02:21 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
SƏHİYYƏ
Qısa URL
23 0 0

Havaların istiləşməsi müxtəlif xəstəlikləri olan insanlar üçün risk yaradır. Günəşdə qaralmaqdan zövq alanların yadına isə risk düşmür. Anomal istilərdə necə davranmaq lazımdır - Sputnik Azərbaycan araşdırıb.

BAKI, 27 iyun — Sputnik. Son günlər müşahidə olunan və hələ bir neçə gün də davam edəcəyinə dair anons edilən anomal hava şəraiti səhhətində müəyyən problemləri olan şəxslər üçün təhlükə yaradır.

Bəs günvurma və onun yarada biləcəyi təhlükələrdən necə qorunmaq olar və bunun üçün daha çox nələrə diqqət etməliyik, ən azı, D vitamini qəbul etmək üçün günün hansı saatlarında açıq havaya çıxmaq olar?

Həkim-terapevt Aqil Axundov Sputnik Azərbaycan-ın suallarını cavablayıb.

- Hansı saatlarda və nə qədər müddətdə Günəş şüaları qəbul etmək məsləhətlidir?

- Burada bəzi məqamlar var. Onlardan birincisi budur ki, ömür boyu ofis işində işləyənlər hər zaman qapalı mühitdə qaldıqlarından onların bədənlərində D vitamininin yaranmasında problem yaranır. Ona görə tövsiyə edirəm ki, günəşli günlərdə 15-20 dəqiqəlik müddət ərzində insanlar Günəşin düz düşən şüaları altında dayansınlar. Bunu saatla desək, 12:00-dan 16:00-dək olan müddətdə - Günəş zenitdə olduğu bir vaxtda 15-20 dəqiqəlik Günəş şüaları qəbul edilə bilər. Lakin bu zaman doza 15-20 dəqiqəni aşmamalıdır.

- Bu müddət nə üçün yetərli olur?

- Bu müddət yetərli olur ki, qəbul etdiyimiz kərə yağları birbaşa D vitamininə çevrilsin. Lakin fasiləsiz, 1 saat, saat yarımadək Günəşin şüaları altında dayanmaq günvurmaya səbəb ola bilər. Belə olanda nə baş verir? Bu zaman Günəş şüaları baş beyinə əks-təsir edir, nəticə etibarilə insanın qızdırması qalxa, ürəkbulanma, başgicəllənməsi baş verə bilər.

- Hansı xəstəliyi olan şəxslər Günəşdən qorunmalıdırlar?

- Ümumiyyətlə, xəstə adamın Günəşin altında nə işi var? Yəni, bu suala cavab olaraq hansısa xəstəliyi xüsusi vurğulamaq mənasızdır. Əgər şəxsin hansısa xroniki xəstəliyi varsa, onun xüsusi həyat rejimi olmalıdır və bundan kənar bir şey etməməlidir. Həmişə deyirlər ki, təzyiqi olan xəstələr Günəş altında durmamalıdırlar. Məgər təzyiqi olmayan xəstələr Günəşin altında dura bilərlər? Xroniki xəstəliyim var, amma dərdim-sərim yoxdur, nə etməliyəm? Gedib günü təpəmə döydürməliyəm?! Bu, tamamilə məntiqsiz bir düşüncədir.

- Bəs qaralmaq, el dili ilə desək, "zaqar" necə, faydalıdırmı?

- Qeyd edim ki, uzun müddət Günəşin altında qalmaq dəri xərçənginin inkişafına münbit şərait yaradır. "Zaqar" dediyimiz, özümüzü günə verək, qaralaq anlayışı tamamilə mənasızdır. Çimərliyə üz tutmaq istəyənlər isə ya saat 12-dək, ya da 16:00-dan sonrakı zamana üstünlük verməlidirlər.

Anomal istilər 

İyun ayında havanın temperaturunun normadan yüksək olacağı, bəzi günlər isə anomal həddə çatacağını 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirmişdi. Onun sözlərinə görə, beynəlxalq metodlara əsasən, havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtüklərinin qızması nəticəsində bəzi ərazilərdə istilik effekti daha da kəskinləşir. Bu səbəbdən də şəhərin bəzi yerlərində obyektiv temperaturun 40-42 dərəcə hiss olunması ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına görə, iyunun 27-də, yəni bu gün Bakı və Abşeronda 39, Azərbaycanın rayonlarında isə 40-43 dərəcə C isti müşahidə olunur. Qeyri-iş günü olan iyunun 28-də isə Bakıda 39, rayonlarda 42 dərəcə C isti gözlənilir. Sabah Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, suyun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28° isti olacaq.

Eləcə də oxuyun:

Əsas mövzular