16:44 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Şəhid Əbu Bəkir İsmayılov

Oğlu şəhid olan atanın ilk reaksiyası: "Kürəyindən vurulmayıb ki?"

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
228400

"Dördgünlük müharibə"nin qəhrəmanlarından olan Əbu Bəkr İsmayıl ailəsinə gözyaşları dolu bir salnamə buraxıb getdi

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 avq — Sputnik. Deyirlər, zaman unutdurur. Nə qədər böyük acı yaşasan da, zaman keçər dərd unudular. Əslində isə, zaman unutdurmur, sadəcə keyidir. Yaralı olduğunu bilirsən, dərdini, itkini bilirsən, sadəcə ilk günkü kimi acını yaşaya bilmirsən.

Urfan, Könül xanım və qızları Zəhra
© Photo : Vəlizadələr ailəsinin şəxsi arxivi

Çünki hiss etmirsən. Ağlayırsan və qəbul edirsən. Sadəcə zaman lazımdır, acının keyiməsi üçün, daha az hiss edə bilmək üçün, hiss edə bilməmək üçün…

"Mən hər gün ölürəm sənsiz"

Şəbnəmin yarası hələ təzədir. Hələ zaman öz iş işini görməyib. Hələ ağlayır, hələ barışa bilmir, qəbul edə bilmir.

"Heç vaxt ağlıma gəlməzdi ki, səni itirə bilərəm, düşünə də bilmirdim ki, gün gələr, sən olmazsan. Səni mənsiz düşünə bilirdim, məni sənsiz əsla. Arxalandığım qürur duyduğum, fəxr etdiyim, güvəndiyim dağım idin, dağım oldun. Nə vaxtsa mənə desəydilər ki, həyatda arzusuz, məqsədsiz insan ola bilərmi, gülərdim. Deyərdim, "o insan niyə yaşayır ki?" Bax, indi mən o insanam yaşamasının səbəbi bəlli olmayan. Canını itirib ruh kimi gəzən insanam sənsiz. Niyə yaşadığımı özüm də anlamıram. Bircə onu bilirəm ki, mən hər gün ölürəm sənsiz"…

"Hardan biləydim ki…"

Şəbnəmlə Əbu Bəkr uşaq vaxtlarından bir-birini sevmişdi. Qohum olmaları bir az da təkan vermişdi sevgilərinə. Əbu Bəkr Şəbnəmsiz, Şəbnəm isə onsuz bir həyat təsəvvür edə bilmirdi. Və gün gəldi qovuşdular.

2015-ci il avqustun 16-da toyları oldu. Gələcəyə böyük ümidləri vardı. Çox xoşbəxt idilər. Həsrət, intizar sona yetmişdi. Əbu Bəkr evdə olduğu zamanlar Şəbnəmin hər günü toya, bayrama çevrilirdi. Elə bir arzusu yox idi ki, Əbu Bəkr həyata keçriməsin.

Əbu Bəkr: Sən kiminsən?
Şəbnəm: Sənin. Bəs sən kiminsən?
Əbu Bəkr: Sənin və Vətənin…

Aralarında belə bir dialoq yaşanardı tez-tez.

Şəbnəm danışır: "Bəzən mənə deyirdi ki, "Şəbnəm, de görüm, daha nə istəyirsən, edim sənin üçün? Ürəyindən nə keçir?". Deyirdim, "canım, sən mənim üçün hər şey etmisən. Bundan sonra varlığın bəsimdir". Bəzən də deyirdi ki, "bax, sən hərbçi yoldaşısan a, möhkəm olmalısan". Bəzən də oturub saatlarla şəhidlikdən danışırdı".

O, xanımını bir an da olsa, gözündən qoymurdu: "Darıxmağıma, sıxılmağıma imkan vermirdi. Fevralda ayağı qırılmışdı, məzuniyyətə çxmışdı. Onun evdə olduğu müddət mənim üçün bayram idi. Mənə dünyanın xoşbəxt qadını demək olardı. Hardan biləydim ki…".

"Onu bir il gecikdirdik ki, hərbi məktəbə daxil olmasın"

Aprel döyüşləri Azərbaycan xalqı üçün ağır sınaq oldu. Şəhidlər verdik, neçə-neçə ailə başsız, sevgilisiz, ərsiz, oğulsuz qaldı. Bu döyüşlərdə şəhid olan qəhrəmanlarımızdan biri də İsmayılov Əbu Bəkr Vüqar oğludur.

  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
  • Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi
    © Sputnik / Irade CELIL
1 / 13
© Sputnik / Irade CELIL
Şəhid Əbu Bəkr İsmayılovun həyat hekayəsi

O, 1990-cı il fevral ayının 10-da Kürdəmir rayonunda anadan olub. 1 saylı orta məktəbdə təhsil alan Əbu Bəkr, eyni zamanda musiqi məktəbinin fortopiano kursunu bitirir. 9-cu sinifi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Litseyə daxil olur. 2005-ci ildə hərbi məktəbi bitirir.

Atası Vüqar İsmayılov danışır ki, hərbçi olmaq Əbu Bəkrin uşaqlıq arzusu imiş: "Biz onu bir il gecikdirdik ki, hərbi məktəbə daxil olmasın. O isə deyirdi ki, "hansı ali məktəbi bitirsəm də, hərbçi olacağam". Buna görə də onun arzusunun qarşısına keçmədim. Hərbi litseyi bitirdikdən sonra Heydər Əliyev adına ali hərbi məktəbə daxil oldu".

"O, hərbçi olmağa qərar verəndə mən başa düşürdüm ki, artıq o, mənim deyil, vətənindir. Ali məktəbi bitirdikdən sonra,1 il təcrübə keçdi və sonra Qala qəsəbəsində işləməyə başladı. Və sonda həyatını bu uğurda fəda etdi", — deyir V. İsmayılov.

"Həyatda çox sevdiyim iki insan var: biri sənsən…"

Əbu Bəkrin anası Rəna xanım oğlunun hər axşam ona zəng etdiyini bildirir: "Martın 31-i idi. Axşam işdən gəlmişdim. Gördüm Əbu (ona qısaca olaraq əzizləmə mənasında evdə Əbu deyirmişlər — İ.C) zəng edir. Dedi "ana, hazır yeməyin varmı?" Dedim, "var, gəl". Bir qədər keçdikdən sonra evə gəldi — Kürdəmirə. Özüm də məəttəl qalmışdım ki, Əbu heç bir həftə olmazdı ki, rayondan Bakıya getmişdi. Gəldi, yemək yedi. Telefonuna tez-tez zənglər gəlirdi. Dedi "ana, Beyləqana gedəcəyik. Otağına keçib yatdı. Səhər də yeməyini yeyib, namazını qılıb getdi. Arxasınca 3 dəfə də su atdım".

Ertəsi gün — aprelin 1-i axşam Əbu Bəkr yenə zəng vurur, yaxşı olduğunu deyir: "O, heç vaxt həyat yoldaşını evdə tək qoymazdı. Harasa gedəndə, yaxınlardan kimsə gedib onun yanında qalardı. Amma həmin gün yoldaşını da evdə tək qoymuşdu. Ayın 2-si səhər 9.50 olardı, Əbu Bəkr zəng elədi. Salam-kalamsız dedi: "ana, həyatda çox sevdiyim iki insan var, biri sənsən… O birini isə demədi, ürəyində saxladı. Bir qədər danışdıq. Dedi, "ana, burada vəziyyət yaxşıdır. Mənə zəng etməyin, zəng çatmayacaq, özüm imkan olduqca zəng edəcəyəm". Ürəyimə pis gəldi. Dedim, "axı, nə olub?." Dedi "heç nə, hər şey əladı, irəliləyirik". Məndən sonra bibisinə zəng edib, daha sonra yoldaşıyla danışıb".

Həmin gün narahatlıqdan Rəna xanım işləyə bilmir, evinə qayıdır. Əbu Bəkrə nə qədər zəng etsə də, ara-sıra onun telefonu məşğul olur, ara-sıra şəbəkə tutmur.

"Sən demə hamı bizdən əvvəl bilirmiş…"

Deyirlər, ana ürəyi hər şeyi öncədən hiss edir. Rəna xanım da oğluna nəsə olacağını hiss etmişdi. Həyətdə var-gəl edir, tez-tez Əbu Bəkrin telefonunu yığır. Telefonu məşğul olanda özünə təsəlli verirmiş ki, yəqin komandiri ilə danışır. Arada ürəyində küsürmüş də ki, "axı niyə bir dəfə də olsun anasını yığmır".

Həmin gün saat 4-də Şəbnəm qaynanasına zəng edir və bildirir ki, Əbu Bəkr dostundan onu rayona aparmasını xahiş edib: "Şəbnəm dedi ki, "bibi, Əbu Bəkrin dostunun anası Qəmər xala zəng edib, deyir ki, Əbu Bəkr məni Kürdəmirə gətirmələrini xahiş edib". Mən də dedim ki, "Əbu Bəkr deyibsə, gəl". Əbu Bəkrin dostu ailəsi ilə birlikdə Şəbnəmi də götürüb rayona gəlir. Yol boyu heç kim Şəbnəmə Əbu Bəkrin şəhid olduğunu demir. Şəbnəm ancaq Kürdəmirə evə çatanda deyirlər ki, Əbu Bəkr yaralanıb".

Rəna xanımın sözlərinə görə, kiçik oğlu da narahat imiş: "Elə qardaşını soruşurdu. Çox narahat idi oğlum. Bir də baxdım, evdə yoxdur. Həyətdə idi. Qışqıra-qışqıra evə girdi ki, "bəs, mənə deyirdiniz, qardaşına heç nə olmayıb?" Biz inana bilmirdik. Telefonu alıb baxdıq. Əbu Bəkrin şəkli qoyulmuşdu bəylik kostyumunda, altından da şəhid olduğu yazılmışdı. Sən demə hamı bizdən əvvəl bilirmiş…".

"Düşmən üzərində axtarış aparmışdı"

Atası isə həmin günü belə xatırlayır: "Axşam idi. Bacım aptekdə çalışır. Onun yanına getmişdim. Bir az söhbət elədik. Onun da oğlu Goranboyda hərbçidir. Bacım dedi, "müharibədir, hərbçilər şəhid olur, təyyarə vurulub". Mən də ona təsəlli vermək üçün dedim ki, "qorxma, heç nə olmaz". Sonra çıxdım ordan, evə gələndə yolboyu hamı mənimlə başqa cür salamlaşırdı, fərqlilik vardı münasibətlərdə. Evə gəldim, kiçik oğlum dedi ki, bəs deyirdiniz qardaşıma heç nə olmayıb. Gətirdilər, baxdım xəbərə. Orada yazılmışdı: "Bəkir İsmayılov şəhid olub". Və oğlumun şəkli qoyulmuşdu".

"Dedim yox, bu, Əbu Bəkr ola bilməz. Sonra icra nümayəndəsi İlqar Salmanov boynumu qucaqladı. Dedi, "Allah rəhmət eləsin, Əbu Bəkr şəhid olub". Dedim, "arxadan vurulmayıb ki?" Dedi, "Yox". O zaman "Allah rəhmət eləsin. Vətən sağ olsun!" dedim", — şəhid atası danışır.

V. İsmayılovun dediyinə görə, oğlunun meyiti çox çətinliklə tapılıb: "Qalmışdı neytral bölgədə. Bəzən düşünürdülər ki, Əbu Bəkr ölə bilməz. Amma tanımaq üçün məni çağıranda, şəklini görəndə bildim ki, mənim balamdır. Saçının formasından bildim ki, mənim balamdır. Heç bir yarası yox idi üzərində. Mən şəkillərinə baxdım. Birinci şəkildə komfulyaj bağlı idi, ikinci şəkildə isə açıq idi. Düşmən üzərini axtarmışdı onun".

İsmayılov Əbu Bəkr Vüqar oğlu 2016-cı il aprel ayının 2-də Qarabağ uğrunda müharibədə qəhrəmancasına həlak olub. Aprelin 10-da Bakıda İkinci Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.

Əlaqədar

Azərbaycan ordusunun zabiti şəhid oldu
Şəhidin "qan pulu"nun oğurlanmasına dair şok fakt
Cəbhədə atışma, əsgərimiz şəhid oldu
Lerik daha bir şəhid oğlu ilə vidalaşdı
Şəhid kəşfiyyatçımızın xatirəsi anılıb
Şəhid anasının son arzusu: "Bircə biləydim..."
Teqlər:
Əbu Bəkr İsmayılov, 2-5 aprel döyüşləri, şəhid, Kürdəmir

Əsas mövzular