03:58 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (576)
9810

Bəşəriyyəti onlayna sürükləyən koronavirus pandemiyası insanları daha gözəl görünməyə vadar edir. Əksəriyyətdə bir qorxu var - işini itirmək...

BAKI, 20 dekabr — Sputnik. Koronavirus pandemiyası Rusiyada müştəri bazasını “cavanlaşdırıb”: həm qadınlar, həm kişilər daha cəlbedici görünmək istəyirlər. Bunun əsas səbəbi isə təbiətən gözəl olmaq istəyindən daha çox, işini itirmək qorxusudur.

Sankt-Peterburqdakı kosmetoloji klinikalardan birinin rəhbəri İlya Bendlin RİA Novosti ilə söhbətində bildirib ki, həm ümumilikdə üzün görünüşünün, həm də maskanın üstündən görünən hissəsinin qeydinə qalanların sayı xeyli artıb.  O bunu belə izah edib ki, “sosiallaşma son vaxtlar daha çox onlayn tədbirlərdə gerçəkləşir və bu zaman ekranda necə göründüyün çox əhəmiyyətlidir. İnsanlar kamera qarşısında necə göründüklərini izləyir və nəyi dəyişdirməyin lazım olduğunu özləri üçün yəqinləşdirirlər”.

“Çox zaman bu, şüuraltı olaraq özünü işdən qovulmaqdan, ixtisara düşməkdən qorumaq zərurətindən doğur. Yəni insanlar daha cavan əməkdaşlarla rəqabətdə uduzacaqlarını sanırlar. Xarici görünüşün, xüsusən siman sənin uğurunun göstəricisidir: uğurlu olmaq üçün də qəşəng görünmək lazımdır”, - Bendlin deyib.

Onun sözlərinə görə, işdən tutmuş əzizlərinizlə ünsiyyətədək hər şeyin onlayn olduğu bir vaxtda “ancaq sifətiniz sizin gəncliyinizi, gözəlliyinizi və enerjili olduğunuzu nümayiş etdirə bilər”.

Digər bir kosmetoloji klinikalar şəbəkəsinin rəhbəri Yuliya Franqulovanın fikrincə isə onun müştərilərinin arasında botulotoksin (botoks) iynələrinin populyarlığının artması insanların həkimə müraciətlərinin sayını və ümumiyyətlə ictimai yerlərdə olma müddətini azaltmaq istəyindən yaranır.

“Məhz botulotoksinlər bu amillərə cavab verir: mütəxəssisin yanında olma müddəti 15-30 dəqiqə çəkir, pasiyent mimik qırışların korreksiyasının bariz nəticəsini əldə edir və altı ay heç nədən narahat olmadan yaşayır”, - Franqulova deyir.

Mütəxəssis bildirir ki, botoks etdirənlərin sayı onun klinikalarında pandemiya dövründə orta hesabla 6% artıb.

“Gələn il 2019-cu illə müqayisədə bunun 10%-dək artacağını gözləyirik. Düzdür, bəziləri deyə bilərlər ki, bizim bu dəyişkən zəmanəmizdə proqnozlaşdırma elə də ağlabatan iş deyil”, - ekspert deyib.

İlya Bendlin deyir ki, pandemiya fonunda nəinki “gözəllik iynələrinə” tələbat artıb, eləcə də pasiyentlərin orta yaş həddi də azalıb: “Əgər əvvəllər 30 yaşında botoks etdirməyin tez olduğunu, bu yaşda qırışların olmadığını fikirləşirdilərsə, indi bu tendensiya da dəyişir”.

O bildirir ki, bu, ilk növbədə texnologiyaların təkmilləşdirilməsi, kompüter, telefon və planşetlərin foto və videokameralarının keyfiyyətinin yüksəlməsi ilə bağlıdır: “Nəticədə göndərilən təsvirin keyfiyyəti də dəfələrlə artır: artıq hətta 23 yaşlı pasiyentin üzündəki tük kimi nazik mimik qırışlar  aydın görünür, qalsın bir qədər yaşlılar.  Ona görə də həkim-kosmetoloqun yanına ilk dəfə gələnlər də botoks iynəsi vurdurmaq istəyirlər”.  

Kosmetoloqun sözlərinə görə, ötən illə müqayisədə onun klinikasında botoksa tələbat 20-25% artıb. Bu isə daha çox pasiyentlərin yaş qruplarının genişlənməsi sayəsində mümkün olub. O, tendensiyanın davam edəcəyini düşünür:

“Rusiyada kosmetoloji savad artır, vaxtilə bahalı aksessuarlara, bəzəyə, çantaya, geyimə, ayaqqabıya fikir verənlər indi diqqətlərini “bahalı üzlərin”ə cəmləşdirirlər və öz simalarını yalnız təcrübəli, savadlı həkim-kosmetoloqlara etibar edirlər”.

Kosmetoloqlar özləri də bacarıqlarını təkmilləşdirirlər: “Biz indi daha çox botoks iynəsi vurmağa başlamışıq, amma dozasını az edirik. Çünki təbii nəticə əldə etmək istəyirik, qırışların qəfil yox olması yaxşı görünmür”.

Həkimin sözlərinə görə, təbiilik daha çox kişi müştərilər arasında populyardır. Kişi kosmetologiyası nisbətən yeni tendensiyadır: “Onlar artıq utanmağı, qorxunu bir kənara qoyublar. Üstəlik, təbiiliyə daha çox üstünlük verir, hiperkorreksiya istəmirlər”.

Franqulovanın sözlərinə görə isə təbiilik qadınlar üçün də vacibdir. O deyir ki, müraciət edən qadınların əksəriyyəti mütəxəssis müdaxiləsinin ətrafdakılar üçün sezilməz olmasını, təbii gözəllik və cavanlığın qorunmasını istəyirlər.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (576)
Teqlər:
trend, Koronavirus, epidemiya, COVID-19, qadınlar, kişilər, gözəllik, həkim, kosmetoloq, kosmetik əməliyyat

Əsas mövzular