09:49 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
925070

Paytaxtdakı dükanlar ard-arda bağlanır, şəhəri "icarəyə verilir" elanları bürüyüb, işləyən mağazalar isə ciddi endirimlərə getsələr də, günlərlə müştəri gözləməkdən təngə gəlib

BAKI, 28 yan — Sputnik. Milli valyutanın dəyərdən düşməsi fonunda xaricdən gətirilən məhsullarda baş verən məcburi qiymət artımı alıcılıq qabiliyyətinə olduqca mənfi təsir edib. Xüsusilə ticarətlə məşğul olan sahibkarlar mənfəət yetərsizliyi ucbatından bir-bir öz mağazalarını ya bağlayır, ya icarəyə verir, ya da kəskin endirimə getməyə məcbur olurlar.

Lakin bunun da heç bir xeyri olmur. Çünki apardığımız araşdırmalar göstərir ki, nə obyekt alan var, nə də icarəyə götürən. Hətta endirimlər olmasına baxmayaraq, mağazaların qapısını açıb içəriyə girən də yox dərəcəsindədir.

İstər şəhərin mərkəzi olsun, istərsə də digər ərazilərdə vəziyyət eynidir. Artıq obyektlərin icarə verilməsi prosesi şəhəri o qədər bürüyüb ki, "bütün şəhər icarəyə verilir" mənzərəsi meydana çıxır.

Sputnik-in əməkdaşı bir neçə obyekt sahibləri ilə mövcud vəziyyəti müzakirə edib. Şəhərin Nizami küçəsində yerləşən paltar mağazasının icarədarı Nəsib Məmmədov, ancaq ziyanla işlədiklərini bildirib.

"Dünən axşam televizorda bir nəfər hökumət nümayəndəsi deyirdi ki, "dövlət əlindən gələni edir, gərək insanlar özləri də təşəbbüs göstərsin, ticari aktivliyi artırsın, girişkən olsun". Çox gülməlidir, insanlar cibdə pul olmadan necə aktiv olsun?", —deyir N. Məmmədov.

Ticarətçinin sözlərinə görə, yaxşı ticarət qurmaq üçün əldə maya olmalıdır: "Mən həmin hökumət nümayəndəsinə səslənirəm. Bu ölkədə hansı bank, digər ölkələrdə olduğu kimi normal faizlə kredit verir?! Hamısında faizlər yüksəkdir. Hökumət ilk əvvəl bu problemi həll etsin ki, bizdə banklara yaxınlaşa bilək, pul götürüb düzgün sahələrə yönəldə bilək".

  • Bağlanan qadın geyimlər dükanı
    Bağlanan qadın geyimlər dükanı
    © Sputnik / Fuad Hasanov
  • Şəhərin geyim dükanında 70% endirimlər
    Şəhərin geyim dükanında 70% endirimlər
    © Sputnik / Fuad Hasanov
  • Icarəyə verilən Bakının mərkəzində ticarət obyekti
    Icarəyə verilən Bakının mərkəzində ticarət obyekti
    © Sputnik / Fuad Hasanov
  • İcarəyə verilən satış obyekti
    İcarəyə verilən satış obyekti
    © Sputnik / Fuad Hasanov
  • Bakıda ticarət obyektlər bağlanır
    Bakıda ticarət obyektlər bağlanır
    © Sputnik / Fuad Hasanov
1 / 5
© Sputnik / Fuad Hasanov
Bağlanan qadın geyimlər dükanı

Digər bir mağaza sahibi Elnur Mirzəyev, vəziyyət belə davam edərsə, ailəsi ilə birlikdə ölkəni tərk edə biləcəyini söyləyib: "Mən 3 uşaq böyüdürəm. Onların uğurlu gələcək qurmasını istəyirəm. 25 ildir müstəqil dövlətik, amma hələ də rüşvətdən, monopoliyadan danışırıq".

"Hələ də bankların insanları incitdiyindən danışırıq. Bəs biz nə vaxt müsbət bir şeydən danışacağıq? Ümid edirəm nə isə dəyişər, amma bu vəziyyətdə ailəmlə bu ölkədə çox qalacağımı düşünmürəm", — deyə sahibkar narazılığını dilə gətirir.

Brend mallar satılan növbəti dükana baş çəkirik. Satıcının gəlişimizə sevinməsindən və içəridəki mənzərədən anlayırıq ki, gün ərzində dükana daxil olan ilk mütəriyik. Daha doğrusu, müştəri də deyilik. Elə bu gerçəyin özü satıcının sevincinin çox çəkməsinə mane oldu.

"Sanki ölkədə qurbağa gölünə daş atılıb. Elə durğunluq yaşanır ki, kimsə başına nə gələcəyini təxmin edə bilmir. Ətrafımızdakı bağlı dükanlara baxın, aylar öncəyədək hamısı fəaliyyət göstərirdi, indi ard-arda bağlanırlar. Hələ bura "Torqovı"dır — şəhərin mərkəzidir. Görün, şəhərkənarı və rayonlarda necə vəziyyətdir", —deyir satıcı Səbuhi Əliyev.

Ərazidəki vətəndaşlarla da söhbətləşdik, sonuncu dəfə nə zaman pal-paltar aldıqlarını soruşduq. Xanım həmsöhbətimiz Vüsalə Nuriyeva, geyim-gecimə üstünlük verdiyini desə də, hazırki gündəminin bər-bəzək olmadığını vurğuladı.

"Ailəmizin gəlirləri xeyli azalıb, xərclərimiz artıb. Üstəlik vəziyyətin daha da pisləşəcəyini düşünürük. Buna görə də olan-qalan 3-5 manatımızı geyimə xərcləmək niyyətimiz yoxdur. Kim bilir, bir tikə çörəyə möhtac olmaq da mümkündür", —müsahibimiz qeyd etdi.

Tahir Aslanov da qarderobundakı köhnə geyimlərlə kifayətlənir: "Bir ayaqqabını 2-3 il geyinmək olar, amma evdə uşaq ağlayanda, ona çörək aparmamaq mümkün deyil. Zatən, dollarla bərabər, pal-paltarın qiyməti də qalxıb, məvacibimiz isə uçuruma yuvarlanıb. Qısası, birinci devalvasiyadan bu yana özümə və ailə üzvlərimə üst-baş almamışıq".

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında obyektlərin kütləvi bağlanmasının dövlətə ciddi zərbə vuracağını deyib. Onun sözlərinə görə bu, birbaşa vergidən gələn gəlirlərə mənfi təsir edəcək.

"Obyektlərin kütləvi bağlanacağı əslində gözlənilən idi. Xaricdən dollarla gətirilən məhsulların dəyəri istər-istəməz qalxmalı idi", —deyir mütəxəssis.

Onun sözlərinə görə, qiymətlərin bahalaşması alıcılıq qabiliyyətinə təsir göstərməyə bilməzdi: "Əlbəttə bu heç də xoşagələn amil deyil. Çünki obyektlər dövlətə vergi ödəyirdilər. İndi onların bağlanması dövlətin həmin vergidən məhrum olması deməkdir ki, bu da sosial siyasətə mənfi təsir edəcək".

Əlaqədar

Böhranla əlləşən şirkətlərimiz üçün ümid qapısı
Media böhran burulğanında: jurnalistlərin sosial durumu ağırlaşıb
Parlament toplanır: hansı anti-böhran qərarları veriləcək?
"İş yerlərinin ixtisarı böhrandan çıxış yolu deyil"
Teqlər:
mağaza, Nizami küçəsi, Torqovı, obyekt, dükan, devalvasiya, ticarət, Bakı, Azərbaycanın milli valyutası, manat, dollar

Əsas mövzular