Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 2 fevral — Sputnik. "Süd vəzilərim çox böyük idi. Həm də birinin ölçüsü digərindən fərqlənirdi. Düşündüm ki, əməliyyat etdirərək süd vəzilərimi kiçildim. Ona görə də Instagram-da axtardıqda Ülviyyə Ağazadə adlı həkimin əl işlərini bəyəndim. Həkimlə görüşüb sentyabr ayının 18-də əməliyyata girdim.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında süd vəzi kiçiltmə əməliyyatında həkim qurbanı olan qadınlardan biri, Mahirə Məmmədova (adı şərtidir) söyləyib.
Onun sözlərinə görə, həkim bir ay 15 gün müddətində onu iki dəfə əməliyyat edərək, döşünə qoyduğu tikişlərini söküb ki, süd vəzisinə qan işləsin. 31 yaşlı M.Məmmədova əməliyyat üçün 4100 manat pul tələb edildiyini bildirir: "Dörd aydır ki, süd vəzi əməliyyatından sonra bu əziyyəti çəkirəm. Mən o pulun çox hissəsini kredit götürmüşdüm. Bizim hay-küyümüzdən sonra xəstəxana kredit götürdüyümüz məbləği ödəsə də, süd vəzimdə yaranan problem olduğu kimi qalır. Yaxın vaxtlarda məni damar cərrahı yenidən əməliyyat edəcək. Qadınlara sizin vasitənizlə səslənmək istəyirəm ki, sosial şəbəkələrdə gördükləri hər şəklə inanıb sağlamlıqlarını təhlükə altına atmasınlar. Sən demə, adını estetik həkim qoyanların çoxu bu işdən xəbərsizdir. O şəkilləri isə müştəri cəlb etmək üçün fotoşopda hazırlayıb paylaşırlar".
Məlumat üçün bildirək ki, M. Məmmədova üş uşaq anasıdır. Məsələ ilə bağlı həkimin mövqeyini öyrənmək cəhdimiz isə uğursuz alındı. Həkimin assisenti onun əməliyyatda olduğunu, danışa bilmədiyini söylədi.
Qeyd edək ki, son vaxtlar Mahirə kimi süd vəzi kiçiltmə əməliyyatından sonra səhhətində ciddi problem yaranan, süd vəzisində çürümə qeydə alınanların sayı artır. Bu günlərdə əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estetik cərrah Könül Ağamirovanı sərt tənqid edib. Bu barədə sosial şəbəkə hesabında yazan bloqer həkimi yanlış əməliyyat etməkdə ittiham edib. O bildirib ki, Könül Ağamirova adlı həkim xəstəni 8 saat narkoz altında saxlayaraq 43 yaşlı qadını yarıcan edib: "Bədənini sanki baltalanmış halda təslim etmisiniz və deyirsiniz ki, gəl, bu dəfə yaxşısını edəcəm? Tanıdığım qadının bütün bədəni irin verib, əyilib. Kiçiltmə əməliyyatından sonra bədəni daha da böyüyüb. Amma siz bir həkim kimi məsuliyyəti üstünüzə almırsınız. Sizə necə həkim deyək? Qadın sadəcə ödədiyi məbləği geri almaq istəyirdi ki, getsin düzgün həkimə. Amma siz deyirsiniz ki, get, ver məhkəməyə. Elə bu? Bu qədər asandır insan həyatı ilə oynamaq? Deyirsiniz, biz vergi veririk, pul yoxdur, bəs qəbz haradadır? Bu xanım cəllad kimi insanı kəsir, sonra da dərdinə yaxın durmur".
Həkim bu ittihamları rədd etsə də, bu cür problemlə sosial şəbəkələrdə şikayətlənənlərin sayı günü-gündən artır.
Hüquqşunas Zülfiyyə Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər estetik əməliyyatlara artan tələbat bu cür fəsadlarla şikayətlənənlərin də sayını artırıb:
"Çox vaxt qadınlar sosial şəbəkələrdə estetik cərrahların əl işləri ilə bağlı reklam paylaşımlarının qurbanına çevrilirlər. Onlarla cərrahi əməliyyatdan öncə müqavilə bağlanmır. Bəzən isə ödənişlərinin müqabilində qəbz belə verilmir. Mən pasiyentlərə müraciət edərək xahiş edirəm ki, xüsusilə özəl klinikalarda ödəniş qəbzini tələb etsinlər. Bu, onların sağlamlığına vurulmuş ziyanın tələb edilməsi baxımından çox vacibdir.
İkinci ən vacib məqam odur ki, əməliyyatlara girməzdən öncə imzaladıqları müqaviləni oxusunlar. Müqavilə ikitərəfli olmalıdır. Amma çox təəssüf ki, müqavilədə hər iki tərəfin hüquqları nəzərə alınmır. Pasiyentlə müqavilə xəstəxananın mənafeyi qorunmaqla hazırlanır. Xəstəxananın xeyrinə hazırlanan müqaviləyə imza atan pasiyentin isə əməliyyatda fəsad yarandıqda hüququnu qorumaq çətinləşir".
Z.Bayramova deyir ki, bir neçə il öncə türk həkim Zubeir Orter Bakıda 27 yaşlı gənc xanımı süd vəzi kiçiltmə əməliyyatı etdikdən sonra gənc qızın səhhətində ciddi problem yaranıb. Süd vəzi iltihablaşdığından həkim xanımın hər iki döşünü kəsməli olub: "Haqqında danışdığım qız ailə qurmamışdı. Əcnəbi həkimin səhvi onu ana olarkən uşağına süd vermək hüququndan məhrum etdi. Həmin həkim Azərbaycana gələrək iki saat ərzində əməliyyat edərək yenidən öz ölkəsinə qayıdırdı. Özəl klinikalar öz qazanclarını güdmək məqsədilə pasiyentlərin həyatını belə təhlükəyə atırlar. Bəzən biz məhkəmələrdə əməliyyat üçün ödənilmiş pulu çətinliklə geri ala bilirik. Sağlamlığa vurulmuş ziyana görə təzminat ödənilməsi üçün iddia ilə çıxış etdikdə məlum olur ki, müqavilədə bu barədə bir kəlmə də qeyd edilməyib, hər şey müqavilədə xəstəxananın, həkimin xeyrinə yazılıb".
Plastik cərrah İnarə İsmayılova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qadınlar sinə əməliyyatlarına getməzdən öncə həkim barədə araşdırma aparmalıdırlar:
"Bəzən süd vəzinin ölçüsünü kiçiltmək və böyütmək üçün əməliyyatlar çox ucuz qiymətə təklif olunur. Qadınlar qiymət ucuz olduğundan, belə həkimlərə müraciət edirlər. Bu zaman isə müxtəlif fəsadlar yaranır. Bütün əməliyyatlarda fəsadlar qaçılmaz olsa da, həkim seçimində pasiyent diqqətli olmalıdır".
İ.İsmayılovanın sözlərinə görə, hazırda peşəkar plastik cərrahlar tərəfindən bir süd vəzinin estetik əməliyyatının qiyməti 3500-4500 manatdır. Bəzi həkimlər isə bu qiymətə iki süd vəzini əməliyyat edirlər.
Qeyd edək ki, süd vəzinin estetik əməliyyatlarının bəzən xərçəngə yol açdığı barədə də məlumatlar dolaşır.
Milli Onkologiya Mərkəzinin şöbə müdiri Samir Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süd vəzi kiçiltmə və böyütmə əməliyyatlarının, eləcə də süd vəzinə slikon yerləşdirilməsinin xərçəng riski yaratması barədə deyilənlər cəfəngiyyatdır: "Süd vəzi kiçiltmə əməliyyatı etdirən şəxslər mütləq mammoloq tərəfindən müayinə edilməlidirlər. Əgər xəstənin süd vəzisində törəmə yoxdursa, süd vəzi kiçiltmə və yaxud böyütmə əməliyyatının aparılmasında heç bir əks-göstəriş yoxdur. İşinin peşəkarı olan estetik cərrahlar mütləq süd vəzinə müdaxilə etməzdən öncə pasiyentin süd vəzini müayinə etdirirlər".