Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İşi gömrükdən keçənlər, bunu oxumağınız məsləhətdir

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-keçid məntəqəsi
Sınıq Körpü sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 1-dən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə ediləcək. Ekspertlərin fikrincə, Prezidentin təsdiq etdiyi yeni qaydalar düzgün tətbiq olunarsa...

BAKI, 23 may — Sputnik. 2016-cı il avqust ayının 1-dən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə ediləcək. Dövlət başçısının 2016-cı il 21 may tarixli Fərmanı ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları təsdiqlənib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Yeniliyi Sputnik-ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, əvvəllər də "Yaşıl dəhliz", "Mavi dəhliz", "Sarı dəhliz" və "Qırmızı dəhliz" tətbiqi var idi: "Sadəcə bunun genişləndirilməsi nəzərdə tutulur. Bu, xarici ticarət əməliyyatlarının daha da sürətləndirilməsi baxımından çox vacib atılan addımlardan biridir. Burada söhbət ondan gedir ki, əgər xarici ticarətlə məşğul olan şirkətlər və yaxud şəxslər qanun pozuntusuna yol verməyiblərsə, illərlə və ya aylarla bütün qaydalara uyğun olaraq fəaliyyət göstərirlərsə, həmin şirkətlərə və şəxslərə "Yaşıl dəhliz" tətbiq ediləcək. Bunlar daha sürətli şəkildə sərhədi keçə biləcəklər. Yəni, mal və nəqliyyat vasitələrinin sərhəddən daha sürətlə keçməsi təmin olunacaq".

Ekspert deyib ki, bundan başqa, tez xarab olan malların, əsasən də ərzaq, kənd təsərrüfatı məhsullarının sərhəddən keçidinin sürətlənməsi nəzərdə tutulur: "Bu tətbiqin genişləndirilməsi xarici ticarətdə, ümumiyyətlə, iqtisadi aktivlikdə mühüm rol oynaya bilər. Sadəcə gömrük orqanları bunun tətbiqi məsələsində yeniliklər etsələr, daha yaxşı olar. Əgər köhnə qaydalar və sistem ilə işləyəcəklərsə, bu pozitiv olan dəyişikliklərin də ciddi təsiri olmaya bilər".

"Məsələn, Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan tərəfinin və Gürcüstan tərəfinin keçid vaxtı arasında çox kəskin fərq var. Yəni, Gürcüstan tərəfindən 2-3 dəqiqəyə keçən insan və avtomobil, Azərbaycan tərəfdən bəzən saatlarla gözləməyə və yaxud növbəyə dayanmağa məcbur olur. Bu işləmə sisteminin özü də dəyişdirilməlidir. Gömrükdə daha sürətli və keyfiyyətli modelə keçmək lazımdır. Amma qərar çox pozitivdir. Ticarət dövriyyəsinin artmasına normal təsir göstərə bilər", — N. Cəfərli qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev isə məsələyə başqa prizmadan yanaşır. "Prosedur belədir ki, idxalçı gömrüyə öncədən bəyannamə təqdim edir. Gömrük də malların çeşidindən, idxalçının özündən asılı olaraq, onu kim daşıyacaqsa, onu qiymətləndirərək, burada xüsusi proqram vasitəsilə bu daşımanın, idxalın hansı risk qrupuna daxil olduğunu müəyyənləşdirir. Risk qrupundan asılı olaraq, burada müəyyən dəhlizdən istifadə etməyə icazə verilir və idxalçıya bildiriş göndərilir", — deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə proseduralardan biri də "Yaşıl dəhliz"dir: "Bu dəhliz o deməkdir ki, idxal olunan mala vizual baxış keçirilmədən idxalçı malı idxal edə bilir. Ən asan idxal proseduru "Yaşıl dəhliz"dir. Ən çətini "Qırmızı dəhliz"dir. Ortadakı "Mavi dəhliz"də və "Sarı dəhliz"də idxal prosedurları bir az daha ümumiləşdirilmiş formadadır. Ən böyük risk qrupu "qırmızı qrup"dur. Burada ənənəvi, əvvəlki qaydada yoxlama ilə idxal baş verir. Bunların tətbiqi malların idxalının, kapitalın dövriyyəsinin sürətlənməsinə xidmət edəcək".

© Photo : UNECAnar Rzayev
Anar Rzayev - Sputnik Azərbaycan
Anar Rzayev

"Eyni zamanda, gömrük prosedurlarında şəffaflığın daha da artmasına xidmət edəcək bir addımdır. Bunların hamısının müsbət iqtisadi effekti ola bilər", — A. Rzayev əlavə edib.

Burada digər bir nüans olduğu deyən mütəxəssis hesab edir ki, idxalçılar həmin o elektron bəyannamədən istifadə etməkdə həvəsli olmalıdırlar: "Və yaxud onlar üçün bir treninq keçirilməsi yaxşı olardı. Amma bu da qısamüddətli bir baryerdir. Müəyyən vaxtdan sonra idxalçılar bundan geniş istifadə etsələr, kifayət qədər şəffaflaşma və müsbət iqtisadi təsirləri olacaq".

Xəbər lenti
0