03:04 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (144)
128210

Samir Cavadov: "Ölkədə mikrobioloq, infeksionist qurtardımı ki, bu sahə ilə əlaqəsi olmayan şəxslər virusdan danışır. Onlar bəzən yanlış məlumatlar da verilir".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Bu gün demək olar ki, bütün dünya COVİD-19 virusundan əziyyət çəkir. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Koronavirusdan necə qorunmalıyıq, nələrə diqqət etməliyik? Sputnik Azərbaycan-ın bu və digər suallırını Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti Samir Cavadov cavablayıb.

- Hazırda bu virusun xəstəlik yaşını cavanlaşmış hesab etmək olarmı? 

- Öncələr bu virusun 65 yaşdan yuxarı şəxslər üçün təhlükəli olduğu deyilirdi. Lakin son günlərdə yaşı 60-dan yuxarı olan şəxslər üçün də bu virusun risk yaratdığını görürük. Bundan başqa, xroniki xəstəliklər, xüsusilə ürək çatışmazlığı, ağciyər, böyrək xəstəlikləri, immun çatışmazlığı, diabetdən əziyyət çəkənlər daha da diqqətli olmalıdır.

- Ailədə bir nəfərdə varsa və bu virus gizlin olaraq işini görürsə, o zaman ailənin digər üzvləri də riskdədir, deyə bilərikmi? Yoxsa orqanizmdən asılı olaraq ailənin hansısa bir üzvinə keçməmə ehtimalı var?

- Əgər bu virus ailədə bir nəfərdə varsa, o zaman digərinə keçir. Sadəcə olaraq burada yoluxduran virusların sayının və orqanizmin ona cavab reaksiyasının, immun sisteminin hansı səviyyədə olmasının xüsusi əhəmiyyəti var. Yoluxan virus sayı azdırsa, bədənin müqaviməti varsa, bu zaman orqanizm özü xəstəliklə mübarizə aparıb onu uzaqlaşdıra bilər. Lakin immun sisteminin gücü çatmırsa, yoluxan virusun sayı da çoxdursa, o zaman xəstəlik baş verir.

İnfoqrafika: Müxtəlif ölkələrdə minlərlə sakinə düşən həkimlərin sayı
© Sputnik / Elnur Salayev

- Demək olar ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələnənlərin əksəriyyəti yoluxan şəxslərin ailə  üzvləridir?

- Əlbəttə, xəstələr onlara yoluxduran şəxsin ailə üzvləri, qohumu, ya da tanışıdır. 

- Bəs, həkimlər necə qorunur, daha dəqiq desək, özləri risk faktoru olduğu üçün ailələrini necə qoruyurlar?

- Xəstə ilə təmas olarsa, bu, həkim üçün də təhlükəli olur. Belə olan halda, həmin həkim növbədə olduğu müddətdə evə buraxılmır. Həkimlərin növbələri bitdikdən sonra isə onlar da karantinə götürülür. 14 günlük müddət bitdikdən sonra, heç bir problem aşkarlanmadıqda, bu zaman həmin həkimlər evə buraxılır. Çünki xəstəyə baxan həkimin axşam evə getməsi düzgün deyil.

- Bəs Azərbaycanda bu xəstəliklə mübarizə apara biləcək mütəxəssislər var?

- Bu, infeksion xəstəlikdir. Dünyanın heç bir ölkəsində sırf bu xəstəliklə məşğul olan mütəxəssis yoxdur. Əsasən infeksionistlər, reanimatoloqlar bu işə nəzərəti həyata keçirirlər. Qeyd edim ki, bu sahədə Azərbaycanda yetərli sayda həkim var. Bu xəstəlik digər respirator virus xəstəliklərdən fərqli olaraq, daha tez yayılır və daha ağır klinik gedişə malikdir. Bu virus koronavirusların digər növlərindən də fərqlənir. Ehtimala görə, onlar mutasiya olunmuş viruslardır.

- Sevindirici haldır ki, bütün dünyada virusa yoluxanlar arasında uşaqların sayı nəzərəçarpacaq dərəcədə azdır. Sizcə bu nə ilə bağlıdır?

- Bu virusun hər kəsə keçmə ehtimalı böyükdür. Sadəcə, xəstənin bu virusla mübarizə aparmaq qabiliyyətinin necə olması önəmlidir. Uşaqlar da bu xəstəliyə yoluxa bilər. Lakin böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Təbii ki, burada da uşağın hər hansı xroniki xəstəliyinin, immun çatışmazlığının, yaxud başqa xəstəliklərinin olmaması önəmlidir. Bundan başqa, uşaqlarda simptomlar bilinmədiyinə görə, onlar daşıyıcı olurlar və bu, daha çox təhlükəlidir. Çünki orqanizm virusla mübarizə apardığı vaxtda uşaqlar özləri də heç bir şey hiss etdirmədən xəstəliyi digərlərinə yoluxdururlar.

- Bəs, uşaqlarda sağalma, yaxud belə desək, daşıyıcılıqdan azad olma müddəti nə qədər çəkir?

- Buna sağalma deməyək. Xəstəlik baş verib və orqanizm zədələnibsə, onun bərpası sağalma adlanır. Lakin uşağın orqanizmində heç bir dəyişiklik olmayıbsa, heç bir proses pozulmayıbsa, virus daxil olduğu vaxtda blokadaya alınıbsa, bu zaman həmin şəxsi xəstə adlandırmaq olmaz. Bu səbəbdən də xəstəlikdən sağalma ifadəsini işlətmirik. Lakin həmin şəxsdə bu virusa görə daşıyıcılığın nə qədər davam etməsi daxil olan virusların sayından və orqanizmin gücündən çox asılıdır. Bu 14-21 gün arasında dəyişilə bilər.

- Azərbaycan vətəndaşlarına pandemiya dövründə nələrə diqqət yetirməsini tövsiyə edirsiniz?

Albaniyada epdimioloji vəziyyət
© AFP 2020 / Gent Shkullaku

- İlk olaraq mediadan danışım. Çünki demək olar, bütün məlumatlar media vasitəsilə ötürülür. Media nümayəndəsi xəbər xatirinə kimdən gəldi müsahibə almamalıdır. Bir də baxırsan ki, travmatoloq, uroloq, yaxud da cərrah çıxıb virusdan danışır. Ölkədə mikrobioloq, infeksionist qurtarıbmı ki, bu sahə ilə əlaqəsi olmayan şəxslər virusdan danışır? Bu, düzgün deyil. Bu səbəbdən bəzən yanlış məlumatlar da verilir. Biri çıxıb deyir, qorxmayın, digəri deyir, maska taxmaq boş şeydir. Lakin tövsiyəm odur ki, izolyasiya tədbirlərinə əməl edilsin, insanlar zərurət yaranmadığı halda çölə çıxmasın. Bəzi adamlar deyirlər ki, bu cür tədbirlər nəyə lazımdır, insanların azadlığını əllərindən almaq olmaz. Bu prosesə nəzərət və nəzarətsizliyin nəticələrini görmək üçün bir dağla, təpəni müqayisə etmək kifayətdir. Çünki vəziyyətə heç bir müdaxilə olmazsa, qabaqlayıcı tədbirlər görülməzsə, bu dağın zirvəsi kifayət qədər yüksək olar. Yəni yoluxanların sayı çoxalar. Lakin vəziyyətə müdaxilə olunarsa, bu zaman rəqəmlər də az olar, bənzətmə formasında desək, bir təpənin hündürlüyü qədər. Bir var təpə, bir də var, dağ. Bundan başqa, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri tez-tez yumaq, burun daxilinin nəm qalmasına çalışmaq, əlləri ağız və burun nahiyələrinə yaxınlaşdırmamaq lazımdır. Çünki virus əsasən selikli qişa ilə keçir. Otağın havasını tez-tez dəyişmək lazımdır. Eyni zamanda çoxlu maye qəbul etmək önəmlidir. Çünki maye virusun orqanizmdən xaric olmasına köməklik göstərir. Siqaretdən, alkaqoldan uzaq olmaq məsləhətdir. Çünki onların qəbulu zamanı hüceyrələr zədələnir və onlar öz funksiyasını itirirlər. Sosial məsafəni qorumaq lazımdır. Bu kimi tədbirlər görülərsə, o zaman xəstəliyin yayılmasının qarşısını almaq mümkün olar.

- Maskadan danışdız. Deyilənə gorə, virus gözlə də keçə bilər. Bu zaman maska hansı qoruyucu effektə malik olur, maraqlıdır?

- Düzdür, maska bizi qorumur, amma bizdən başqalarını qoruyur. Çünki heç kəs yoluxduğunu və daşıyıcı olduğunu dərhal bilmir. Bunun qarşısını almaq üçün maska taxmaq lazımdır. Virus hava ilə göz qişasından keçə bilməz. Çünki kipriyimizi tez-tez qırpırıq. Bu da bizi virusdan qoruyur. Bundan başqa, gözün selikli qişası, onun sulanması da virusun qəbuluna mane olur. Kənardan isə kimsə təzyiqlə bu virusu gözümüzə üfüləyə bilməz. Lakin gözümüzə təmas etsək, bu zaman virusu özümüz keçirmiş olarıq. 

- Virus havada uzun müddət qala bilərmi?

- Asqırma, öskürmə olduqda kiçik mikrodamlalar xaric olunur, lakin havada uzun müddət qalmır, yerə enir və günəş şüası onu tezliklə məhv edir. Lakin başqa səthlərdə qala bilir. Bu səbəbdən də gigiyena qaydalarına əməl etmək lazımdır.

- Bəs, bir həkim olaraq bu xəstəliyin nə qədər müddət davam edəcəyini proqnozlaşdırırsız?

- Bu haqda konkret bir gün, tarix açıqlamaq mümkün deyil. Xəstəliyin nə qədər müddət davam etməsi ətraf mühitdən, iqlim şəraitindən asılıdır. Hava isinərsə, quru hava şəraiti müşahidə olunarsa, düz düşən günəş şüaları buna birbaşa olaraq təsir edə bilər. Ən əsası da sosial izolyasiya tədbirlərinə əməl edilsə, xəstəlik daha tez aradan qalxar. Yox əgər buna əməl edilməsə, xəstələrin sayı zəncir kimi davamlı artsa, bu zaman xəstəlik uzun müddət hökm sürə bilər.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (144)

Əsas mövzular