17:15 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
HADİSƏ
Qısa URL
28 0 0

Reyd zamanı məlum olub ki, şadlıq evində keçirilən toy portalda qeydiyyata salınmayıb, evlərdə təşkil olunan məclislərdə isə qonaq sayı normadan çox olub.

BAKI, 20 iyul - Sputnik. Bölgələrdə keçirilən toylarda yoxlama aparan polis xeyli adamı cərimələyib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə,Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntusunun baş verdiyi 4 toy məclisi aşkarlanıb.

Yoxlamalar zamanı restoranlar və istirahət mərkəzlərində, eləcə də fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayı qərarla müəyyən edilmiş saydan artıq olduğu müəyyən edilib.  

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Zərdabda isə yoxlamalar zamanı “Elay” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə 2 fərdi yaşayış evində keçirilən toy məclislərində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclislərdə qonaqların sayı normadan artıq olduğu müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar ev sahibləri də daxil olmaqla ümumilikdə 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Toy etmək olar, amma...

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməlidir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

Cərimələr

İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Eləcə də oxuyun:

 

Teqlər:
toy, reyd, qonaq, cərimə, polis

Əsas mövzular