Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 24 may — Sputnik. Bu gün səhər Bank Respublika-nın Azneft dairəsi yaxınlığındakı filialının qarşısında özünü yandırmağa cəhd etmiş 64 yaşlı Ramiz Manafovun vəziyyəti ağır olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Respublika Yanıq mərkəzindən məlumat veriblər.
Məlumata əsasən, Manafovun dəri qatının təxminən 70%-i yanıb, başı ciddi xəsarət alıb. Pasiyentin sağ qalması şansları azdır. Ağır vəziyyətinə baxmayaraq Manafov Səbail rayonu prokurorluğunun əməkdaşlarının suallarına cavab verir.
Qeyd edək ki, bu şəxs özünü bu səhər bank filialının qarşısında yandırıb. Filial əməkdaşları yanğını söndürüblər. Xəstəxanada Manafov bildirib ki, bu şəkildə iri məbləğdə borclu olduğu bankın qərarına etiraz edirmiş.
Manafovun qohumlarının sözlərinə görə, bankın işçiləri borca görə onun əlindən evini almaqla hədələyirmişlər.
Sputnik Azərbaycan-ın müxbiri Bank Respublika-nın ictimaiyyətlə əlaqələrə görə məsul əməkdaşı Ramil Bayramovla əlaqə saxlayıb. Bayramov bəyan edib ki, hadisə ilə bağlı bank xüsusi bəyanat hazırlayır.
Bayramov Manafovun banka borcunun məbləğini açıqlamayıb və hələlik bunun mümkün olmadığını bildirib. O, əlavə edib ki, Manafovun mənzillə bağlı narahatlığına əsas yoxdur, çünki bank hələ heç məhkəməyə belə müraciət etməyib.
"Burada məsələ borcun məbləğində yox, bizim hələlik şərh edə bilməyəcəyimiz digər məqamlardadır" — deyə Bayramov bildirib.