14:53 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
Tarixdə Bu Gün
Qısa URL
4820

Üzümüzə yeni il gəlir. Yeni problemləri və çağırışları ilə. Qalib dövlətin qalib milləti kimi bir olaraq onları da aşacağıq

BAKI, 31 dekabr - Sputnik. Təqvim ilinin sonuna gəldik. Maraqlı, həyəcanlı, kədərli, sevincli hadisələr bir-birini qova-qova 2020-nin tarixini yazdı. 

Azərbaycan da tarix yazdı, sözünü dedi, üstünə də qalib dövlət möhürünü vurdu. Torpaqlarını 30 illik əsarətdən qurtardı. Qan, can bahasına. Bir də birliyimiz sayəsində. Bu il sübut etdik ki, fərqli dünyagörüşlərinə malik olsaq da, söhbət Vətəndən gedərsə, bir olmağı bacarırıq. 

Bugünkü bayramın haqqını verdik yəni. 

Otuz bir il əvvəl bir təşəbbüslə başladı - Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsinin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini ifadə edərək Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqda qərar qəbul etdi. Bunun məntiqi davamı olaraq, "Sərhəd hərəkatı" adlı siyasi aksiyalar həyata keçirildi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Bu münasibətlə 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvanda geniş qeyd edildi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. O vaxtdan etibarən 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur.

Üzümüzə yeni il gəlir. Yeni problemləri və çağırışları ilə. Qalib dövlətin qalib milləti kimi bir olaraq onları da aşacağıq. 

Həmrəyliyimiz mübarək! Yeni ilimiz mübarək! Ocağımız gur yansın, sevgimiz bol, xoşbəxtliyimiz daimi olsun!

Teqlər:
Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Əsas mövzular