BAKI, 25 iyun — Sputnik. Bu gün də müxtəlif kriminal, cinayət xəbərləri ilə yadda qalıb. Sputnik Azərbaycan Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə istinadən günün kriminal xronikasını təqdim edir:
Dəvət aldığı yerdə ölən kişinin işi araşdırılır
Qax rayon prokurorluğunun məlumatına görə, iyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, “Muxtarov Elmir adına mineral su istehsalat sexi”ndə su şüşələrinin paketlənməsi qurğusunda yaranmış nasazlıqların aradan qaldırılması üçün dəvət olunan Aydın Şabanov buxar qurğusunda baş verən partlayış nəticəsində aldığı xəsarətlərdəndünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Səbirsiz toy sahibi polis əməkdaşına xəsarət yetirdi
Şəmkir rayon prokurorluğunun məlumatına görə, iyunun 22-də Şəmkir rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” restoranında iyunun 22-də saat 14 radələrində “Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları”nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib, onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Tural Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Həkimi döyən nəzarətə düşdü
Binəqədi rayon prokurorluğunun məlumatına görə, iyunun 4-də Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovaya əlillik müddətinin bitməsi ilə bağlı komissiyadan keçirilən Şamayıl Mustafayev tərəfindən xəsarət yetirilməsi faktı ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla Şamayıl Mustafayevin ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən sağlamlığa yüngül zərər vurduğu və Leyla Seyidovanı onun əlindən ayırmaq istəyən həmin komissiyanın ekspert həkim-oftalmoloq Yusif Bənanyarlıya qarşı müqavimət göstərərək dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyən edilib.
Qeyd edilənlərlə bağlı Şamayıl Mustafayev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib
Dövlət büdcəsindən ayrılan vəsaiti şəxsi ehtiyacı üçün xərclədi
Lerik rayon prokurorluğunun məlumatına görə, rayonun Noda kənd bələdiyyəsində yol verilən qanunsuzluq haqda müraciət daxil olub. Müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırma ilə müəyyən edilib ki, Noda bələdiyyəsinin sədri Səlim Səfərov dövlət büdcəsindən bələdiyyəyə ayrılan 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləyib, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Keçmiş məhkum bu dəfə mal-qara oğurluğunda təqsirləndirildi
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 24-də rayon sakini C.Xankişiyevə məxsus 10 baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən və öncələr də məhkum olunan Sənan Aslanov saxlanılıb.
Dindirilmə zamanı S.Aslanov törətdiyi cinayət əməlini etiraf edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanları oğurladığını və dəyərindən ucuz qiymətə satdığını bildirib. Polis əməkdaşları tərəfindən heyvanların yerləri müəyyən edilərək maddi sübut kimi götürülüb və zərərçəkmişə təhvil verilib.
Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində yerləşən evlərin birindən bir ədəd samovar oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, S.Aslanovun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.
İki nəfərin qətlində şübhəli bilinən arvadını öldürmək istərkən tutuldu
Lənkəran Şəhəri Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulub. Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülüb.
Giləzi sakini 16 qumbara gizlədib
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə və yaşadığı evə baxış zamanı oradan odlu silah-sursat götürüldüyünə görə tutulan Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunan M.Əliyarovun ətrafında aparılan əməliyyat tədbirləri ilə 2019-cu il iyunun 28-də qəsəbə ərazisindən tapılmış 16 ədəd qumbaranın da onun tərəfindən gizlədilməsi müəyyən edilib.
Yeddi dəfə məhkumluq bəs etmədi
Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Katex kəndi ərazisində Şəki rayon sakini, əvvəllər dəfələrlə (7 dəfə) məhkum olunan N.Həsənov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 460 ədəd çətənə kolu və 92,4 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Xuliqanlıq zəminində şəxsi döyərək qətlə yetirdilər
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Torpaq çəkir, polis tutur
DİN-in məlumatına görə, işğaldan azad edilən, lakin mina və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılıb.
Sürücü və sərnişinləri - həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov Polis Şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
İmişli bazarında yanğın
Bu gün axşam saatlarında - 18:30 radələrində İmişli mərkəzi bazarında başlayan yanğın bir neçə saat davam edib. Hadisə meyvə-tərəvəz satılan hissədə qeydə alınıb.
Alov anidən güclənib, daha sonra geyim əşyası olan hissələrə yayılıb. Yanğının söndürülməsi üçün əraziyə İmişli rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Təxminən 20:30-da söndürülən yanğında xəsarət alan yoxdur.
Çörəyimiz də od tutdu
Daha bir yanğın Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisindəki taxıl sahəsi və meşədə baş verib.
Kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub. Hadisə zamanı 1 hektar meşəlik və kolluq ərazinin yandığı məlum olub.
"Niva" qayadan uçdu
Qubanın Qaraçay kəndində avtomobil qəza törədib. Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu "NİVA" markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.
Eləcə də oxuyun:
-
DİN federasiya rəsmisi olan şəxsin qətlinə aydınlıq gətirdi
-
Qaxdakı partlayışın ürəkparçalayan təfərrüatı: toya hazırlaşırdı...
-
Lənkəranda iki nəfərin qətlinin təfərrüatı