Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dodaqlarda yaşayan qorxunc virus

© Flickr / babybenHerpes, arxiv şəkli
Herpes, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu virus insanın mərkəzi sinir sistemini zədələyir, ağ ciyər, gözlər, qara ciyər, bağırsaqlar, böyrəklər, daxili cinsiyyət orqanlarında xəstəliklər yaradır, xərçəngin bəzi növlərinin inkişafına təkan verir

BAKI, 26 mart — Sputnik. “Deyəsən nədənsə iyrənmişəm, dodağım uçuqlayıb”, “Qorxmuşam, dodağım uçuqlayıb”, “Mənə soyuq dəyəndə dodağım uçuqlayır”. Yəqin ki, bu sözləri tez-tez ətrafınızdakı insanlardan eşidirsiniz. Müxtəlif səbəblər gətirdiyimiz dodaq uçuqlaması isə əslində herpesin əlamətidir.

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə dərc olunmuş məlumatlarına əsasən, dünyada 3,7 mlrd. insanda herpes virusu var. Bu da dünyada yaşayan insanların 67%-ni təşkil edir.

Dermatoloq Elçin Sadıqovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, dəyişkən havada (isti günlər soyuq günlərlə növbələşdikdə və əksinə) doqaqlarda herpes səpgiləri olan insanların sayı çoxalır. İnsanların əksər hissəsi bu infeksiya haqda bixəbərdir və ya onların herpeslə bağlı yanlış məlumatları var: "Təbii ki, xəstəliyin kəskinləşməsi zamanı (dodaqlarda səpgilər olduqda) yoluxma ehtimalı artır. Lakin hətta gizli formada keçən bu infeksiya (səpgilər və s. yoxdur) bir insandan digərinə çox asanlıqla keçir. Herpes bir insandan digərinə öpüşmə, eyni qab-qacaqdan, pomadadan və s. istifadə etdikdə və cinsi yolla keçə bilər. Həmçinin, körpə doğuş yollarından keçdikdə anadan da yoluxa bilər”. 

© Photo : Şəxsi arxivindənDermatoloq Elçin Sadıqov
Dermatoloq Elçin Sadıqov - Sputnik Azərbaycan
Dermatoloq Elçin Sadıqov

Həkimin sözlərinə görə, herpesin soyuqlamanın əlaməti kimi qəbul edilməsi böyük yanlışdır: “Herpes müstəqil bir xəstəlikdir. Bu xəstəlik herpes virusu tərəfindən törədilir. Herpesin bir neçə növü var. Bu virus əsasən soyuqdəymə, bəzən isə güclü stress, yorğunluq və immunitetin istənilən səbəbə görə zəiflənməsi nəticəsində kəskinləşə bilər”.

Bəzən soyuqladıqdan sonra bədəndə, dodaqlarda səpgilər yaranır. Çox zaman bunu xəstəlik "çölə çıxır" deyə qəbul edirik. Lakin dermatoloq bu fikirdədir ki, xəstəlik insanın immunitetini zəiflədəndə herpes infeksiyası orqanizmdə "oyanır". "Əgər insan herpesə yoluxubsa, bu virus onun orqanizmində ömrünün sonuna kimi qalacaq” — deyə həkim bildirir.

Onun sözlərinə görə, herpes səpgilərini müalicə etmək üçün onları yod, "zelyonka", spirt kimi vasitələrlə yandırmaq olmaz. Çünki bu vasitələr herpesə təsir etmir. "Bu üsulla siz yalnız dərinizi yandıracaqsınız. Herpesin yüngül formalarında müalicə üçün xüsusi dərman "atsiklovir" (məlhəm şəklində) istifadə olunur. Səpgilər tez-tez əmələ gəlirsə, immun sisteminin fəaliyyətini yaxşılaşdıran, ümumilikdə orqanizmi möhkəmləndirən vasitələrdən istifadə olunur" — deyə dermatoloq bildirib. 

Bir çoxları elə hesab edir ki, herpes qorxulu virus deyil. Həkim isə herpesin çox təhlükəli virus olduğunu deyir: "Sadə herpes virusu sinir hüceyrələrinə daxil olur və burada yaşayır. Bu səbəbdən herpes infeksiyası sinir toxuması olan istənilən orqanlarda fəsadlar törədə bilər. Herpesin bir neçə növü var. Onlardan ən təhlükəlisi herpes zoster sayılır. Herpes zoster güclü ağrılara, hərarətin artmasına səbəb olur, sinirlər zədələnir və insan hətta əlil qala bilər”. 

Dodaqda uçuq - Sputnik Azərbaycan
SƏHİYYƏ
Uçuğa tez-tez yoluxanların oxuması məsləhətdir

Elçin Sadıqovun fikrincə, herpes virusu insanın mərkəzi sinir sistemini zədələyə bilər. Dağılmış skleroz kimi tanınan ağır sinir sistemi xəstəliyinin səbəblərindən biri herpes sayılır. Herpes ağ ciyər, gözlər, qara ciyər, bağırsaqlar, böyrəklər, daxili cinsiyyət orqanlarında xəstəliklərə səbəb ola bilər. Herpes hətta xərçəngin bəzi növlərinin inkişafına təkan verir. Bütün bunlar əksər hallarda insanın immun sisteminin kəskin zəifləməsi fonunda baş verə bilər. İnsanın immuniteti güclüdürsə, immun sistemi orqanizmdə yaşayan istənilən virus və mikrobların çoxalmasının qarşısını alır.

Əgər dodağınızda, burnunuzun kənarlarında və ya bədəninizin müxtəlif yerlərində səpgilər varsa, mütləq dermatoloqla məsləhətləşin. Bu səpgilər sonradan daha böyük fəsadlara yol aça bilər.

Xəbər lenti
0