İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 4 fevral — Sputnik. Ötən ilin sonlarında Çinin Uhan şəhərində yayılan koronavirus bütün sahələrdə narahatlığın yaranmasına səbəb olub. Belə ki, ötən ildən bu günə qədər xəstəlikdən 361 nəfər ölüb. Hazırda 21558 yoluxma halı qeydə alınıb.
Koronavirus kosmetologiya ilə yoluxa bilərmi?
Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Səhiyyə məsələləri üzrə ekspert, hüquqşünas Vüsal Həsənovun sözlərinə görə, bu gün ölkəyə bir çox dərman preparatları, kosmetoloji dərman vasitələri və alətlərin 70-80 faizi Çindən gətirilir.
"Hətta inkişaf etmiş digər Avropa ölkələrinin brendləri altında Çində istehsal olunmuş məhsullar gizli və ya aşkar şəkildə ölkəyə gətirilir. Və bu vasitələrdən daha çox təcrübəsi, ixtisası olmayan, ancaq özlərini cəmiyyətə həkim kimi təqdim edən şəxslər istifadə edirlər", – deyə Həsənov qeyd edib.
Onun sözlərinə görə, vətəndaşlar kosmetoloqa, estetik cərraha müraciət edən zaman dövlət tərəfindən tənzimlənən sənədləri tələb etməlidirlər: "Azərbaycanda estetik sahədə həkim olmayan, ixtisaslaşmamış və ixtisası olmayan insanlar estetik sahədə fəaliyyət göstərirlər. Bu şəxslər reklam verməklə vətəndaşların diqqətini cəlb edir və bu işə asan gəlir mənbəyi kimi baxırlar. Bu sahədə nəzarət çox azdır".
Ekspertin sözlərinə görə, koronavirus təkcə insanların ünsiyyəti ilə deyil, Çindən gətirilən hər-hansı preparatla insanın bədəninə yeridilə bilər.
Buna görə də ölkəyə Çindən məhsul idxalı dayandırılmalıdır.
"Çində məhsulların hamısı dövlət nəzarəti altnda istehsal edilmir. Orada elə fabriklər var ki, Çin hökuməti özü belə həmin məhsullara zəmanət vermir. Həmin məhsullar ölkəyə gətirilir və kütləvi istifadəyə yönləndirilir. Hətta koronavirus olmasa belə, daha təhlükəli xəstəliklər yayıla bilər. Bu səbəbdən də hamı diqqətli olmalıdır", - deyə ekspert qeyd edib.
Kosmetoloq Səadət Mustafayevanın sözlərinə görə, koronavirus hava-damcı yolu ilə keçən xəstəliklər qrupuna aid olduğu üçün buna kosmetologiyada yoluxmaq mümkün deyil:
"Çünki xəstəlik qanla keçmir. Kosmetologiya bu virusu yaya bilməz. Qanla bulaşıcı xəstəlik olsaydı, bu, bütün sahələrdə yayıla bilərdi. Əgər o virusu daşıyan şəxs aramızdadırsa, demək, biz artıq yoluxmuşuq".
Kosmetoloqun sözlərinə görə, hava-damcı yolu ilə yoluxan xəstəliklər kosmetologiya və stomatologiya ilə yayıla bilməz.