və könüllü qaydada tam sığortalayıb. Sputnik Azərbaycan sərnişin daşıyan digər avtobus şirkətlərinin də sərnişinləri sığortalayıb-sığortalamadığını araşdırıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəti Mais Ağayev bildirib ki, qanunvericilikdə şəhər daxilində sərnişinlərin icbari sığortası ilə bağlı hər hansı bir tələb yoxdur, bu könüllü xarakter daşıyır: "Biz "BakuBus"ın bu addımını təqdir edirik. Düşünürük ki, digər avtobus sahibləri də "BakuBus" kimi bu cür addım atsalar, yaxşı olar. Bu faktın özü bir daha onu göstərir ki, "BakuBus" dövlət müəsissəsi olaraq üzərinə düşən sosial məsuliyyəti doğru dərk edir".

"Lakin əfsuslar olsun ki, digər daşıyıcıların çoxu yalnız biznes maraqlarını üstün tutub, üzərlərinə düşən sosial məsuliyyəti unudurlar" — deyə M.Ağayev əlavə edib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, bu cür sığortalanma həmin avtobuslarda qəza riskini də azaldır: "Çünki bu cür sığortaya gedən heç bir sahibkar təsadüfi adamı sükan arxasında otuzdurmaz, əksinə, işini daha peşəkar səviyyədə qurar. Nəticədə də sərnişnlərimizin rahatlığı və təhlükəsizliyi təmin edilər".

Hüquqşünas Elyar Həsənov məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, istənilən şəxs ona zərər vurmuş digər şəxsdən zərərin ödənilməsini tələb edə bilər: "Əgər şirkətin avtobusu və sürücüsü sığorta olunubsa, bu zaman zərər görən sərnişinin zərərinin ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçiriləcək. Yox, həmin şirkətin sığortası yoxdursa, o zaman sərnişin məhkəməyə müraciət edib zərərinin ödənilməsini sürücüdən tələb edə bilər".

Hüquqşünas onu da bildirib ki, dəymiş zərərin əvəzini sığortadan almaq daşıyıcı şirkətdən almaqdan daha asandır: "Sığorta şirkətində daimi vəsait olur və sərnişinə dəyən zərəri daha tez ödəyə bilir. Ona görə də, bütün daşıyıcıların sığortalanması yaxşı olar".

"Sərnişinin yaranmış problemə görə taksi sürücüsünü məhkəməyə verməsi halına rast gəlmişik. Amma hələ ki, avtobus daşıyıcısını və ya sürücünü məhkəməyə verən praktikamızda yoxdur" – vəkil qeyd edib.

Xəbər lenti
0