19:01 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
117832

Əgər ətrafınızdakı insanlarda, yaxınlarınızda belə əlamətlər müşahidə etsəniz...

BAKI, 17 fev — Sputnik. Son zamanlar televiziyalardakı tibb proqramları, online həkim məsləhətxanaları və insanların həkim səhlənkarlığı ilə bağlı KİV-də oxuduğu xəbərlər onları həkimə getməkdən uzaqlaşdırır. İndi əksər adamlar xəstəliyinin müalicəsi üçün onlayn məsləhətxanlara və ya hazır tibbi məlumatlara üstünlük verirlər. Özündə hansısa xəstəliyin əlamətlərini müəyyən edən xəstə televiziyada, internetdə tapdığı müalicə üsulunu tətbiq edir və ya oxuduğu məlumatlar əsasında "müalicə" aparır.

Terapevt Məlahət Abbasovanın Sputnik Azərbaycan-a dediyinə görə, internetlə müalicə yolverilməzdir: "Bir çox xəstəliklərin əlamətləri eynidir. Məsələn, qripin əlamətləri ən azı 30 xəstəliyin əlaməti ilə eynidir. Yaxud, adi baş ağrısı onlarla xəstəliyin əlaməti ola bilər. Buna görə də, insan özündə nasazlıq hiss edən kimi həkimə müraciət etməlidir".

Həkim bildirir ki, insanlar tibbi proqramalara çox baxdıqları üçün bəzən hər şeyi bildiklərini düşünürlər: "Proqramlarda müxtəlif xəstəliklərin əlamətlərini öyrənən xəstələr kompüter arxasına keçərək, özlərində hiss etdikləri əlamətləri yazır və dərdlərinə çarə axtarmağa çalışırlar. Təklif olunan müalicəni qəbul edirlər. Bunun da nəticəsində çox adam həkimə gecikmiş halda müraciət edir".

"Qaraciyər ağrımayan orqandır. Qaraciyərə virus düşməyənə və o, sıradan çıxmağa başlamayana qədər ağrı hiss olunmaz. Qaraciyər xəstəliyi gizli keçən xəstəlikdir. Amma bəzən xəstələr internetdə qeyd olunan müalicəni həyata keçirir, qaraciyər tam sıradan çıxan zaman həkimə müraciət edirlər. Yaxud, internetdə qaraciyər üçün təklif olunan dərmanları qəbul edirlər. Bu, olmaz!" — həkim vurğulayır.

M. Abbasovanın sözlərinə görə, xəstəliklər kimi insan orqanizmləri də müxtəlifdir: "Yəni hər kəs bir xəstəliyi eyni şəkildə keçirmir və yaxud bir dərman hər kəsə eyni təsiri göstərə bilməz. Amma həkim xəstəni müayinə edən zaman az-çox onun orqanizminə bələd olur və ona hansı dərmanı yazacağına qərar verir. Xəstə elə düşünür ki, digər həkimlər onu aldadır və o, internetdə özünə uyğun müalicəni tapacaq. Amma internetlə müalicə mümkün deyil. Çünki bəzən elə olur ki, xəstəliyinə çarə axtaran şəxs heç xəstə olmur. Sadəcə psixoloji vəziyyəti ilə əlaqədar xəstə olduğunu düşünür. Məsələn, uzun zaman TV-də tibbi proqramlar izləyən şəxslər, həkimlər hər hansı xəstəliyin əlamətlərini saydıqca, özlərində həmin əlamətləri "tapmağa" başlayırlar. Əslində isə bioloji cəhətdən həmin adamlar tam sağlam olurlar".

"İnternetdə oxunaraq qəbul edilən hər bir dərman orqanizmə müxtəlif zərərlər verir. Məsələn, mədə üçün faydalı olan dərman qarciyərə, arıqlamaq üçün olan dərman qana zərər verə bilər. Buna görə də, həkim müayinəsi olmadan müalicə qəbul etmək olmaz" — Abbasova əlavə edir.

Psixoloq Rafiq Allahverdiyev də onlayn məsləhətxanalardan istifadə edənləri diqqətli olmağa çağırır. Müsahibimiz bildirir ki, bir çox insanlarda, psixologiyada "xəstəlik xəstəliyi anlayışı" adlandırılan hipokondriya (xəstə olduğuna inanmaq — red.) özünü göstərə bilər.

"Yəni, insan xəstə olduğunu düşünərək lazımsız yerə müxtəlif dərmanlardan qəbul edə bilər. Hipokondriya xəstəlik xəstəliyi deməkdir. Bu xəstəliyə yoluxmuş insanlar hər zaman ciddi bir xəstəliyə yoluxduğunu düşünür, buna görə qorxu keçirirlər. Bəzən bu xəstələr həkimə müxtəlif şikayətlərlə müraciət edir, ancaq düşündükləri kimi müalicə edilmədikləri üçün onlayn məsləhətxanalara üz tuturlar. Nəticə isə heç də ürəkaçan olmur" — R. Allahverdiyev qeyd edir.

Psixoloq hipokondriya xəstəliyindən, əsasən 25-40 yaş arası şəxslərin əziyyət çəkdiklərini deyir: "Adətən, yaxın şəxslərdən birinin ağır xəstəlikdən dünyasını dəyişməsi, yaxınlarından birinin ağır xəstəlik keçirməsi, maddi sıxıntılar, ağır ailə yükü və s. bu kimi problemlər insanlarda xəstəlik xəstəliyinin yaranmasına səbəb olur. Xəstəlik xəstəliyindən əziyyət çəkənlər bütün gün tibbi proqramlara, xəbərlərə meylli olur, tez-tez nəbzlərini yoxlayır, bədənlərini müxtəlif yerlərinə basaraq ağrıyıb ağrımadığını müəyyən etməyə çalışırlar".

"Buna görə də, əgər ətrafınızdakı insanlarda, yaxınlarınızda belə əlamətlər müşahidə etsəniz, onlara daha çox diqqət ayırın. Çünki bu insanlar onlayn müalicələrə, məsləhətlərə meylli olurlar. İnternet vasitəsilə müalicə və məsləhətlər isə çox zaman reklam xarakteri daşıyır və ya həvəskarlar tərəfindən hazırlanır. Bu da yalnış müalicəyə gətirib çıxara bilər. İnsanda heç bir xəstəlik yoxdursa, müxtəlif dərman qəbulu xəstəliyin yaranmasına səbəb olacaq" — ekspert bildirir.

O, hesab edir ki, onlayn müalicədən istifadə edən şəxslər sonradan həkimə müraciət edəndə gec olur: "Bu da xəstələrin həyatını itirməsinə və ya daha ağır xəstəliklərə yoluxmasına gətirib çıxarır. Əgər bir insanın başı ağrıyırsa və bu ağrı uzun müddət davam edirsə, onlayn müalicə əvəzinə həkim müayinəsindən keçməlidir. Bəsit hesab etdiyiniz baş ağrısı hansısa ağır xəstəliyin əlaməti ola bilər".

Əlaqədar

Azərbaycanda xərçəng xəstələri ilə bağlı qorxulu rəqəmlər
Xəstəni narazı salan həkimin maaşı kəsiləcək
Azərbaycanda 3 minə yaxın xəstə o günü gözləyir
400-ə yaxın xəstəliyin siqnalı - onu nəzarətsiz buraxmayın
21-ci əsrin xəstəliyi: onlar illüziya ilə reallığı ayıra bilmirlər
Teqlər:
hipokondriya, Rafiq Allahverdiyev, Məlahət Abbasova, onlayn, məsləhət, müalicə, xəstə, həkim, psixoloq, televiziya, xəstəlik

Əsas mövzular