BAKI, 22 iyul — Sputnik. COVID-19 virusuna qarşı peyvənd vurulmasına dair məlumatları saxtalaşdıran vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Keçirilmiş əməliyyat tədbirləri ilə sözügedən tibb müəssisəsinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan "COVID-19 vaksinasiyası üzrə məlumat forması"nda vaksin edilmələri ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, 14 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları Kərimova Təbəssüm Hümmət qızı və Məmmədyarova Südabə Əhmədşah qızı tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilmişdi. Peyvəndlənmə üçün müraciət etmiş şəxs – Gözəlov Samir Arif oğlunun qanunsuz təklifi əsasında tibb bacısı tərəfindən peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılıb, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınıb və dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib. Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraatlar başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Xəzər rayon məhkəməsinin qərarı ilə Samir Gözəlova 30 gün müddətinə inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai iş, Təbəssüm Kərimovaya isə 400 manat cərimə tənbehləri tətbiq edilib.
Eləcə də oxuyun:
-
Müasir texnologiyalar koronavirus yaratmağa imkan verir: alim COVID-in mənşəyi haqda
-
COVID-19-dan sağalan vaksin vurdurmalıdırmı?
-
ÜST-dən SOS: "Delta" ştammı uşaqlar üçün daha təhlükəlidir!
-
İlk dəfə açıqlandı: "Pfizer", "Sinovac"dan 10 dəfə daha artıq anticisim yaradır
-
Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə
-
Azərbaycanda qeydə alınan "Delta" ştammının təhlükəsi - TƏBİB rəsmisi açıqladı