BAKI, 29 dek-Sputnik. Bu gün Milli Məclisin 2015-ci ilin sonuncu plenar iclasında manatın devalvasiya məsələsi gündəmə gətirilib.
Sputnik-in məlumatına görə, millət vəkili Vahid Əhmədov manatın devalvasiyası ilə bağlı cəmiyyətdə gərginlik olduğunu deyib və hökuməti bu məsələ ilə bağlı gecə-gündüz işləməyə çağırıb.
"Biz hökumətin müəyyən üzvləri ilə, o cümlədən, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifim odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin.
İkincisi təklifim əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik moratorium qoyulsun.
Üçüncü təklifim isə bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər.
Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli olmağa çağırıram".
Spiker Oqtay Əsədov isə deputata cavabında deyib ki, bu istiqamətdə prezidentin hökumətə ciddi tapşırıqları var. "Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək" — deyə spiker bildirib.