06:15 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (32)
3210

Neftin qiyməti COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıtmasa, ABŞ-ın şist sənayesi çökə bilər.

BAKI, 18 iyun — Sputnik, Natalya Dembinskaya. ABŞ neft hasilatının rekord dərəcədə düşməsinin astanasındadır. Qaz və neft qazma qurğularının sayı minimuma enib, istehsal durmadan azalır. Şirkətlər kütləvi şəkildə müflisləşir və işi dayandırır. İyunda daha bir böyük şist hasilatçısı – "Extraction Oil & Gas" şirkəti neft qiymətlərinin çökməsinin qurbanı olub. Proqnozlara görə, yalnız bu il yüzlərlə şirkət müflisləşəcək. Analitiklər neftin qiymətinin böhrandan əvvəlki səviyyəyə qayıtmayacağı təqdirdə şist sənayesinin iflasını gözləyirlər.

Hasilatın düşməsi

2019-cu ildə amerikalılar neft hasilatı üzrə lider olaraq Rusiya və Səudiyyə Ərəbistanını qabaqlayıblar – şist nefti kömək edib. 70 il ərzində ilk dəfə olaraq ABŞ qara qızılın xalis ixracatçısına çevrilib.

"Neft sənayesi sürprizlər təqdim etməyə qadirdir – şist inqilabı neftin qiymətlərini, istehsalını və ticarət axınlarını təpədən-dırnağadək dəyişib", - sabiq Prezident Corc Buşun energetika üzrə müşaviri və "Rapidan Energy" konsaltinq şirkətinin rəhbəri Bob Maknelli bildirib.

Problemlərin 2021-ci ildə yaranacağı güman edilirdi, lakin koronavirus pandemiyası ortaya çıxdı. Enerji daşıyıcılarına tələbat azaldı, neft kotirovkaları düşdü. Zərər ilk növbədə borc içində olan və kəskin investisiya çatışmazlığından əziyyət çəkən şist hasilatçılarına dəydi. Məhz onlar Rusiya ilə Səudiyyə Ərəbistanı arasında qiymət müharibəsinin əsas qurbanı oldu.

Vaşinqtonda isə hesab edirlər ki, məhz Moskva bazarı çökdürüb – amerikalı istehsalçıları sıxışdırıb çıxarmaq üçün.

ABŞ-da istehsal bir neçə aydır ki azalır və sutkada 13,1 milyon bareldən 11,1 milyon barelə düşüb. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) iyun hesabatı daha da azalmanın olacağını proqnozlaşdırır.

EIA-nın hesabatında deyilir ki, ilin sonuna qədər dünya üzrə neft tədarükünün azaldılmasına məhz ABŞ ən böyük töhfəni verəcək.

Müflisləşmə dalğası

"Haynes & Boone" şirkətinin məlumatına görə, yanvar ayından etibarən ümumi borcu 25,2 milyard dollar olan 36 neft-qaz şirkəti müflisləşmə prosedurunu başlayıb. Onların arasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", həmçinin "California Resources" və şist sənayesinin pioneri "Chesapeake Enеrgy" var.

"Bloomberg" qeyd edir: "Pik dövrlərdə "Chesapeake Enеrgy" şirkəti Amerika qazını "Exxon"dan başqa hər kəsdən çox nəql edirdi, onun bazar dəyəri isə 38 milyard dollara çatırdı. "Chesapeake Enеrgy"nin yaratdığı şist hasilatı modeli indi dağılır".

İyunda başqa bir böyük şist istehsalçısı - "Extraction Oil & Gas" borc faizlərini vaxtında ödəyə bilməyib və iflas proseduruna başlamaq üçün məhkəməyə müraciət edib.

"Bütün mümkün variantları təhlil edərək, biz qərara gəldik ki, 11-ci maddəyə uyğun olaraq əsas kreditorlarımızın dəstəyi ilə könüllü müflisləşməni başlamaq vəziyyətdən ən yaxşı çıxış yoludur", - şirkətin rəhbəri Met Ouens bildirib.

"Financial Times" qeyd edir ki, pul axınının azalması və bankların kredit xətlərini ixtisar etməsi "Extraction Oil & Gas" şirkətinin mövqeyini əhəmiyyətli dərəcədə pisləşdirib. May ayında sərmayəçiləri fəaliyyətin dayandırıla biləcəyi barədə xəbərdarlıq ediblər.

"Rystad Energy" analitiklərinin proqnozuna görə, bu il təxminən 140 Amerika neft-qaz şirkəti müflisləşdiyini elan edəcək. ABŞ-da şist hasilatı gündə beş milyon bareldən aşağı düşə bilər.

"ShaleProfile Analytics" proqnozlaşdırır ki, nəticədə ABŞ şist sənayesinin üçdə birini itirəcək. Onlar pandemiyanın yaratdığı aşağı tələbat şəraitində əvvəlki istehsal həcminə qayıda bilməyəcəklər.

"Yəqin ki, illər keçəcək və onlar yenidən eyni səviyyəyə qayıdacaqlar – amma əgər bu, nə vaxtsa baş versə", – "The Wall Street Journal" qəzeti bildirir.

Dallas Federal Ehtiyat Bankının (FRB) araşdırmasına görə, rentabellik üçün neftin bir barelinin orta hesabla qiyməti 49 dollar olmalıdır. FRB-nin proqnozlarına görə, 40 dollar qiyməti ilə il ərzində istehsalçıların yalnız 15 faizi biznesdə qalacaq.

Şistçiləri xilas edə biləcək bahalaşma isə ümumiyyətlə gözlənilmir. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozlarına görə, "Brent" neftinin orta qiyməti 2020-ci ildə 34,13 dollar və 2021-ci ildə isə 45,62 dollar təşkil edəcək. "WTI" isə bu il 30,10 dollara və gələn il 43,31 dollara satılacaq.

Avstraliyanın "İqtisadiyyat və Sülh İnstitutu" analitik mərkəzi isə xəbərdarlıq edib ki, neftin qiyməti COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıtmasa, ABŞ-ın şist sənayesi çökə bilər.

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (32)

Əlaqədar

Amerika şirkətləri neft hasilatının azaldılmasına qarşı çıxır. Səbəb nədir?
"Barelə görə min dollar": ABŞ-ın planı neft bazarını şoka salır
Neft bəlkə qalxdı – Çində uçuşlar 60 faiz bərpa olunur
ABŞ öz neftindən məhrum ola bilər
Yeni təhlükə: neft müharibəsindən sonra qaz müharibəsi gələ bilər

Əsas mövzular