16:18 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (14)
17412

Azərbaycana gətiriləcək Çin istehsalı olan vaksin barədə xarici mətbuatda iddialar dolaşır: bildirilir ki, Sinovac peyvəndi fərqli ölkələrdə fərqli effekt verir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Dünəndən etibarən xarici mətbuat bəzi vaksinlərin başqa ölkələrdə təsir faizinin fərqli olduğu barədə məlumatlar yaymağa başlayıb. Xəbərlərə görə, Türkiyədə də istifadəsinə başlanacaq Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi koronavirus peyvəndinin Braziliyada aparılmış son mərhələ testlərdə 50,4% təsirli olduğu açıqlanıb. Marja xəbər verir ki, bu nisbət, rəsmi orqandan təsdiq almaq üçün kafi səviyyə olan 50%-dən cüzi yüksəkdir. Koronavirusun 50,4% təsirli olması epidemiyada 200 mindən çox adamın öldüyü ölkədə məyusluq yaradıb. İlk mərhələ testlərində peyvəndin 78% təsirli olduğu təyin edilmişdi.

Qeyd edək ki, Azərbaycanda da əhaliyə yaxın günlərdə məhz Çin istehsalı olan "SinoVac" peyvəndi vurulacaq. Bu peyvəndin başqa-başqa ölkələrdə fərqli təsir göstərməsi narahatlıq doğurmaya bilməz.

Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq yayılmış informasiyanın nə dərəcədə doğru olduğunu, peyvəndlərin hər ölkədə fərqli təsir göstərməsinin mümkünlüyünü və təhlükəsini araşdırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı vaksinin başqa ölkələrdə təsirinin fərqli olması barədə onlara rəsmi məlumat verilməyib. Bu səbəbdən də yayılmış məlumatın nə dərəcədə dəqiq olduğu məlum deyil.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Fanara Bünyadzadə Sputnik Azərbaycan-a bildirib ki, dünyada vaksinlərin ayrı-ayrı ölkələrdə fərqli təsir göstərdiyinə dair onlarda məlumat yoxdur. F.Bünyadzadə deyir ki, ÜST təcili istifadəyə dair lisenziyalaşdırma meyarlarını müəyyən edib və istehsalçıların müraciətlərini qəbul etməyə hazırdır: "İndiyə qədər ən azı on şirkət ÜST-ə müraciət edib və ya ilkin sənədlərini təqdim edib. Göndərilən məlumatlar yalnız 3-cü mərhələ klinik sınaq nəticələri hazır olduqda təcili istifadə lisenziyası üçün nəzərə alınacaq. ÜST yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir. Hal-hazırda 230-dan çox peyvənd inkişaf mərhələsindədir. Bunlardan ən az 60 namizəd peyvənd insan üzərində sınaqdan keçirilir. Təxminən 16 namizəd peyvənd 3-cü sınaq mərhələsindədir.

ÜST 31 dekabr tarixində "Pfizer/BioNTech" peyvəndini təcili istifadə üçün təsdiq etdi, 5 yanvar tarixində SAGE (ÜST-ün İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirdi və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırladı. Hazırda iki peyvəndin sənədlərini nəzərdən keçiririk: "Moderna" və "AstraZeneca" peyvəndləri.

Yerli tənzimləyici qurumlarla yanaşı, Avropa İttifaqının (Aİ) Dərmanlara Nəzarət Agentliyi ilə yaxından əməkdaşlıq edirik. ÜST-ün prekvalifikasiya proseduru keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdəki yerli qurumların peyvəndləri qiymətləndirmək və onlarla bağlı qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası var".

O ki qaldı peyvəndlərin hər ölkədə fərqli effekt verməsinə, infeksionistlər bunun mümkün olduğunu bildirir. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvəndlərin təsirindən danışmaq üçün müəyyən müddət gözləmək lazımdır: "Peyvəndi vuran kimi onun təsirinin necə olduğu barədə fikir söyləmək düzgün olmaz. Çünki koronavirusa görə vaksinlər vurulduqdan bir müddət sonra yenidən vurulur. Koronavirus vaksini yeni hazırlanan peyvənd olduğu üçün onun təsiri, qalıcılığı barədə dəqiq bir fikir söyləmək də mümkün deyil. Vaksinlərin hər ölkədə fərqli effekt verməsi barədə məlumatlar təsdiqlənməyib.

Amma bununla belə düşünürəm ki, vaksin ayrı-ayrı ölkələrdə fərqli təsir göstərirsə, bu, həmin peyvəndlərin saxlanma və daşınması ilə bağlı yol verilən nöqsanlardan dolayı ola bilər. Çünki bəzi vaksinlərin saxlanması elə də asan deyil. Bir ölkədən alınıb başqa ölkəyə aparıldıqda mütləq daşınmasında tələb olunan temperatura əməl edilməlidir. Məsələn, "Pfizer/BioNTech" peyvəndi mənfi 70 dərəcədə saxlanılır. Ola bilər ki, digər peyvəndlərin də saxlanması ilə bağlı müəyyən tələblər var. Buna əməl edilmədikdə vaksin o qədər də təsirli olmaya bilər. Bu, bir variantdır.

Digər variant isə koronavirusun mutasiyaya uğramasıdır. Bəzi ölkələr var ki, artıq həmin ölkələrdə koronavirusun həmin bölgə üzrə ştammı tapılır. Məsələn, Böyuk Britaniya ştammı, Yaponiya ştammı. Ona görə də koronavirusun vaksini hazırlanarkən bu amillər nəzərə alınmalıdır. Yəqin ki, vaksin hazırlayan şirkətlər vaksinin mutasiyaya uğradığını diqqətdə saxlamalıdırlar. Ola bilər ki, yeni mutasiya olan yerlərdə vaksinin təsir səviyyəsi aşağı olsun. Hər bir halda bu məlumat dəqiqləşdirilməlidir. Koronavirusa qarşı vaksinlərin ayrı-ayrı ölkələr üzrə fərqli təsiri mütləq şəkildə öyrənilməlidir".

V.Cavadzadə bildirib ki, yaxın günlərdə Azərbaycana da Çin istehsalı olan "Sinovac" şirkətinin "CoronaVac" vaksini gətiriləcək.

Məlumat üçün qeyd edək ki, bu gün dünyada bəzi vaksinlərin koronavirusun mutasiyaya uğramış növlərinə qarşı təsirli olduğu təsdiqlənib. "Pfizer/BioNTech" vaksini ilə yanaşı, Rusiyanın "Sputnik V" peyvəndinin də "COVID-19"-a və onun mutasiyaya uğramış yeni növünə qarşı təsirli olacağı deyilir. Rusiyanın Birbaşa İnvestisiya Fondunun prezidenti Kirill Dmitriyev "Sputnik V" peyvəndinin İngiltərədə ortaya çıxan yeni virus daxil olmaqla bütün koronavirus mutasiyalarına qarşı təsirli olacağını açıqlayıb. Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. Dmitriyev deyib ki, "Sputnik V" peyvəndinin əvvəlki modifikasiyalarla, S-proteinlə çox yaxşı və keyfiyyətli bir şəkildə mübarizə apardığını gördük: "Bu səbəbdən ilkin təhlillər "Sputnik V" peyvəndinin də bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir".

Koronavirus peyvəndinin virusun Britaniya ştammına qarşı təsirli olmaması hələlik təsdiqini tapmayıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç deyib: "Böyük Britaniya koronavirusun yeni ştammının daha yoluxucu olduğunu bildirib. Ancaq onun daha yoluxucu olması və ya hazırlanan peyvəndlərin ona qarşı az effektli olması ilə bağlı məlumat hələ ki, yoxdur". Onun sözlərinə görə, bu istiqamətdə araşdırmalar davam edir: “Hazırda yeni varianta əsasən, 14 mutasiya mövcuddur. Bəziləri virusun yoluxma dərəcəsinə, yəni xəstədən sağlam insana ötürülmə qabiliyyətinə və ya xəstəliyin şiddətinə təsir edə bilir”.

Azərbaycanda əhaliyə vurulacaq "Sinovac" şirkətinin "CoronaVac" vaksini ilə bağlı isə belə bir təsdiqlənmiş fikir yoxdur.

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (14)
Teqlər:
Sinovac Biotech, vaksinasiya, vaksin, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular