Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 9 fev — Sputnik. Alqayıt Quliyev Tərtər rayonunun cəbhə xətində yerləşən Qapanlı kəndindəndir. Traktorçudur. İlk baxışdan adi peşə sahibi kimi görünsə də, 5 ildən artıqdır ki, hər gün ölümlə üz-üz gəlir. Sahəyə çıxdığı andan etibarən birbaşa düşmən tərəfin snayperlərinin hədəfindədir.
Dəfələrlə atəşə məruz qalıb. Traktorundakı güllə izləri də bunu sübut edir. Təhlükəli olduğundan təmas xəttinə yaxın olan sahələri gecələr şumlayır. Çünki əkin sahələri gündüz saatlarında qarşı tərəfin mövqelərindən aydın müşahidə edilir.
Buna baxmayaraq, mütləq işini başa vurmalıdır. Həm özünün, həm də onlarla ailənin yeganə qazanc mənbəyi olan torpağın əkilib-becərilməsi onun işinin nəticəsindən asılıdır.
"İşləməmək olmur. Camaatın işini yola verməliyik. Nə qədər çətin də olsa, birini edib digərini saxlamaq olmur. Əkin sahələri erməni hərbçiləri tərəfindən müşahidə edildiyindən, gecələr işləyirik. Dolanışıq üçün işləməliyik" — deyir Alqayıt Quliyev.
Üstəlik traktoru 10 il müddətinə 40 min manata kreditlə alıb, işləyib həmin məbləği də ödəmək məcburiyyətindədir. 1 ha sahənin şumlanmasından, təqribən 40 manat gəlir əldə edir.
Həmsöhbətimiz həyatının ən təhlükəli anını iki il əvvəl, əkin sahəsində suvarma arxı çəkən ekskovatorun gülləbarana məruz qaldığı vaxt yaşayıb. Yararsız hala düşən texnika intensiv atəş altında olduğundan, iki gün sahədə qalıb. İki gündən sonra isə ekskovatoru təhlükəli ərazidən çıxarmaq üçün A. Quliyev traktoru ilə əraziyə gedib. Ardı-arası kəsilməyən güllələrdən biri traktorun dəmirinə dəyərək istiqamətini dəyişib və onu ayağını parçalayıb. Yaxınlıqdakı insanlar çətinliklə də olsa, traktorun içərisində yaralı vəziyyətdə qalan Alqayıtı çıxararaq xəstəxanaya çatdıra biliblər.
"O gündən sonra hər dəfə texnikanı sahəyə salanda tez-tez qarşı tərəfə boylanıram. Bəlkə də həyatım oradan atılacaq bir gülləyə bağlıdır. İndi bəzən 1 ha sahəni 2 gecəyə şumlayıram, atəş səsi eşidən kimi işi saxlamalı oluram" — deyir.
Ümumilikdə Qapanlı kəndində 360 ha əkinə yararlı torpaq sahəsi var. 100 ha sahədə münaqişə səbəbindən ümumiyyətlə əkin-biçin mümkün deyil. 260 ha sahənin 100 hektarı isə ancaq gecələr əkilib-becərilir.