22:55 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
85630

Əsgərin Murovdağda hansı şəraitdə həlak olmasına və şəhidlik statusuna aydınlıq gətirilmir ki, gətirilmir

BAKI, 11 okt — Sputnik. Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradova ölkə rəhbərliyinə yenidən müraciət etmək məcburiyyətində qalıb. Çünki əlaqədar dövlət qurumları onun oğlunun hansı şəraitdə həlak olmasına və şəhidlik statusuna aydınlıq gətirməkdən rəsmən imtina edir.

Hələ bu az imiş kimi, dərdli ananın adına kəsilmiş pensiyanı 6 il ərzində ondan xəbərsiz kimlərsə mənimsəyib. Dövlət qurumları pulu bankomatlardan çıxaranların surətlərini əldə etsə də, kim olduqlarına aydınlıq gətirilməyib.

Ə. Muradova ölkə rəhbərliyinə ünvanladığı məktubun bir nüsxəsini də Sputnik-ə göndərib. O, məktubunda qarşılaşdığı haqsızlıq və qanunsuzluqlardan yazıb. Xatırladıb ki, övladı Muradov Mübariz Heydər oğlu 04 iyul 1995-ci ildə Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə aparılıb. Həmin ilin 27 dekabrında onun cənazəsi evinə göndərilib. Hərbi hissədən oğlanın şəhid olduğu bildirilib. 172 saylı hərbi hissənin komandiri, milli qəhrəman, polkovnik-leytenant Fəxrəddin Cəbrayılovun imzası və möhürüylə bu fakt təsdiqlənib.

Hərbi hissənin verdiyi bildirişdə yazılıb: "Azərbaycan Respublikasının müdafiəsində xidməti borcunu yerinə yetirərkən Muradov Mübariz Heydər oğlu Murovdağ bölgəsində həlak olub". Bundan sonra digər dövlət orqanlarında, Bərdə RİH-də, Bərdə rayon ƏSMM-də əsgərin şəhid statusu təmin edilib.

Lakin 2008-ci ildə Bərdə rayon ƏSMM-dən şəhidin anasına bildiriblər ki, o, oğlunun adına kəsilmiş pensiyanı almaq üçün oğlanın hansı şəraitdə öldüyünə dair arayış gətirməlidir. Qadın dəfələrlə Müdafiə Nazirliyinə (MN) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) bu barədə müraciət etsə də, ona bildiriblər ki, onların arxivlərindəki "Qaytarılmaz itkilər" kitabında onun oğlunun adı yoxdur.

Qadın beləcə şəhid ailəsinə verilən təqaüddən məhrum olub. Amma 2014-cü ildə ƏSMM-dən ona növbəti dəfə məktub göndərilib və oğlunun şəhid statusuna dair arayış tələb olunub. Qadın arayışı ala bilmədiyi barədə ƏSMM-ə bildirəndə, ona deyiblər ki, əgər arayışı gətirməsə, 2014-cü ilə qədər aldığı vəsaiti (11315 manatı) geri qaytarmalı olacaq. Qadın isə bildirib ki, o, 2008-ci ildən indiyə qədər o təqaüd almayıb. ƏSMM-də isə bunun əksini sübut etməyə çalışıblar.

Qadının müvafiq qurumlara və KİV-ə müraciətindən sonra onun adına açılan plastik kart vasitəsilə təqaüdü başqa-başqa adamların aldığı məlum olub. Bu işdə "Kapitalbank"ın bankomatlarının kamera qeydləri yardımçı olub.

Əsli Muradova və Mübariz Muradov
© Photo : Ə.Muradovanın şəxsi arxivi

Bərdə ƏSMM pulların geri qaytarılması üçün Əsli Muradovanı məhkəməyə verib. 20 iyul 2016-cı il tarixdə Bərdə rayon məhkəməsində hakim Əhməd Sarıyev Əsli Muradovaya məxsus imza nümunələrini götürərək xətti ekspertizaya göndərəcəklərini bildirib. Üstündən iki ay vaxt keçməsinə baxmayaraq, hələ də məhkəmədən xəbər yoxdur.

Şəhid anası hesab edir ki, bu yubadılma təsadüfi deyil və "müvafiq dövlət qurumunda çalışanlara əyri işlərini düzəltmək üçün vaxt qazandırmaq məqsədi daşıyır".

İndi qadın ölkə rəhbərliyinə müraciət edərək adı "Qaytarılmaz itkilər" kitabına düşməyən oğlunun geri qaytarılmasını istəyir: "Məgər MN və SHXÇDX mənim balamı "qaytarılmış itki" hesab edir?! Əgər onlar balamı qaytara bilirlərsə, buyurub qaytarsınlar, onun şəhid adını istəmirəm". Qadın oğlunun hansı şəraitdə və niyə öldüyünə rəsmi qurumların aydınlıq gətirməsini istəyir.

P.S. Sputnik Azərbaycan daha əvvəl də bu məsələ ilə bağlı yazı dərc etmişdi. Redaksiyanın müraciətinə əsasən, ƏƏSMN-dən bildirilmişdi ki, "SHXÇDX-nin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda Ə. Muradovanın oğlu M. Muradovun 1995-ci ilin 27 dekabr tarixində Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi və Şəhid statusunun olmadığı bildirilib. "Kapitalbank" ASC-nin Bərdə rayon filialı tərəfindən verilən 18 sentyabr 2015-ci il tarixli arayışa əsasən, Muradova təqaüdün bankomatdan alınması üçün ilk plastik kartı 2009-cu ilin may ayında, növbəti plastik kartı isə 2014-cü ilin yanvar ayında öz imzası ilə həmin filialdan şəxsən götürüb. Muradovanın ailəsi üçün nəzərdə tutulan təqaüdlərin heç də başqaları tərəfindən mənimsənilmədiyi və məhz onun özü tərəfindən alındığı, bu məsələdə cinayət hadisəsinin olmadığı təsdiqini tapıb. Muradova ona ödənilmiş vəsaiti dövlət büdcəsinə geri qaytarmaq istəmədiyi üçün həmin vəsaitin onun özü tərəfindən alınmadığını və guya kiminsə tərəfindən mənimsənildiyini iddia edir ki, bu iddia da tam əsassızdır".

MN-dən Sputnik Azərbaycanın sorğusuna cavab olaraq qeyd edilib ki, "172№-li hərbi hissənin nizami hissə üzrə əmrlərində dekabr 1995 — yanvar 1996-cı il tarixlərində Muradov Mübariz Heydər oğlunun həlak olması barədə heç bir məlumat aşkar edilməyib. 172№-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1976-cı il təvəllüdlü, Bərdə RHK-dan çağırılmış Muradov Mübariz Heydər oğlunun, həlak olduğu üçün, komandirin 05.01.1996-cı il tarixli 5 №-li əmrilə şəxsi heyət siyahısından çıxarılmağı barədə məlumat aşkar edilib".

MN-in əsgərin ailəsinə göndərilən məktubda isə deyilir: "AR NK-nın "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli qərarın 1.2.6-cı yarımbəndinə əsasən AR-nın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin qaydanın 4.1-ci yarımbəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur".

Əlaqədar

Azərbaycan ordusu şəhid verib
Oğlu şəhid olan atanın ilk reaksiyası: "Kürəyindən vurulmayıb ki?"
Azərbaycan ordusunun zabiti şəhid oldu
Şəhid verdik
Şəhid ailəsinə veriləcək puldan imtina edən sığorta şirkəti
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Teqlər:
Mustafaağalı kəndi, Bərdə rayonu, Əsli Muradova, şəhid, ana, dövlət qurumları

Əsas mövzular