06:45 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Sınıq Körpü buraxılış məntəqəsi

Sərhəd qapılarında "əsir-yesir" olanlar: onların başqa qazanc yerləri yoxdur

© Sputnik / Hikmet Orhun
CƏMİYYƏT
Qısa URL
378 0 0

Gömrüklə bağlı yeni qərar qüvvəyə minər-minməz, sərhəd-keçid məntəqələrindəki gömrükçülər sərt nəzarət rejiminə keçiblər

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. "Nazirlər Kabineti tərəfindən "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda dəyişikliklər edilib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuata açıqlamasında dəyişikliklərə münasibət bildirərkən, ölkəyə gətirilən ərzaqlar üçün limitin 30 kiloqramadək qaldırıldığını deyib.

Açıqlamada o da qeyd olunub ki, dəyişikliklərin məqsədi daha çox səhrəd bölgələrində insanlara verilən imtiyazlardan sui-istifadə hallarını aradan qaldırmaq, nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaqdır.

İqtisadçı-ekspertlərin dediklərinə görə, bu dəyişikliklər sərhəd bölgələrində yaşayan əhalinin dolanışığını çətinləşdirəcək. Onların fikrincə, gömrüklə bağlı qəbul edilən yeni dəyişikliklər qaçaqmalçılığın artmasına da zəmin yaradacaq.

Məsələylə bağlı mətbuatda tez-tez adı qalmaqallarda və insanların şikayətlərində hallanan "Sınıq Körpü" buraxılış məntəqəsində olduq. Başı alovlu hərəsi bir tərəfdə gününü-güzəranını fikirləşən insanlar kameramızı görən kimi "çəkmə, sən Allah, mal keçirməyə qoymurlar-qoymurlar, piyada keçidinə də həsrət qoyarlar", — deyib ələ-ayağa düşdülər. Dərdləri açılmışdı, ancaq özlərinin dediyinə görə, insanlarla həddən artıq pis davranan gömrük əməkdaşlarının xofundan kamera qarşısına keçməyə çəkinirlər.

Hələ bir arvad da o yandan üstümüzə təpindi: "Eşidəm, biləm şikilə düşmüşəm, başınıza oyun açaram". Piyada keçidinə daxil olub, bir azca qabağa getmək kifayət edir ki, qadının sözlərinə haqq qazandırasan: çığırtı, bağırtı dünyadan çıxır. Məntəqə ərazisində çəkiliş etməyə qadağa qoyulduğundan lentə almaq imkanımız olmadı.

  • Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət
    "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
    © Sputnik / Hikmet Orhun
  • Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət
    "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
    © Sputnik / Hikmet Orhun
  • Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət
    "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
    © Sputnik / Hikmet Orhun
  • Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət
    "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
    © Sputnik / Hikmet Orhun
  • Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət
    "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
    © Sputnik / Hikmet Orhun
1 / 5
© Sputnik / Hikmet Orhun
"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət

"Sınıq Körpü" buraxılış məntəqəsi ölkə müstəqilliyini qazanandan doxsanıncı illərin axırlarına qədər Azərbaycanın qərb bölgəsinin, xüsusən də Qazax rayonunda məntəqəyə yaxın ətraf kəndlərin əsas dolanışıq yeri olub. Yerli sakinlər qapısında becərdiyi meyvə-tərəzi Gürcüstanda satıb, ailəsinin dolanışığını çıxarır, sezon dəyişəndə oradan aldığı müxtəlif ərzaq mallarını, araq, siqaret və başqa məhsulları ölkə bazarına daşıyıb, övladlarını dolandırırdılar.

Son illər gömrükdə biri-birinin ardınca çıxarılan qərarlara baxmayaraq, insanlar müxtəlif yollardan istifadə edib "çulunu sudan quru çıxara bilirdi". Çünki onların özgə məşğuliyyəti yoxdur, demək olar, uşağından böyüyünə qədər hamı arvadlı-uşaqlı gözünü açandan orada alverlə məşğul olub.

Güc-bəla ilə dilə tutub danışdırdığımız alverçilərdən Sabir dedi ki, özünü başqa işlərdə də sınayıb, ancaq heç cür alındıra bilməyib: "Mən atamın yanında gedib-gəlib, bu gömrük məntəqəsində böyümüşəm, əlim burada pul tanıyıb, başqa dolanışıq yeri bilmirəm. Bilsəm də, kimdir mənə iş verən?! İndi burada da dolanmağa qoymurlar, hər gələn qafasından bir qərar uydurur, camaat zülm çəkir".

Vətəndaşın sözlərinə görə, yeni qərarın qüvvəyə minib-minmədiyindən xəbərləri yoxdur, ancaq sözü gəlib rayona çatan bir dəqiqədən gömrük əməkdaşları ciddi iş rejiminə keçiblər: "Qabaq 10 kilo ərzaq keçirməyə icazəmiz var idi, indi heç bir qram da qoymurlar. Əlimizdən alıb anbara qoyurlar, bir həftədən tez geri ala bilmirik. Bir də görürsən, sənədimizi də müsadirə edirlər. Kim haqq verib passportu müsadirə etməyə? Hansı haqla?".

Sabirin sözlərini buraxılış məntəqəsinin daimi "sakin"lərindən Elbrus Hüseynov da təsdiqlədi: "Siqaret, araq və pampersin ölkəyə keçirilməsi — az miqdarda və qanunda nəzərdə tutulduğu kimi "şəxsi istifadə üçün" olsa belə — birmənalı şəkildə qadağan olunub. Sorğu-sualsız müsadirə edilib, anbara qoyulur. Yalnız arxalı adamlar adını çəkdiyim malları ala və gətirə bilirlər".

"Qabaq yerli sakinlər tanış gömrük əməkdaşları ilə danışır, siyahı tərtib edirdilər ki, nəyi keçirmək olar, nəyi yox. İndi ona belə, icazə yoxdur. Nə keçirirsən keçir, "yetim"sənsə, yarı yolda qoyacaqlar. O işlə məşğul olan qadınlar və kişilər deyirlər ki, guya meyvə-tərəzin ölkəyə keçirilməsi asandır. Lakin, qabaqdakı insan xoşlarına gəlməyəndə ona da qadağa tətbiq edirlər", — E. Hüseynov əlavə edib.

Əlaqədar

Gömrükdə tarixi dəyişiklik
Gömrük Komitəsi quru meyvələrin real qiymətlərinə aydınlıq gətirdi
Sərhəd bölgələrində yaşayan əhalinin dolanışığı çətinləşəcək
Azərbaycana gətirilən ərzaqlar üçün limit 30 kiloqramadək qaldırılıb
Teqlər:
dolanışıq, limit, gömrük, əhali, Nazirlər Kabineti, sərhəd

Əsas mövzular