23:46 17 Fevral 2018
Canlı yayım
Qulamhüseyn Məmmədov

Beşatılanla avtomatlı düşmənin öhdəsindən gəlmiş evin tək oğlu

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
52 0 0

Qulamhüseyn kişi 1943-cü ilin yazında onunla bərabər 24 nəfərin cəbhəyə getdiyini və özündən başqa heç kimin qayıtmadığını deyir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. İkinci Dünya Müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən dəhşətli dövr olub. O vaxt Vətən anlayışı milliyətindən, dilindən, yaşadığı yerindən asılı olmayaraq hər bir SSRİ vətəndaşı üçün müqəddəs idi. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 1941-1945-ci illərdə respublikamızın 600 mindən çox oğlan və qızları vətəni faşistlərdən azad etmək üçün cəbhəyə gedib. 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1941-45-ci illər Böyük Vətən Müharibəsində iştirak edən soydaşlarımızın təxminən yarısı həlak olub. Bu müharibədə iştirak edən soydaşlarımızdan biri də Masallı şəhər sakini Qulamhüseyn Məmmədovdur. 

94 yaşlı Məmmədov Qulamhüseyn Fərman oğlunun evini tapmaq elə də çox vaxt almadı. Masallı şəhəri Füzuli küçəsində onu tanımayan yoxdur.

Qulamhüseyn kişi bizimlə söhbət etməmişdən öz medallı pencəyini geyindi və keçdiyi müharibə yolundan qürurla danışdı.

Qulamhüseyn Məmmədov
© Sputnik / Rahim Zakiroğlu
Qulamhüseyn Məmmədov

"1943-cü il idi, mənim 17 yaşım təzə tamam olmuşdu. Aylardan hansı ay olduğu yadımda deyil, amma yaz idi, ağaclar təzə yarpaqlanırdı. O vaxt hamının təvəllüdü təxminən yazılırdı. Mənim təvəllüdüm pasportumda 1924-cü il yazılıb. Amma dəqiq yadımdadır ki, 17 yaşım təzə tamam oldu. Hərbi komissarlıqdan gəlib dedilər ki, cəbhəyə getməlisən. Mən də cavan idim, qorxmadan razılaşdım. Vətən darda idi, hamımız cəbhəyə can atırdıq. Bizi əvvəlcə Bakıya, ordan da Mahaçqalaya apardılar. Mahaçqalada təlim keçdik. Oradan isə Qroznı şəhərinə apardılar. Sovet hökumətinin əmri var idi, Qroznıda yaşayanların hamısı köçürülməli idi. Vağzalda boş vaqonlar hazır vəziyyətdə gətirilib saxlanıldı. Hər bir ailəyə 100 kq-dan artıq olmayaraq öz əşyalarını aparmaq icazəsi verildi. Komandirimiz hamımızı sıraya düzüb əmr verdi ki, köçürülən bütün sakinlərə kömək etməliyik. Biz də hamımız başladıq kömək etməyə. Mənə 5 ailə düşmüşdü. Yəni, hərəmizə 5,6, 7 ailə düşürdü. Kömək edəndən sonra da komandirimiz yenidən bizi sıraya düzüb yoxlamağa başladı. Əvvəl başa düşmədik nəyə görə yoxlayır. Hamımızı yoxlayandan sonra dedi ki, "yoldaş Stalinin əmridir. Dinc əhalinin köçürülməsində iştirak edən hər hansı bir əsgərdə sakinlərə məxsus nəsə çıxsa yerindəcə güllələnsin". Şəhəri köçürdükdən sonra isə bizi Stalinqrad tərəfə göndərdilər".

Qulamhüseyn Məmmədov  müharibə illərində
© Sputnik / Rahim Zakiroğlu
Qulamhüseyn Məmmədov müharibə illərində

Qulamhüseyn kişi ilə bərabər Qubadan, Kirovabaddan iki dostu və əsgər yoldaşı olub. Lakin onlar azərbaycanlılardan ibarət diviziyalarda olmayıblar: "Özüm atıcı idim, rütbəm də əsgər. Bizim hərbi hissədə ruslar daha çox idi. Başqa millətlərdən olanlar da var idi. Mən 416-cı Taqanroq diviziyasına düşə bilmədim. Düzü, bizim hərbi hissədə olan rus zabitlər soruşdular ki, "səni göndərək azərbaycanlıların divizyasına?" Mən imtina etdim. Burada dostum çox idi. Ruslar mənə yaxşı baxırdılar. Amma hərbi hissənin də nömrəsi yadımda qalmayıb. Həm özümün 94 yaşım var, həm də üstündən gör neçə il keçib? Azərbaycandan isə iki dostum var idi, ikisi də bizim rotada idi. Bax şəkilləri də budur (şəklini göstərir). Kirovabaddan olanın adı Kərim idi. O birinin adı yadımda qalmayıb. Amma çox əziyyətlər çəkmişəm. Müharibə çox pis şeydir. Yanımda əsgər yoldaşım ölüb, amma xəbərim olmayıb. Bizə ancaq deyirdilər "Vperyod!", yəni "İrəli!". Yanımızda olanlara da heç baxa bilmirdik. Bir dəfə də bərk yorulmuşam heç taqətim qalmayıb tərpənməyə. Hərbi hissənin qərargahı bizdən çox uzaqda idi. Gördüm bir xəndək var. Dedim bir az yıxılım dincimi alım. Taqım komandirimiz gördü və dedi "Məmmədov nə edirsən?" Elə bərk yorğun idim ki, komandirin sualından gözlərim doldu və artıq bacara bilmədiyimi dedim. Bu dəfə əmr etdi "Qalx!" Gördü məndən tərpəniş yoxdu, əlini atdı tapançasına. O vaxt Stalinin əmri var idi. Döyüşməyən və yaxud döyüşdən geri qaçanları zabitlər güllələməli idilər və güllələyirdilər də. Mən ayağa qalxdım, komandirim də mənə kömək elədi. Yapışdı mənim kəmərimdən qaldırdı ayağa. Mən də tam döyüşə hazır vəziyyətdə. Düzdür, avtomatim yox idi, beşatılan vermişdilər. Hə, kəmərimdən yapışıb gətirdi məni bizim taqımın yanına. Orda bir az dincəldikdən sonra mənə "Maksim" pulemyotunun güllə dolu darağını verdi. O da 16 kq. 

Bir təhər daşıdım. Qar da necə yağır? Özün bilirsən də Rusiyanın qarlı şaxtalı havasını. Sonra isə bir kənddə gecələdik, dincəldik. Səhər durduq, qar aləmi tutub. Əmr gəldi "İrəli!" Təsəvvür elə, yeməyi də bizə qaçaraq verirlər. Gedib yeməyi alıb hücum edə-edə yeyirik. Dayanmaq yoxdu. Olmaz. Bizim işimiz ancaq irəli getmək idi. Yaralananları, həlak olanları bizim arxamızca gələn tibbi hissənin əsgərləri və sanitarları aparırdı. Stalinqraddan sonra isə bizə komanda verildi Ukraynaya tərəf getməyə. Ukrayna alman faşistlərindən azad edildikdən sonra bizi göndərdilər Moskva ətrafında mövqe tutmağa. Ordumuz irəliləyirdi. Biz 1944-cü ilin sonlarında Moskva ətrafında yerləşdik. Ordan isə heç yerə getmədik. Ordu irəlilədikcə Moskva ətrafında qalmağa qoşun lazım idi deyə bizim hərbi hissə də orda yerləşdi. Amma bizim hərbi hissədə bölünmələr də oldu. Yəni bizim hərbi hissədən başqa hərbi hissəyə əlavə olaraq qüvvə göndərilirdi. Ona görə də 2 azərbaycanlı dostumu Moskva ətrafında yeləşdikdən sonra görmədim. Onlardan heç sonra da xəbərim olmadı. Mən komandirimə dedim ki, "icazə verin mən də "fronta" gedim". Qoymadı, dedi "sən bizə burda lazımsan, Məmmədov". Demək olar, 2 il cəbhədə vuruşdum, amma faşist gülləsi dəymədi mənə. Allah qorudu məni. Mən Moskva ətrafındakı hərbi hissədə 1949-cu ilə kimi qaldım. Bizi buraxmırdılar. Deyirdilər ki, əvəzimizə gələn əsgərlər azdır. Bizi əvəzləyən əsgərlər gəldi, sonra bizi buraxdılar, 4 ildən sonra".

Qulamhüseyn kişi 1943-cü ilin yazında onunla bərabər 24 nəfərin cəbhəyə getdiyini və özündən başqa heç kimin qayıtmadığını dedi. O bildirdi ki, atası da rəhmətə gedib və evin yeganə oğlu olub. Cəbhəyə gedəndə anası ilə bərabər iki bacısı qalıb.

Məlumat üçün bildirək ki, Məmmədov Qulahüseyn 2014-cü ildə Ukraynanın faşistlərdən azad olunmasının 70 illiyində Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən medalla təltif olunub. 2015-ci ildə isə Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif olunub.

Əsas mövzular