01:10 26 Fevral 2018
Canlı yayım
Əliyev Emin

Keçmiş məhbusun dözülməz həyat hekayəsi

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
107920

Doğuşdan ananı itirmək, nənənin himayəsində qalmaq, sonra 5 yaşda onu da itirmək, sonra uşaq evi, həbsxana, azadlıq və sonu məlum olmayan həyat.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 avq-Sputnik. Onun bəxti elə doğulan gündən gətirməyib. O dünyaya göz açanda anası dünyasını dəyişib. Atası da ondan imtina edib. Ömrünün ilk günlərindən kimsəsiz qalıb Emin. Danışır ki, bəzən xəyallara dalır. Düşünür ki, kaş onun da valideyinləri sağ olaydı. Eminin atası var, amma bilmir hardadır. Atasını görmək də istəmir. Deyir ki, o məni istəsəydi, körpəlikdən atmazdı…

Bir müddət öncə, sosial işçi Əhməd Mansurov Sputnik-in əməkdaşı ilə əlaqə saxlayaraq bu günlərdə uşaq koloniyasından bir gəncin çıxacağını bildirib. Ə.Mansurov deyib ki, Eminin 21 yaşı var və heç kimi yoxdur. Həbsxanadan çıxdıqdan sonra onun nə qalmağa yeri var, nə də dolanmaq üçün işi və maddi imkanı.

İyulun 29-u Emin azadlığa çıxıb. Çıxdığı gün başa düşüb ki, həbsxana azadlıqdan yaxşı imiş…

Təbrizin yazdığı son mesajı : Səni sevirəm…
© Foto: Pərişan xanımın şəxsi arxivindən
Sputnik-in əməkdaşı Eminlə görüşüb və yaxından tanış olub. 

Əliyev Emin Rövşənoğlu 1995-ci il martın 7-də Xırdalanda anadan olub.
Emin dünyaya gələndə anası doğuş zamanı dünyasını dəyişir. Və elə həmin gündən Emin tənha qalır. Atası onu ana nənəsinə buraxıb gedir. Bir müddət nənəsinin yanında qalan Emin nənəsi öldükdən sonra dayısı tərəfindən "Ümid evi" nə verilir.

" "Ümid evi"nə veriləndə 5 yaşım var idi. O zaman anladım ki, heç kimim yoxdur. 7 yaşına kimi orada qaldım. Daha sonra məni 2 saylı uşaq evinə göndərdilər. 4-cü sinfə qədər orada qaldım. Sonra məni 1 saylı uşaq evinə göndərdilər. Oradan da 2009-cu ildə məni " Oğlanlar üçün xüsusi təlim-tərbiyə müəssisəinə" göndərdilər. Oranı da bitirdikdən sonra 3 il küçələrdə qaldım".

Emin mağazada satıcı, fəhlə işləməklə kirayədə qalmağa başlayır. Bir müddət yoldaşları ilə eyni mənzili paylaşan Emin zamanla qazandığı əməkhaqqının ona çatmadığını başa düşür. Və istəmədən yanlış yollara qədəm qoyur.

"Gördüm uşaqların pulu var, mən isə çətinlik çəkirəm. Qoşuldum onlara. Pis yaşamırdıq. Uşaqları da elə uşaq evindən tanıyırdım. Başladım oğurluq etməyə. 17 yaşım var idi. 2013-cü il yanvarın 29-da həbs olundum" — deyə Emin bildirir.

3 il yarım həbsdən sonra Emin azadlığa çıxır. Və yenə küçələr. Emin danışır ki, həyatda bircə dayısı var, o da bilmir hardadır. Və onun bu dövlətdən başqa sığınmağa kimsəsi yoxdur.
Emin deyir ki, həbsdə olanda onun azadlıq haqqında düşüncələri fərqli imiş: "Orada düşünməyə adamın vaxt çox olur. O qədər xəyallarım vardı ki. İndi baxıram içəri azadlıqdan daha yaxşıdır. Ən azından qalmağa yerim vardı, yeməyə çörəyim. Çayçı işləyirdim. Ayda 100 manat da əlavə xərclərim üçün verirdilər. İndi azadlıqdayam. Nə qalmağa yerim var, nə yeməyə çörəyim".
Emin anasını ancaq şəkillərdə görüb və deyir ki, anası gözəl qadın olub. Elə Eminə baxanda da bunu hiss etmək olur. Atasını isə heç xatırlamır. Görmək də istəmir.

  • Emin nənəsi öldükdən sonra dayısı tərəfindən “Ümid evi” nə verilir
    Emin nənəsi öldükdən sonra dayısı tərəfindən “Ümid evi” nə verilir
    © Sputnik / Irade CELIL
  • Emin: “ 5 yaşım var idi “Ümid evi” nə veriləndə. O zaman  anladım ki, heç kimim yoxdu
    Emin: “ 5 yaşım var idi “Ümid evi” nə veriləndə. O zaman anladım ki, heç kimim yoxdu"
    © Sputnik / Irade CELIL
  • 3 il yarım həbsdən sonra Emin azadlığa  çıxıb
    3 il yarım həbsdən sonra Emin azadlığa çıxıb
    © Sputnik / Irade CELIL
  • Emin deyir: “Gördüm uşaqların pulu var, mən isə çətinlik çəkirəm.Qoşuldum onlara. Başladım oğurluq etməyə
    Emin deyir: “Gördüm uşaqların pulu var, mən isə çətinlik çəkirəm.Qoşuldum onlara. Başladım oğurluq etməyə"
    © Sputnik / Irade CELIL
1 / 4
© Sputnik / Irade CELIL
Emin nənəsi öldükdən sonra dayısı tərəfindən “Ümid evi” nə verilir

Emin azadlığa çıxandan sonra Xəzər Rayon İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin İcra Hakimiyyətindən ona "yerimiz yoxdur", nazirlikdən isə "get 3-4 günə gələrsən" deyilib: "Dedim axı mənim qalacaq yerim, pulum yoxdur. Mən 3-4 günə nə yeyib nə içəcəm, harada qalacam? Mənə yenə dedilər ki, "get 3-4 günə gələrsən"…
Bizi Eminlə tanış edən sosial işçi Əhməd Mansurov deyir ki, Emin koloniyada öz tərbiyəsi, əxlaqı ilə digər uşaqlardan fərqlənib: "Emin kimi uşaqlar çoxdur. Mən koloniyada olduğum zaman belə uşaqları çox görürəm. Deyirlər Əmək və Əhalinin Müdafiəsi Nazirliyi həbsxandan çıxan məhkumlar üçün reabilitasiya mərkəzi tikdirib. Bəs o mərkəz haradadır?".

Əhməd Mansurov bildirir ki, həbsxanadan çıxan şəxslər yaşamaq üçün yerlə təmin olunmadığından cəmiyyətdə təkrar cinayətlərin sayı artır. Emin də gələcəkdə buna nümunə ola bilər: "Hər bir şəxsi həbsdən çıxan zaman məhkum olduğu ərazi üzrə yerli İcra Hakimiyyəti orqanı müvəqqəti yaşayış yeri, geyimlə təmin etməlidir. Ancaq təəssüf ki, Eminə Xəzər Rayon İcra Hakimiyyəti heç bir köməklik göstərməyib".

Hazırda Emin internat evindən tanıdığı uşaqlarla biryerdə qalır. İşsizdir, qalmağa yeri yoxdur, yeməyə, geyinməyə heç bir imkanı yoxdur. Emin kimi yüzlərlə uşaq var — uşaq evindən çıxıb sığınmağa yeri olmayan, küçələrdə qalan, cinayətə sürüklənən yüzlərlə uşaq. Aidiyyətı qurumlar bu istiqamətdə gördüyü işlər barədə hər il yüzlərlə hesabat verirlər. Sadəcə kağız üzərində qalan rəqəmlər…

Ümid edirik ki, Emin Əliyevin təkrar cinayət törədib yenidən həbsə düşməməsi üçün aidiyyətı dövlət qurumları öz vəzifələrini yerinə yetirəcəklər.

Yazının hazırlanması zamanı Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Əmrah Fəqanoğlu bizə Emin Əliyevin problemi ilə yaxından maraqlanacağını və ona lazımı yardımın ediləcəyini bildirib.

Əsas mövzular