İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 9 may — Sputnik. Onlar cəbhəyə bir evdən yollandılar. Bir məqsəd uğrunda ələ silah götürdülər. Müxtəlif cəbhələrdə olsalar da eyni bir amal — Vətən torpağını xarici işğaldan qorumaq, faşizmin sonuna çıxmaq uğrunda döyüşdülər. Bunun üçün cəbhəyə yollanan 100 minlərlə soydaşlarımızdan olsalar da, hazırda kəndlərində yaşayan yeganə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Söhbət Tovuz rayon İsələr kənd sakinləri İslam və onun qardaşı oğlu İkram Tahirovlardan gedir.
1918-cu il təvəllüdlü İslam Ağalar oğlu öz missiyasına daha tez, 1939-cu ilin əvvəllərindən başlayıb. Finlandiya, Polşa, Ukrayna cəbhəsində gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində ayağından yaralansa da, müalicəsi bitdikdən sonra yenə ön sıralarda yerini alıb. Təəssüf ki, İslam kişinin eşitmə və yaddaş sarıdan çətinlikləri baxımından ondan cəbhə xatirələri haqda çox az məlumat ala bildik. Lakin hərbi biletində olan rəngarənglik veteranın şərəfli döyüş yolunun bir qismini az da olsa özündə əks etdirib. Hazırda 99 yaşı olan İslam Tahirovun 20 nəvə 25 nəticəsi var.
Onun qardaşı oğlu İkram Tahirovun isə 92 yaşı olmasına baxmayaraq çox gümrahdır və hafizəsi yerindədir. Bir gündə olsun bir yerdə dayanmır, rayon mərkəzinə gedir, cəbhə yoldaşlarını, mülki dostlarını axtarır, hər birinə baş çəkir, onları yaddan çıxarmır.
1925-ci il təvəllüdlü İkram Tahirov orduya 1943-cü ilin may ayında çağırılıb. Bir müddət Sumqaytda təlim keçdikdən sonra qatarla Rostova gətirilib və buradan 77-ci Azərbaycan milli atıcı diviziyasının tərkibində döyüşlərə qatılıb. Onun sözlərinə görə, geri çəkilən alman ordusunu təqib edərək düz 28 gün gecəli-gündüzlü yol gediblər. Ukraynada artıq sovet qoşunlarının çatdığını görən alman ordusu geri dönərək döyüşə başlayıb.
"Atılan mərmilərin sayı hesabı yox idi. İki həftə partlayan mərmilərin toz-dumanından heç yer görünmədi. Qırılan əsgərləri də sayı-hesabı yox idi. Bir yerdə getdiyimiz 7 həmkəndlimdən heç biri sağ çıxmadı bu döyüşdən. Mənimsə qəlpə sol qolumdan girib sümüyü də ikiyə bölüb qırağa çıxmışdı. Bu döyüşdən sonra qulluq elədiyim 105-ci alay demək olar ki tamamilə qırıldı. Amma əsas o idi ki, sonunda qalib gələ bilmişdik" — deyir İkram Tahirov.
Yaralandıqdan və bir müddət hospitalda müalicə aldıqdan sonra cəbhəyə yararlı olmayacağını və arxa cəbhədə daha səmərəli ola biləcəyini nəzərə alaraq ordudan tərxis olunub. Kəndlərinə gəldikdən sonra isə sovxozda işləmədiyi iş, qatlaşmadığı çətinlik qalmayib. Arxa cəbhədə də "hər şey vətən üçün" deyib gecə-gündüz çalışıb. Dəyirmançı, sürücü, ferma müdiri, sovxoz direktoru kimi işlərdə çalışıb. 1956-cı ildə Moskvada at minmək sərgisində iştirak edərək mükafat alıb.
Bu gün də cəbhə xatirələrini yaddan çıxarmır İkram Tahirov. "İmkanım ola Rostovdan başlayıb getdiyimiz yolları addım-addım gəzib taparam. Vuruşduğum, yaralandığım yerləri birdə görmək istəyərəm. Şükür Allaha, bunun üçün ayağım sağlamdır, gözüm görür, düşüncəm yerindədir. Nə edim, bunun üçün gərək maddi imkan da yerində ola" — deyir İkram kişi.
8 övlad atası olan İkram Tahirovun 28 nəvə 38 nəticəsi var: "Qabağıma gəlsələr bəlkə tanıya bilərəm".
Gümrah qaldığına vurulan eyhama isə "Hələ bir ruhani havası çalına, onda görəsiz" — deyə zarafat edir.