BAKI, 10 may — Sputnik. Sputnik Azərbaycan bu ilin 28 aprelində "Şəhid ailəsinə qarşı belə rəzalət görünməmişdi" və 29 aprelində "Депутат: cын воевал с армянами, а мать воюет с чиновниками" səlövhələri altında, şəhid anası Əsli Muradovanın başına gətirilən qanunsuzluqlardan bəhs edən araşdırma təqdim etmişdi. Həmin araşdırmada Əsli Muradovaya verilən şəhid təqaüdünün dayandırılması, onun adına olan təqaüdün 2008-ci ildən 2014-cü ilin noyabrına qədər başqaları tərəfindən mənimsənilməsindən bəhs edilirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmisi Elman Babayev Sputnik-in sorğusuna cavab olaraq bildirmişdi ki, şəhid anasının onun adına olan təqaüdün başqaları tərəfindən mənimsənilməsi barədə iddiaları əsassızdır: "Ə. Muradova Kapitalbank-da onun adına açılan plastik kartı və o kart vasitəsilə pulları şəxsən alıb".
ƏƏSMM Əsli Muradovanın oğlunun şəhid olmadığını, Murovdağ bölgəsində hərbi xidmətdə olarkən xəstəlikdən öldüyünü müəyyənləşdirəndən sonra 11350 manat pulu geri istəyib. "Ə.Muradova ona ödənilmiş vəsaiti dövlət büdcəsinə geri qaytarmaq istəmədiyi üçün həmin vəsaitin onun özü tərəfindən alınmadığını və guya kiminsə tərəfindən mənimsənildiyini iddia edir ki, bu iddia da tam əsassızdır." — deyə ƏƏSMN-in cavabında bildirilirdi.
Ə. Muradova isə bu günlərdə redaksiyamıza yenidən müraciət edib. Onun sözlərinə görə, bizim yazı yayımlandıqdan sonra Bərdə ƏƏSM Mərkəzinə dəvət olunub. Mərkəzin baş mühasibi Rauf müəllim bildirib ki, nazirlik bankomatdan şəhid təqaüdünü alan bir neçə nəfərin təsvirini əldə edə bilib. Müəyyənləşdirilib ki, həqiqətən də alınan 11350 manat şəhid təqaüdünün Əsli Muradova ilə heç bir əlaqəsi yoxdur.
Nazirlikdən Əsli Muradovadan şəhid təqaüdünü almadığına dair izahat alınıb göndərilməsi istənilib. Həm də bildirilib ki, həmin izahat Baş Prokurorluğa göndəriləcək. Ə. Muradova bir daha şəhid təqaüdünü almadığına dair izahat verərək notarial təsdiqlə Bərdə ƏƏSMM-nə təqdim edib.
Şəhid anası hesab edir ki, ƏƏSMN-in Sputnik-in sorğusuna verdiyi cavab ona mənəvi zərbə vurub və E.Babayev buna görə cavab verməlidir. Onun fikrincə, nazirliyin və Bərdə ƏƏSMM-in mövqeyindəki dəyişiklik deputat Zahid Orucun və medianın dəstəyi ilə əlaqədardır. Şəhid ailəsi ümid edir ki, onun hüquqları tam şəkildə bərpa olunacaq və onun adından sui-istifadə edən şəxslər aşkarlanaraq məsuliyyətə cəlb ediləcəklər.