10:59 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Səbət toxuma ustası Vilayət Qurbanov

Luvr Muzeyinin qarşısında səbət toxuyub satan azərbaycanlı

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
47620

Vilayət Qurbanov: "Payın səbətdə getməsi bunun bir Gəncə bazarlığı olduğunu sübut edir"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 21 dek — Sputnik. Gəncə sakini Vilayət Qurbanov, ən qədim sənətlərdən olan səbət toxuma işi ilə məşğul olur. Bu sənəti o, atasından, atası isə öz babasından öyrənib. Müəllim olan atası ailənin dolanışığını çıxarmaq üçün işdən sonra səbət toxuyar və satarmış.

"Usta oğlundan şəyird olmaz" deyirlər, Vilayət usta da, hələ 12 yaşından müstəqil olaraq səbət toxumağa başlayıb. Sonradan bu işdə təkmilləşərək istənilən növ və formalarda səbətlər hazırlayıb. Arada bir müddət bu işin tənəzzül etdiyini deyən usta, 90-cı illərin ortalarından başlayaraq bu sənətin gələcək nəsillərə çatdırılması missiyasını öz üzərinə götürüb. O, səbət toxumanın incəliklərini nəvəsinə də öyrədib və gələcəkdə bu sənətin itməyəcəyinə əmindir.

Usta səbət toxumaq üçün, əsas xammal olaraq qarğıdan istifadə edir. Bunun səbəbi odur ki, qarğı bitkisi, yağış və gün işığının təsirinə məruz qalmazsa, yüz illərlə xarab olur, ona qurd düşmür. Səbət üçün qarğıların hamısı yararlı olmadığından, illərlə sınaqdan keçirdiyi, Goranboy rayonunun dəmyə ərazilərində bitən qarğılardan istifadə edir. Bunu, onların daha yumşaq və elastik olmağı ilə əlaqələndirir.

Vilayət Qurbanov
© Sputnik / İlham Mustafa
Vilayət Qurbanov: "Səbət toxumaq mənim tək işim deyil, eyni zamanda istirahətimdir"

Qarğı seçərkən iş bununla da bitmir. Səbət toxumaq üçün qarğının yanvar-fevral aylarında kəsilməli olduğunu deyir. Bu zaman şaxta onun kökünü bərkitmiş olur, belə qarğılar ovxalanmır, daha möhkəm və elastik olur.

Səbət hazırlamaq üçün lazım olan digər xammal söyüd və gərməşöy ağacının çubuqlarıdır. Hazırda işlətdiyi çubuqların ona öz babasından qaldığını deyən usta, nə vaxtsa nəvəsinin də onun hazırladığı çubuqları istifadə edərkən, babasına rəhmət oxuyacağını deyir.

Səbətlər
© Sputnik / İlham Mustafa
Səbət toxumaq üçün, əsas xammal kimi qarğıdan istifadə edilir

Kimyəvi qabların geniş istifadəsinin səbətə olan marağı azaltdığını bildirən usta, təbii hazırlanmış səbətlərdə saxlanan məhsulların daha gec xarab olduğunu, kartofun, soğanın qarğı qabda cücərmədiyini deyir. Son dövrlər isə Gəncədən digər şəhərlərə, ölkələrə pay aparılan məhsulların səbətə qoyulması bir adət halını alıb.

"Payın səbətdə getməsi bunun bir Gəncə bazarlığı olduğunu sübut edir", — deyir usta.

Qurbanov, əziyyətinin çox olmasına baxmayaraq, səbətçiliyin ailə dolandırmaq üçün o qədər də gəlirli sənət olmadığını, lakin öz sənətini çox sevdiyini və həvəsdən düşmədiyini qeyd edir: "Həyatım boyu boş dayanmamışam, çayxanalarda gün keçirməmişəm. Boş olan kimi, gəlmişəm, qarğımı götürüb səbətimi toxumuşam. Satıldı-satılmadı, bu, önəmli deyil mənimçün. Əsas odur ki, mən bu sənəti sevirəm".

"O vaxt deyirdim ki, əgər lotoreyada "cek pot" udsam, milyonçu olsam belə, bu sənəti atmaram. Səbət toxumaq mənim tək işim deyil, eyni zamanda istirahətimdir", — əlavə edir.

Bir neçə dəfə şagird götürdüyünü düyən usta, onların işin ağırlığını görüb qaçdıqlarını bildirir. Lakin nəvəsi İsmətə kiçik yaşlarından bu sənətin sirrlərini öyrədə bilib: "Artıq o, müstəqil olaraq bu peşə ilə məşğul olur. Nəvəm sarıdan rahatam ki, bu sənət itməyəcək. Necə ki, mən ata-babamın sənətini davam etdirmişəm, eləcədə nəvəm bu irsi itməyə qoymayacaq".

Usta səbət toxumanın incəliklərini nəvəsinə də öyrədib və gələcəkdə bu sənətin itməyəcəyinə əmindir
© Sputnik / İlham Mustafa
Usta səbət toxumanın incəliklərini nəvəsinə də öyrədib və gələcəkdə bu sənətin itməyəcəyinə əmindir

Vilayət Qurbanovu nəinki Azərbaycanda, hətta ölkə xaricində də tanıyırlar. Sənəti ilə əlaqədar iki dəfə Fransada olub. 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə keçirilən qədim el sənəti nümunələrinin sərgisində olarkən, məşhur Luvr Muzeyinin qarşısında səbət toxumağı canlı olaraq nümayiş etdirib. Orada toxuduğu səbətlər turistlər tərəfindən heyranlıqla qarşılanıb və həvəslə alınıb.

Əlaqədar

Arzularını kişi sənətinə qurban vermiş Arzu
Onu görənlər gözlərinə inanmırlar
Ona rayonda "təqaüdçülərin anası" deyirlər
Bu peşədə qazanc önəmli deyil
Azərbaycanda hazırlanan bu araqdan hamı istifadə edir: dindarlar belə...
Əl barmaqlarının qurban verilməsini tələb edən qeyri-adi sənət
Teqlər:
qarğı, toxuma, səbət, Vilayət Qurbanov, baba, nəvə, bitki, usta, sənət, Gəncə

Əsas mövzular