17:31 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705

Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir

CƏMİYYƏT
Qısa URL
111510

İqtisadçı ekspert Nazim Məmmədov: "Nə qədər ki, bazar iqtisadiyyatı tələb-təklif üzərində qurulmayıb və nə qədər ki, insiharçılıq var, bizdə qiymətlər optimallaşmayacaq"

Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
BAKI, 14 mart — Sputnik. Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına yenidən qadağa qoyulub. Bu qayda son istehlakçıya aid olunmur, lakin onun tətbiqi artıq öz neqativ effektini verib.

Belə ki, mağazalarda siqaret qıtlığı yaranıb, bundan başqa bəzi yerlərdə müxtəlif növ siqaretlərin qiymətlərində müəyyan qədər artım da müşahidə olunur. Satıcılar bunu tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa ilə əlaqələndiriblər. Bununla yanaşı cəmiyyətdə, bayram günlərində və ya aprel ayından etibarən siqaretin və digər məhsulların qiymətlərinin qalxacağı haqda şayiələr də yayılıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında bildirib ki, satışının yuxarı həddi dövlət tərəfindən müəyyən olunmadıqda, biznes qurumu istənilən malı istənilən qiymətə sata bilər: "Mən şəxsi istehlak məqsədilə yox, biznes məqsədilə olan siqaretlərin plastik kart vasitəsilə alınmasının tərəfdarıyam. Süni qiymət adı altında biznes qurumlara bəzi dövlət qurumlarının hücum etməsi qeyri-qanuni bir hərəkətdir. Biznes qurumu istənilən malı istənilən qiymətə verə bilər, əgər o, dövlət tərəfindən tənzimlənmirsə. Bu işə qanuni rəy vermək üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalı və malların satışının yuxarı həddi müəyyən olunmalıdır. O həddən yuxarı satılanlar artıq süni qiymət artımı kimi qiymətləndirilib ifşa olunmalıdır".

"Çox təəssüflər olsun ki, özü mal istehsal edən bir fermer malı yüksək qiymətə verəndə dövlət orqanları onun haqqında tədbir görürlər. Bu, bazar iqtisadiyyatına və liberal bazar qanunlarına ziddir", —deyə ekspert bildirib.

İqtisadçı ekspert Nazim Məmmədovun sözlərinə görə isə, Azərbaycanda bir siqaret istehsalçısı var və o, öz qiymətlərini diktə edir: "Tələb-təklif üzərində qurulan bazar iqtisadiyyatlarında disproporsiya yarananda qiymət bahalaşıb və ya ucuzlaşa bilər. Amma Azərbaycanda iqtisadiyyatda insiharçılıq olduğuna görə, əksər hallarda insiharçı qiymətlər mövcud olur. Bu qiymətləri qonşu ölkələrlə müqayisə edəndə bunlar bir neçə dəfə baha olmuş olur. Nə qədər ki, bazar iqtisadiyyatı tələb-təklif üzərində qurulmayıb və nə qədər ki, insiharçılıq var, bizdə qiymətlər optimallaşmayacaq. Konkret siqaretlə bağlı isə hamı etiraf edir ki, Azərbaycanda bir istehsalçı var və o, bazarda öz qiymətlərini diktə edir".

Siqaretlərin kartla satılması məsələsi mağazalarda yenidən "siqaret böhranı" yaradıb. Bəzi market sahibləri və satıcılar bu qərardan razı deyillər. Yasamal rayonu Mətbuat prospektində yerləşən marketlərdən birinin sahibi də Sputnik-ə bildirib ki, o, hal-hazırda satış üçün siqaret ala bilmir. Marketi yenidən siqaretlə təmin etmək üçün ondan müəyyən məbləğdə pul ödəyərək bankdan plastik kart almaq tələb olunur, bundan başqa, o, 4 faiz vergi də ödəməli olacaq. Bu şərtlər isə market sahibini qane etmir.

Tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa distribütorları da narazı salıb. Onlar deyirlər ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil. Satış nöqtələrinin əksəriyyəti nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunub, təmin olunanlar isə onların istifadəsində maraqlı deyillər. Distribütorların fikrincə, yaranmış vəziyyət bazara qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların sayını artıracaq. Çünki, leqal yolla gətirilən siqaretlər istehlakçıya çatmayacaq. Nəticə etibarilə, bu, dövlət büdcəmizə də təsir edəcək.

Lakin iqtisadçı ekspert Nazim Məmmədov bununla razı deyil. Onun sözlərinə görə, bu, distribütorların vergidən yayınmaq üçün dedikləri bir bəhanədir: "Bütün bunlar bəhanədir. Bunun yeganə səbəbi vergidən yayınmaqdır. Bu, insiharçı şirkətlərin distribütorlarının bu və ya digər formada qeydiyyatdan kənar alış-veriş etməklə dövlət büdcəsinə ödəniləcək vergiləri azaltmaq məqsədini daşıyır. Bunların hamısı şayiədir, doğru deyil".

Bu cür halların olduğunu deyən iqtisadçının sözlərinə görə, bu o demək deyil ki, dövlət bunların nazı ilə oynamalıdır: "Bunun qaydaları və prinsipləri hamı üçün eyni olmalıdır".

Qeyd edək ki, siqaretlərin satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələrdən biri kimi sayılır. Özü də əsas problem pərakəndə yox, topdansatış məntəqələri ilə bağlıdır.

Əlaqədar

Siqaretlər ucuzlaşıb, amma ən zəif satılanlar
Bu siqaretlər satışdan yığışdırılacaq
"Cibimdə 5 manat var, onu da siqaretə vermək istəmirəm..."
Siqareti yerə atanlar 500, saqqızı atanlar 50 manat cərimələnəcəklər
Bakıda siqaretin və mobil telefonların satışı dayandırılıb
Teqlər:
plastik kart, tütün, market, siqaret, böhran

Əsas mövzular