13:34 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
HADİSƏ
Qısa URL
173 0 0

"Ov mövsümü Azərbaycanda fevralın 28-də başa çatıb. Onlar, ümumiyyətlə, Azərbaycana necə gəliblər? Bu, ciddi bir məsələdir. Çünki turist vizasının verilməsi dayandırılıb".

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 mart – Sputnik. Ötən gün sosial şəbəkələrdə və saytlarda ərəb turistlərin Azərbaycanda ov etməsi və göyərçinlərə əzab verməsi barədə görüntülər yayılmışdı. Kadrlardan da görünür ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq onu şahinlərə yem edir. Hətta göyərçini əlindəki ip vasitəsilə uçurdaraq şahinlərin ona cummasına çalışır.

Görüntüləri çəkən ekoaktivist Cavid Qara Sputnik Azərbaycan-a bildirib ki, kadrlar Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə qeydə alınıb. Ərəb turistlər oraya böyük heyətlə gəliblər. Onların Acınohurda ov etməsi ilə bağlı məlumat alan ekoaktivist də dərhal oraya üz tutub.

“Qax Dövlət Təbiət Yasaqlığının ərazisində böyük bir düşərgə qurmuşdular. Çevrədə təqribən 30-40 nəfər insan var idi. Ərəblərə xidmət edən qulluqçular, tərcüməçiləri, sürücüləri və s. Həmçinin, 10-dan artıq maşın, ərəblərin pilotsuz uçuş aparatları, ovçu şahinləri və digər ləvazimatlar var idi. Sadəcə olaraq bizim ixtiyarımız yox idi ki, onların çadırlarının içərisinə girək, şəxsi əşyalarını qurdalayaq ki, başqa nə var”, – C.Qara deyib.

Cavid Qaranın sözlərinə görə, ərəblər orada ov şahinlərinə təlim keçiblər. Əylənmək xatirinə də göyərçinləri diri-diri parçaladıblar. 

“Şahinlərə çöl göyərçinlərini diri-diri parçalatdırırdılar. Pilotsuz uçuş aparatlarına bağlayıb onları orada uçurdurdular. Ümumiyyətlə, məsələ göyərçinin parçalanması qədər xırda deyil, bununla yekunlaşmır. Onların yasaqlıq ərazisində olması qanunsuzdur. Ov mövsümü Azərbaycanda fevralın 28-də başa çatıb. Onlar, ümumiyyətlə, Azərbaycana necə gəliblər? Bu, ciddi bir məsələdir. Çünki turist vizasının verilməsi dayandırılıb”, – deyə C.Qara əlavə edib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat verilib. Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Sputnik Azərbaycan-a bildirib ki, ovda iştirak edən şəxslər cərimələniblər.

“Aparılan monitorinqlər zamanı ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədi ilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb. Təlim zamanı ev quşlarından, daha dəqiq desək, göyərçindən istifadə edilməsi və onlarla rəhmsiz rəftar aşkar edildiyindən bununla bağlı həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub”.

Hikmət Əlizadə bildirib ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının olması, bu və ya digər dərəcədə hansısa pozuntulara göz yumması kimi faktlar təqdim olunarsa, bu məsələlər də obyektiv araşdırılıb ictimaiyyətə əlavə məlumat veriləcək.

Teqlər:
Acınohur düzənliyi, Qax, turistlər, ərəb

Əsas mövzular