Son bir neçə gün ərzində İsrail ərazisinə Qəzza zolağından 1600-dən çox raket atılıb. Bunlardan 400-ü anklavın içinə düşüb. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Yonatan Konrikus ənənəvi mətbuat konfransında bəyan edib.
O vurğulayıb ki, "Dəmir gümbəz" RƏM sisteminin effektivliyi əvvəlkitək 90% təşkil edib.
Bəllidir ki, Konrikus bu cür rəqəmləri heç də şişirtmir. İsraildə və Qəzza zolağında həlak olanların sayını müqayisə edərkən bunu aşkar görmək olur.
Fələstin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya cavab zərbələrindən sonra mayın 10-dan bəri 83 nəfər ölüb, 388 nəfər yaralanıb. İsrail tərəfi isə altı mülki vətəndaşının və bir hərbçisinin həlak olduğunu qeyd edib.
İsraildə nə baş verir?
İsraillə Qəzza zolağındakı sərhəddə vəziyyət bazar ertəsi gərginləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur.
İsrail isə öz növbəsində Fələstinin HƏMAS və “İslami cihad” qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib.
Açıq mənbələrin məlumatına görə, hazırda İsrail ordusu Qəzzada quru əməliyyatlarının keçirilməsinə hazırlaşır.
"Dəmir gümbəz" nədir?
"Dəmir gümbəz" – raket əleyhinə taktiki müdafiə sistemidir, idarəolunmayan, 4-70 km mənzilli raketlərdən müdafiə üçün nəzərdə tutulub. Hər bir batareya 150 kvadrat kilometr sahəni müdafiə edə bilir. Ancaq bəzi mənbələrə görə, İsrail bu sahəni 250 kilometrədək böyüdə bilər.
Sistemi hazırlayan İsrailin “Rafael” şirkətindən həmçinin bildirirlər ki, "Dəmir gümbəz" 10 km hündürlükdəki təyyarələri də vura bilər.
2014-cü ilin məlumatlarına görə, İsrailin bütün ərazisi boyunca cəmi 9 batareya döyüş növbəsi aparıb. Ancaq İsrailin Müdafiə Nazirliyi ölkənin qorunması üçün 10-15 batareyanın vacib olduğunu bildirir.
Azərbaycan səması da qorunurmu
İsrail "Dəmir gümbəz"i 2005-ci ildə ordunun sərəncamına verib. Eləcə də açıq mənbələrə görə, bu RƏM sistemləri Sinqapur və Azərbaycan ordularında da var.
Azərbaycan 2016-cı ildə İsrailin RƏM sistemini almaq barədə razılaşma əldə edib. Bəzi məlumatlara görə, bizdə iki belə batareya var.
Ancaq 2016-cı ildə, Azərbaycanın o vaxtkı müdafiə sənayesi naziri Yavər Camalov İsraillə "Dəmir gümbəz" RƏM sisteminin tədarükü barədə müqavilənin imzalandığını təsdiq edəndən sonra Amerikanın Stratfor analitik mərkəzi iddia edirdi ki, “Bakı və Tel-Əviv beş milyard dollarlıq müqavilə imzalayıblar, bu isə Azərbaycana yeddi batareya əldə etməyə imkan verir”.
Bu məlumat hələ də rəsmi təsdiqini tapmayıb.
Elə həmin vaxtlarda müxtəlif hərbi ekspertlər və analitiklər iddia edirdilər ki, Azərbaycan "Dəmir gümbəz"i paytaxtın, eləcə də ölkənin ikinci böyük şəhəri Gəncənin, həmçinin Mingəçevir HES və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxınlığında yerləşdirməyi planlaşdırır.
Üstəlik, 2016-cı il Aprel hadisələrindən sonra erməni tərəfi dəfələrlə Mingəçevirdəki obyektləri və BTC-ni raket zərbələri ilə vuracağı barədə dəfələrlə hədə-qorxu gəlmişdi.
Müharibə nə göstərdi
Nəticədə, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı erməni tərəfi sözdən işə keçdi.
2020-ci il oktyabrın 6-da Ermənistan SQ tərəfindən buraxılan raket Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 10 metrliyinə düşdü. Oktyabrın 11-də isə Azərbaycanın HHM-ləri Mingəçevir SES tərəfə uçan raketləri zərərsizləşdirdi.
Bakıya doğru yönələn daha bir raket Xızı üzərində vuruldu, onun məqsədi isə Bakı-Novorossiysk neft kəməri imiş. S-300 raketinin qalıqları strateji obyektdən 250 m aralıya düşdü.
Gəncəni qorumaq isə təəssüf ki, alınmadı. Oktyabrın 4-dən etibarən bir neçə dəfə şəhər intensiv raket və artilleriya atəşinə tutuldu. Ən faciəli nəticələr oktyabrın 11-i və 17-də oldu.
Ermənistan SQ-nin oktyabrın 11-i gecə saat 2-də gerçəkləşdirdiyi raket hücumu nəticəsində on dinc sakin həlak oldu, otuz dörd nəfər yaralandı. Ondan çox mənzil və yüzlərlə müxtəlif obyekt dağıldı.
Oktyabrın 17-dəki İkinci raket zərbəsi 14 dinc sakinin, o cümlədən 4 körpənin həyatını itirməsinə səbəb oldu. Daha 48 nəfər xəstəxanaya yerləşdirildi. Xeyli sayda mülki infrastruktur obyektləri və avtonəqliyyat vasitəsi ciddi ziyan gördü.
“Dəmir gümbəz”in Bakı, Mingəçevir SES və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsində istifadə olunması barədə rəsmi məlumat yoxdur. Üstəlik, Azərbaycan ordusunun sərəncamında İsrail istehsalı olan “Barak-8” HHM/RƏM yerüstü kompleksi var, o, geniş spektrli hava təhlükələrinin: uçuş aparatları, qanadlı raketlıər, “yer-yer” tipli raketlərin eyni zamanda aşkarlanması və məhvi üçün nəzərdə tutulub.
İsraildə baş verən hadisələri nəzərə aldıqda Azərbaycan vətəndaşları Yaxın Şərqdə effektivliyini sübut etmiş “Dəmir gümbəz”in onların başı üzərindəki səmanı da qoruduğu fikri ilə təsəlli tapır. Ölkəmizdə İsraildə olanları diqqətlə izləyir və inanırlar ki, münaqişə tezliklə həll olunacaq.
Eləcə də oxuyun:
* İsrail və Qəzza raket və aviazərbələrdən sonra - FOTOLAR
* İsrail ordusu quruda əməliyyatlara başlayır
* Təl-Əviv qan içindədir: Radikalların atdığı raketlərdən biri avtobusu partladıb
* İlham Əliyev "İskəndər"lə bağlı Moskvadan məktub barədə: "Tam cavab deyil"
* Qüdsdə qarışıqlıq: qarşıdurmalara yanğın də əlavə oldu - VİDEO