05:07 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
Sərnişin avtobusları

Şirkətlər gediş haqlarının hələ də aşağı olduğunu düşünür, vətəndaşlar isə artacağını

© Foto: BNA
TƏHLİL
Qısa URL
1892221

Tarif Şurası qiymətləri qaldırdı: Bu, xidmətin və infrastrukturun keyfiyyətini yüksəldəcəkmi?

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Tariflərin qaldırılması sərnişindaşıma parkının yenilənməsi və xidmətin səviyyəsinin yüksəldilməsi zərurətini yaradır. Bunu Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindəki (BNA) mənbə Tarif Şurasının avtobuslarda və metroda gediş haqlarının artırılması ilə bağlı avqustun 1-dən qüvvəyə minən qərarını şərh edərkən deyib.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma tariflərinə dəyişiklik Tarif Şurasının 30 iyul tarixli iclasında edilib. Bu dəyişiklilərə əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Bununla yanaşı, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, metroda gedişhaqqı 2011-ci ildən indiyə qədər ilk dəfədir ki, artırılıb. Onun sözlərinə görə, hazırda metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir.

B.Məmmədovun sözlərinə görə, bu qiymətə yalnız istismar xərcləri daxildir: "Metro tikintisi – stansiyaların, tunellərin tikintisi, xətlərin inşası. Bura yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri, bunların heç biri 47 qəpiyə daxil deyil".

Bundan çıxış edərək qeyd etmək laızmdır ki, Bakı metrosunun xərcləri gəlirlərini iki dəfə üstələyir. Tariflər 0,3 manat məbləğində qəbul olunsa belə, bu, yenə də metroya xərclənən vəsaitin əvəzini ödəmir.

2017-ci ildə Bakı metropolitenindən 212 milyon sərnişin istifadə edilib. Paytaxtda gündəlik olaraq yeraltı nəqliyyatdan, təqribən 600 min nəfər istifadə edir.

Hazırda Bakıda 149 marşrut üzrə 2168 sərnişindaşıma avtobusu fəaliyyət göstərir. Onlardan 12-si "Xalıq Faiqoğlu" ASC-yə məxsusdur. Bu şirkətin mətbuat katibi Nizam Rzayevin sözlərinə görə, iki il ərzində Azərbaycanda iki dəfə devalvasiyanın baş verməsi nəqliyyat sahəsində də xərclərin artmasına səbəb olub. Ehtiyat hissələrinin və xarici məsləhətçilərin xidmətlərinin bahalaşması şirkətə böyük məbləğlərə başa gəlir.

Buna baxmayaraq, nümunəvi sərnişindaşıma xidməti göstərən bu şirkətin avtoparkı tamamilə yenilənib. "Xalıq Faiqoğlu" avtobusları, əsasən Bakının mərkəzində işləyir.

Bütün bunların fonunda uzun illərdir Bakıda sərnişindaşıma xidmətinin qiyməti 20 qəpik olaraq qalıb. Bununla yanaşı, şirkət 174 şəhər marşrut avtobuslarını idarə edən 350-dək sürücüyə əməkhaqqı verir. Yeri gəlmişkən, bu özəl sərnişindaşıma xidməti sürücülərə 700 manatdan başlayan əməkhaqqı verməsi ilə də öyünür.

Paytaxtın ən nəhəng nəqliyyat strukturu olan "Bakubus" isə sərnişindaşımaya görə mövcud olan 20 qəpiklik tarif nəticəsində 2017-ci ildə şirkətin zərərinin həcmini açıqlamaqdan imtina edib. Bu yaxınlarda Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli öz müsahibələrinin birində "Bakubus"-ı sosial layihə adlandırıb. Ola bilsin, şirkət bundan sonra gəlir əldə etməyə başlayacaq.

Artıq qeyd etdiyimiz kimi, nəqliyyatda gedişhaqqı tariflərinin artırılması təkcə Bakıda deyil, paytaxtdan kənarda da baş verib. Müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik tarif müəyyən edilib.

Bu minvalla, avqustun 1-dən etibarən rayonlara olan marşrut avtobuslarında da qiymət rəsmən bahalaşıb. Odur ki, bütün bu illər ərzində regionlara getmək üçün tələb olunan qanunsuz yüksək gediş haqları artıq qanuniləşmiş oldu.

Lakin rayonlara gedən marşrut avtobuslarından tez-tez istifadə edən sərnişinlər, sərnişindaşıma xidmətlərinin Tarif Şurasının son qərarından ilhamlanaraq yenidən gedişhaqlarını qaldıracağından narahatdır. Misal üçün, əvvəllər Qusar rayonuna biletin rəsmi qiyməti 2 manat 60 qəpik olsa da, sürücülər sərnişinlərdən 4 manat tələb edirdi. İndi isə 4 manatdan azca yuxarı olan tarifin əvəzində sərnişinlərdən daha artıq vəsait ödəmək tələb olunacaq.

Bununla əlaqədar olaraq bu yaxınlardan Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (012) 566 52 58 nömrəli "qaynar xətt" fəaliyyətə başlayıb.

Əlaqədar

Qonşu ölkədə pensiyaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər
İctimai nəqliyyatda gediş haqlarının artırılmasına sərt reaksiya
İctimai nəqliyyatda daha bir dəyişiklik edildi
Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi
Teqlər:
gediş haqları, sərnişin, Bakı Nəqliyyat Agentliyi, Tarif Şurası, tarif, qiymət

Əsas mövzular