04:03 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
30820

"O gündən sonra hər dəfə texnikanı sahəyə salanda tez-tez qarşı tərəfə boylanıram. Bəlkə də həyatım oradan atılacaq bir gülləyə bağlıdır".

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 9 fev — Sputnik. Alqayıt Quliyev Tərtər rayonunun cəbhə xətində yerləşən Qapanlı kəndindəndir. Traktorçudur. İlk baxışdan adi peşə sahibi kimi görünsə də, 5 ildən artıqdır ki, hər gün ölümlə üz-üz gəlir. Sahəyə çıxdığı andan etibarən birbaşa düşmən tərəfin snayperlərinin hədəfindədir.

Dəfələrlə atəşə məruz qalıb. Traktorundakı güllə izləri də bunu sübut edir. Təhlükəli olduğundan təmas xəttinə yaxın olan sahələri gecələr şumlayır. Çünki əkin sahələri gündüz saatlarında qarşı tərəfin mövqelərindən aydın müşahidə edilir.

Iki il əvvəl traktor əkin sahəsində gülləbarana məruz qalıb
© Sputnik / Ramil Ibrahimov
Iki il əvvəl traktor əkin sahəsində gülləbarana məruz qalıb

Buna baxmayaraq, mütləq işini başa vurmalıdır. Həm özünün, həm də onlarla ailənin yeganə qazanc mənbəyi olan torpağın əkilib-becərilməsi onun işinin nəticəsindən asılıdır.

"İşləməmək olmur. Camaatın işini yola verməliyik. Nə qədər çətin də olsa, birini edib digərini saxlamaq olmur. Əkin sahələri erməni hərbçiləri tərəfindən müşahidə edildiyindən, gecələr işləyirik. Dolanışıq üçün işləməliyik" — deyir Alqayıt Quliyev.

Üstəlik traktoru 10 il müddətinə 40 min manata kreditlə alıb, işləyib həmin məbləği də ödəmək məcburiyyətindədir. 1 ha sahənin şumlanmasından, təqribən 40 manat gəlir əldə edir.

Alqayıt Quliyev
© Sputnik / Ramil Ibrahimov
Alqayıt Quliyev

Həmsöhbətimiz həyatının ən təhlükəli anını iki il əvvəl, əkin sahəsində suvarma arxı çəkən ekskovatorun gülləbarana məruz qaldığı vaxt yaşayıb. Yararsız hala düşən texnika intensiv atəş altında olduğundan, iki gün sahədə qalıb. İki gündən sonra isə ekskovatoru təhlükəli ərazidən çıxarmaq üçün A. Quliyev traktoru ilə əraziyə gedib. Ardı-arası kəsilməyən güllələrdən biri traktorun dəmirinə dəyərək istiqamətini dəyişib və onu ayağını parçalayıb. Yaxınlıqdakı insanlar çətinliklə də olsa, traktorun içərisində yaralı vəziyyətdə qalan Alqayıtı çıxararaq xəstəxanaya çatdıra biliblər.

"O gündən sonra hər dəfə texnikanı sahəyə salanda tez-tez qarşı tərəfə boylanıram. Bəlkə də həyatım oradan atılacaq bir gülləyə bağlıdır. İndi bəzən 1 ha sahəni 2 gecəyə şumlayıram, atəş səsi eşidən kimi işi saxlamalı oluram" — deyir.

Ümumilikdə Qapanlı kəndində 360 ha əkinə yararlı torpaq sahəsi var. 100 ha sahədə münaqişə səbəbindən ümumiyyətlə əkin-biçin mümkün deyil. 260 ha sahənin 100 hektarı isə ancaq gecələr əkilib-becərilir.

Əlaqədar

Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb
Azərbaycanda torpağı qanla suvarılan kənd
Düşmən atəşkəs rejimini daha 39 dəfə pozub
Erməni hərbçiləri mövqelərimizə atəş açıblar
Ordumuzun mövqeləri atəşə tutulub
Teqlər:
ekskovator, traktor, traktorçu, Alqayıt Quliyev, Qapanlı, sahə, əkin, Tərtər, atəş, erməni

Əsas mövzular