BAKI, 13 yanvar — Sputnik. Səhiyyə Nazirliyindəki mənbədən Sputnik Azərbaycan-a verilən məlumata görə, SARS-CoV-2 virusuna qarşı peyvəndin birinci partiyası artıq Azərbaycana daxil olub.
Mənbənin sözlərinə görə, ölkəyə gətirilən peyvənd Çin istehsalı olan SinoVac preparatıdır. O da məlum olub ki, birinci mərhələdə koronavirus əleyhinə peyvənd səhiyyə sistemində çalışanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara vurulacaq.
Qeyd edək ki, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammitində çıxış edərkən peyvənd proqramının 2021-ci ilin əvvəllərində başlayacağını, vaksinasiyanın könüllülük prinsipi əsasında və dövlət hesabına aparılacağını bildirmişdi.
Bu arada, yaxın günlərdə səhiyyə naziri Oqtay Şirəliyevin immunizasiyanın başlanması və müddəti barədə əmr imzalayacağı gözlənilir.