18:25 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
404710

Kreditlərin Mərkəzi Bankın, yoxsa kommersiya banklarının müəyyənləşdirdiyi məzənnə ilə ödənilməsi məsələsi mübahisə mövzusuna çevrilib.

BAKI, 11 yan — Sputnik. Banklar, manatın dollar qarşısında devalvasiyaya uğramasından sonra kredit borclarını ABŞ valyutasının yeni məzənnəsi ilə qaytarmağı tələb edirlər. Problem isə ondadır ki, bu zaman Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi gündəlik məzənnə deyil, kredit vermiş bankın özünün təyin etdiyi məzənnə əsas götürülür. Sputnik, əslində dollarla kredit götürmüş vətəndaşların borclarını hansı məzənnə ilə ödəməli olduqlarına aydınlıq gətirmək üçün iqtisadçılara müraciət edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-ekspert Vüqar Bayramlı deyib ki, dollarla krediti olan vətəndaşlar ödəniş edən zaman məzənnənin seçilməsi ilə bağlı çətinliklərlə üzləşirlər: "CESD-ə edilən müraciətlər göstərir ki, bəzi banklar ötən həftə hətta hər dollara 1.80 manat kursu ilə ödəniş etməyi tələb ediblər. Bu isə o deməkdir ki, 200 dollar ödəniş edən kredit borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən ödəniş etsəydi, 321 manat xərci olacaqdı, "qara bazar" kursu ilə isə 360 manat ödəməli olublar. Deməli, hər 200 dollarda rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödəyiblər. Aylıq ödəniş yüksək olan vətəndaşlarımızda isə bu daha böyük rəqəmlərlə ifadə olunur. Məsələn, 500 dollar aylıq ödənişi olan üçün bu fərq 100 manata yaxındır".

Ekspertin sözlərinə görə, kommersiya banklarının məzənnəsinə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 4 faizlik marjın problemi həll edəcəyinə inanmaq doğru olmazdı: "Çünki, hələlik əksər kommersiya bankları və valyutadəyişmə məntəqələri dollar satışına fasilə verərək gözləmə mövqeyinə üstünlük verirlər".

V.Bayramlının fikrincə, son vaxtlar bir sıra qaydaları həm qəbul, həm də ləğv edən Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyac var: "Qanunvericiliyə görə, ödəniş kommersiya banklarındakı mövcud məzənnəyə əsasən aparılmalıdır. Amma nəzərə almaq lazımdır ki, əksər banklardakı məzənnə vətəndaşın deyil, bankın maraqlarına uyğun olur. Hər bankın öz kursu olduğundan, 200 dollarlıq aylıq ödəniş edən vətəndaşlar bir bankda çox, başqasında nisbətən az vəsait ödəyirlər. Bu baxımdan, Mərkəzi Bankın dollarla ödənişlərin həmin günə rəsmi kursa əsasən aparılması ilə bağlı qaydanı qəbul etməsinə və qanunvericiliyə uyğun dəyişikliklərin edilməsinə ehtiyac var. Borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın".

Vüqar Bayramov
Vüqar Bayramov

Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil olunmasının vacibliyini vurğulayan ekspert, Qazaxıstan təcrübəsinə istinad etməyi məqsədəuyğun sayır: "İnanmaq istərdim ki, ikinci devalvasiyadan sonra xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təklifim yaxın zamanlarda Mərkəzi Bank tərəfindən dəyərləndiriləcək".

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə Sputnik-ə deyib ki, hazırkı şəraitdə vətəndaşın borcu köhnə məzənnə ilə qaytarması mümkün deyil: "Beynəlxalq praktikada belə üsul var ki, banklar kreditləri verdikləri məzənnə ilə geri alsınlar. Bu üsulu ayrı-ayrı ölkələrdə tətbiq ediblər. Rusiya da istəyirdi bunu tətbiq eləsin, amma edə bilmədi. Mənim fikrimcə, Azərbaycan banklarının kreditləri özlərinin təyin etdikləri yeni məzənnə ilə tələb etmələri doğru deyil. Adamlar krediti götürdükləri vaxt dolların məzənnəsi necə idisə, o məzənnə ilə də geri qaytarmalıdırlar. Bu daha çox bank sisteminin özündən asılıdır".

Ekspertin fikrincə, kommersiya bankı istəsə, özü bu məsələni həll edə bilər: "Qanunla banklara belə bir addım atmaq səlahiyyəti verilib. Lakin hazırda fərq o qədər böyükdür ki, bunu etmək banklar üçün çətindir. Əgər söhbət xırda fərqdən getsəydi, bunu etmək mümkün idi. Eyni zamanda əhalinin sosial-iqtisadi vəziyyətini də nəzərə almaq lazımdır. Əhalinin gəlirləri artmayıb. Onlar əvvəlki məzənnəyə uyğun olaraq gəlir əldə edirlər və onlara borcları yeni kursla ödəmək çox çətindir".

Kommersiya banklarında kredit borclarının AMB-nin elan etdiyi rəsmi məzənnə ilə deyil, bankın öz məzənnəsi ilə tələb olunması məsələsinə gəlincə, O. Haqverdiyev deyib ki, bu problem qanunvericilikdə göstərilib: "Qanunda necə yazılıbsa, o da tətbiq olunmalıdır. Qanunda qadağa yoxdur, kommersiya bankı özü istəyən məzənnəni qoya bilər. Lakin Mərkəzi Bank haqqında qanunda göstərilir ki, Mərkəzi Bank operator olduğu üçün, bank sistemində gedən əməliyyatları tənzimləyir. Nəzəriyyəyə baxılsa, bu məsələ bankların öz ixtiyarına buraxılmalıdır. Hansı bank nə məzənnə istəsə, qoya bilər. Amma bizdə bunu tənzimləməyə ehtiyac var. Çünki əhalinin vəziyyəti pisdir. İmkan vermək olmaz ki, banklar bu vəziyyəti nəzərə almadan öz mənafelərinə uyğun olaraq istədiklərini etsinlər".

Октай Ахвердиев. Архивное фото
© Photo : Azadlıg IA
Октай Ахвердиев. Архивное фото

O.Haqverdiyev bu arada "üzən məzənnə" rejimi və AMB-nin rəsmi məzənnə müəyyən etməsinə də diqqət çəkib: "AMB bir tərəfdən elan edir ki, manatı buraxıram, digər tərəfdən isə deyir ki, məzənnə belədir. Əslində "üzən məzənnə" rejimində AMB məzənnəyə qarışmamalıdır. Amma vəziyyət sosial-iqtisadi nöqteyi-nəzərdən o qədər çətindir ki, qarışmamaq mümkün deyil. Ölkə iqtisadiyyatı neftdən asılıdır. Dövlət büdcəsinin 70%-i neftin hesabına formalaşır. Neftin qiyməti qalxsa, vəziyyət bir qədər düzələr. Amma yaxın vaxtlarda neftin qiymətinin qalxacağı proqnozlaşdırılmır. Ona görə də, AMB operator olaraq ölkənin pul əməliyyatlarına nəzarət etməlidir".

Əlaqədar

ABŞ dollarının bu günə olan məzənnəsi
"Exchange"lərə dollar qadağası
AMB hər kəsə ən çoxu 1000 dollar satmağı tövsiyə edib
Mərkəzi Bank dollar krediti olanlara kömək edə bilər
Banklar məhz bu sahəyə kredit vermək istəmir
Kredit borcu olan 4 min nəfərin ölkədən çıxmasına qadağa qoyulub
Teqlər:
Oqtay Haqverdiyev, məzənnə, borc, Vüqar Bayramov, kredit, bank, manat, dollar

Əsas mövzular