BAKI, 24 may — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.